18 May 15:44
209

“Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər və fəaliyyətlə bağlı sənədin qəbul edilməsinə çalışacağıq”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

“Sammitdən Azərbaycanın gözləntiləri nədir” sualını cavablandıran nazir müavini bildirib ki, zirvə görüşü çərçivəsində hansısa sənədin imzalanması yaxşı hadisə olardı: "Bizim üçün Riqa sammitinin təkrarlanmaması vacibdir. Həmin sammitdə çox pis vəziyyət yaranmışdı. “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrdən 4-ü münaqişələrdən əziyyət çəkir. Riqada 3 ölkəyə lazımi dəstək verdilər. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqaişəsi ilə bağlı fərqli mövqe tutuldu. Biz bu davranışı tənqid etdik və öz mövqeyimizi ayrıca sənəd kimi yazıb onlara verdik”.

Azərbaycan XİN başçısının müavini vurğulayıb ki, münaqişələrə eyni yanaşma olmalıdır: “Neçə olur ki onlar Ukraynanı dəstəkləyirlər və deyirlər ki, münaqişə bu prinsip və normalar əsasında həll olunmalıdır, amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə bir mövqe tutmurlar? Belə yanaşma Azərbaycanın əziyyət çəkdiyi münaqişəyə də şamil edilməlidir. Bu bizim üçün ciddi məsələdir, ikili standartlar olmamalıdır”.
M.Məmmədquliyev qeyd edib ki, rəsmi Bakının Brüssel sammitdən gözləntisi münaqişədən əziyyət çəkən 4 ölkəyə eyni yanaşmanın ortaya qoyulmasıdır: “Ukraynanı dəstəkləyirlər, hörmətlə yanaşırlar və hesab edirlər ki, münaqişə bu prinsiplər əsasında həll edilməlidir. İndiyə qədər onlar Azərbaycana bunu demirdilər, Onlar deyirlər ki, ATƏT-in Minsk qrupu var, qoy gedib işləsin, nəyə nail olsalar biz də onu dəstəkləyərik”.

XİN başçısının müavini deyib ki, “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərlə bağlı sənədin qəbul olunması vacibdir: “Məsələn, Ukrayna məsələsində Krıma qeyri-qanuni səfərlər edilməməsi, iqtisadi-ticarət fəaliyyəti aparılmaması ilə bağlı sənəd qəbul edildi. Azərbaycan tərəfinin isə bir neçə dəfə bu məsələni qaldırmasına baxmayaraq hələlik heç bir nəticə yoxdur. Hazırda belə bir sənədin qəbul olunması üçün bir çox ölkələrlə işləyirik. Ancaq hər şey Avropa İttifaqından asılıdır. Bu qurumun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin qadağan olunması ilə bağlı sənəd qəbul etməsi zəruridir. Ona görə də “Şərq Tərəfdaşlığı” sammitində belə bir sənədin qəbul olunmasına çalışacağıq”.


Müəllif: Teleqraf.com