18 May 2017 18:26
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis mayın 16-da Azərbaycana dörd günlük səfərə gəlib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, o, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün Xarici İşlər nazirinin müavini Xələf Xələfovla, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə və digər hökumət nümayəndələri ilə görüşüb.

Həmçinin, xanım Ellis Azərbaycanda göstərilən xarici yardım haqqında ətraflı öyrənmək üçün ölkədə təmsil olunan beynəlxalq təşkilatlar və qurumlarla, o cümlədən Avropa Birliyi, BMT, Avropa Şurası, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüşlər keçirib. O, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşüb.

“USAID-in məqsədi Azərbaycanla möhkəm və müsbət münasibətlərə malik olmaq və ölkələrini stabil, firavan və demokratik görmək istəyən Azərbaycan vətəndaşlarına yardım etməkdir”, - xanım Ellis söyləyib.

Mayın 19-da xanım Ellis Goranboy, Şəmkir və Samuxa səfər edərək yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşəcək. Həmçinin, o, Gəncə şəhərində Azərbaycanın regionlarında qadınların imkanlarının artırılması mövzusunu müzakirə etmək üçün yerli qadınlarla görüşəcək.

M.Ellis beynəlxalq inkişaf və humanitar yardım sahəsində 25 illik təcrübəyə malikdir. O, Avropa və Avrasiya Bürosuna 2016-cı ilin avqust ayında qatılıb. Bundan əvvəl 2008-2010-cu illərdə xanım Ellis USAID administratorunun Asiya Bürosu üzrə müavini vəzifəsini icra edib və üç il Uqandada missiya direktoru işləyib. 1999-2005-ci illər arasında xanım Ellis İordan çayının qərb sahilində və Qəzzada USAID-in missiyasında aparıcı vəzifələrdə çalışıb. O, Kolumbiya Universitetini maliyyə sahəsində magistr dərəcəsi alıb və Kornel Universitetini iqtisadiyyat sahəsində bakalavr dərəcəsi ilə bitirib.


Müəllif: Səxavət HƏMİD