29 Aprel 2017 15:32
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda IV İslam Həmrəyliyi Oyunlarında gimnastika növləri üzrə yarışların püşkatma mərasimi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin nümayəndələrinin, baş məşqçilərin, habelə mətbuat təmsilçilərinin iştirakı ilə keçirilən püşkatma mərasimini Federasiyanın baş katibi Fərid Qayıbov idarə edib.

İdman gimnastika yarışları mayın 13-də başlanacaq və üç gün davam edəcək.

Kişilər arasında idman gimnastikasının ixtisas raundunda püşkatma nəticəsində idmançıların şəxsi birinciliklərdə və komanda birinciliklərində çıxışlarının ardıcıllığı müəyyən edilib. 13 ölkədən 29 idmançı iştirak edəcəyi bu yarışlarda Azərbaycan komandası Özbəkistan, Əfqanıstan və İndoneziya nümayəndələri ilə bərabər birinci yarımqrupda çıxış edəcək. Burada əvvəlcə halqa ilə hərəkətlər icra olunacaq.

Ən yaxşı nəticə göstərən 8 gimnast finalda proqramın 6 növündə çıxış edəcək: sərbəst hərəkətlər, gimnastika atı, halqa, paralel tirlər, köndələn tir üzərində hərəkətlər və təkanla tullanma.

Qadınlar arasında idman gimnastikasının ixtisas raundunda 4 ölkədən 11 gimnast çıxış edəcək. Azərbaycan nümayəndələri əvvəlcə təkanla tullanma hərəkətləri icra edəcəklər.
Ən yaxşı nəticə göstərən 8 gimnast finalda proqramın 4 növündə çıxış edəcək: sərbəst hərəkətlər, tir, müxtəlif hündürlüklü paralel tirlər üzərində hərəkətlər və təkanla tullanma.

Bu yarışlarda cəmi 14 mükafat dəsti uğrunda mübarizə gedəcək.
Mayın 12-dən 14-dək keçiriləcək bədii gimnastika yarışlarında 5 mükafat dəsti uğrunda mübarizə gedəcək.

Fərdi yarışlarda 8 ölkədən 16 qadın gimnast iştirak edəcək. Azərbaycan komandasının lideri Marina Durundanın çıxış nömrəsi 16-dır. O, top ilə hərəkətlər nümayiş etdirəcək. Çıxış nömrəsi 15 olan Jalə Piriyeva halqa ilə, çıxış nömrəsi 4 olan Zöhrə Ağamirova isə top ilə hərəkətlər göstərəcək. İlkin mərhələnin yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş 8 qadın gimnast finalda medallar uğrunda mübarizə aparmaq hüququ qazanacaq. Finalçılar növbə ilə proqramın 4 növündə çıxış edəcəklər: halqa ilə, top ilə, gürz və lent ilə hərəkətlər.

Qeyd edək ki, püşkatmanın nəticələri ən yaxın müddətdə FIG tərəfindən təsdiq edilməlidir.

Nərgiz


Müəllif: