28 Aprel 2017 20:13
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci ildə IX-cu sinif buraxılış imtahanları zamanı ana dili və riyaziyyat fəndən müvəffəq qiymət alanlar 50,27 % olduğu halda, 2016-cı ildə bu rəqəm 67,22 %-ə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2016-cı ilin hesabatında məlumat verilib.

Hesabatda qeyd edilib ki, imtahan nəticələri son 4 ildə 17% yaxşılaşıb: “Hər il orta hesabla 4% artım müşahidə olunub. Ötən ildə ana dili fənni üzrə nəticələr 2015-ci ilə nisbətən 6%, riyaziyyat fənni üzrə isə 4% qalxıb.

Ümumiyyətlə, nəticələr hər il yüksələn tendensiya ilə davam edib. 2013-cü ildən etibarən ana dili fənni üzrə nəticələr 15%, riyaziyyat fənni üzrə isə 8% artmaqdadır”.

Məlumatda bildirilib ki, 2016-cı il buraxılış imtahanlarında “kafi”, “yaxşı” və “əla” qiymət alanların sayı “qeyri-kafi” qiymət alanların sayından ana dili fənni üzrə 4 dəfə, riyaziyyat fənni üzrə isə 3 dəfə çox olub: “Bu o deməkdir ki, şagirdlərin ən azı dörddə üçü ana dili fənnini, üçdə ikisi isə riyaziyyat fənnini mənimsəyib. Bundan başqa, şagirdlərin 30%-dən çoxu hər iki fəndən “yaxşı” və “əla” qiymətlər alıblar.

Ötən il IX sinif buraxılış imtahanlarında hər iki fəndən (ana dili və riyaziyyat) müvəffəq qiymət alanların sayı 67,22% təşkil edib. Hər iki fəndən “5” alan şagirdlərin sayı isə 9,2% olub. 2015-ci ildə isə bu rəqəm 7,0 % təşkil edib.

Ötən il XI sinif buraxılış imtahanlarında ana dili, riyaziyyat və ingilis dili fənlərindən müvəffəq qiymət alanların çəkisi 2015-ci ilə nisbətən 2% artaraq 65% olub. Yəni hər 3 şagirddən 2-si hər üç fənni kifayət qədər mənimsəyib”.

Hesabat dövründə XI sinif buraxılış imtahanında hər bir fənn üzrə qiymətlərin çəkisinin təhlili göstərir ki, ana dili və riyaziyyat fənnindən, demək olar ki, şagirdlərin yarısı “yaxşı” və ya “əla” qiymətlər alıb: “Qeyri- kafi qiymət alanların sayı isə hər iki fənn üçün 20%-dən aşağıdır, yəni hər beş şagirddən dördü imtahanı uğurlu verib, hər iki şagirddən biri isə 4 və ya 5 qiymət alıb. Xarici dil fənni üzrə də 4 və ya 5 alanların ümumi sayı digərlərinin sayından çox olub. “Əla” və ya “yaxşı” qiymət alanlar 405, “kafi” qiymət alanlar 36%, qeyri-kafi qiymət alanlar isə cəmi 24% təşkil edib”.

İlhamə ƏBÜLFƏT


Müəllif: İlhamə Əbülfət