19 May 2017 09:24
3 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvanşahlar və ya Səfəvilər dövləti haqda fikir söyləmək üçün gərək tədqiqatçı olasan. Şirvanşahlar, Səfəvilər, Sacilər, Salarilər, Rəvvadilərlə bağlı o insanlar söz deyə bilər ki, onlar tədqiqatçıdırlar, ömrünü tədqiqata həsr edirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tarix elmləri doktoru, professor Anar İsgəndərov təhsil eksperti, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının doktorantı Kamran Əsədovun Şirvanşahlar dövlətinin Azərbaycan tarixinin utanc, Səfəvilərin isə qürur yeri olmasına dair fikrini şərh edərkən deyib.

Onun fikrincə, təhsil eksperti olmaqla elm adamı olmaq arasında böyük fərq var:

"Dediyiniz adam təhsil ekspertidirsə, getsin, təhsillə məşğul olsun. Ağrılı, acılı, şərəfli tarix də olsa, bizim tariximizdir. Xalq öz tarixindən imtina edə bilməz ki. Kimsə tarixlə bağlı nə isə yazırsa, bu, onun çatışmazlığıdır, tarixin deyil. Səhər dururuq, yağış yağır, sonra günəş çıxırsa və ya külək əsirsə, biz nə etməliyik, hansındansa imtina edə bilərikmi? Tarix nədir? Hadisə baş verir, biz ona qiymət veririk. Necə deyə bilərik ki, Çaldıran döyüşü gərək səhər tezdən olmayaydı, axşam olaydı. Bu döyüş artıq olub, bu gün dəyişə bilərikmi? Əyləc əlimizdə deyil. Kimsə gündəmə gəlmək üçün fikir söyləyirsə, bu faciədir, həmin insana yazıq olsun. Təhsil ekspertinin səfeh danışığı elm deyil, elmə ləkədir. Şirvanşahlar dövləti Azərbaycan tarixində olub, bu dövlətin nəyini qopara bilərik?"

Anar İsgəndərov əlavə edib ki, tarix həm də bizə çatışmazlığı görüb aradan qaldırmağı öyrədir:
"O çatışmazlığı görməsək, bilməsək, haradan bilərik ki, onun çatışmazlığı nədir? Nəhəng dövlətlə bağlı kimin danışdığına diqqət yetirmək lazımdır. Onda yanaşma ədalətli olar. Həmin adamın Təbrizdə, yaxud Bakıda işləməyinin fərqi yoxdur. Əgər tədqiqatçıdırsa, harada yaşamağından və işləməyindən asılı olmayaraq tarixə doğru qiymət verəcək".

Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov qeyd edib ki, Azərbaycan tarixi başdan-ayağa şanlı tarixdir:

"Şəxsən mənim ən çox xəcalət çəkdiyim dövr xanlıqlara parçalanma dövrüdür. Amma o qaranlığın özündən belə Cavad xan kimi günəş doğub. Bütün qaranlıqları sözün əsl mənasında nura qərq eləyib. Azərbaycan xalqı həmişə qəhrəman yetişdirməyi bacarıb. Kamran Əsədov mənim tələbəm olub, onunla yaxşı tanışıq. O, Şirvanşahları niyə sevmir, onun öz problemidir. Ancaq dövlətini nə cür sevməmək olar? Ən azından Xilafət dağılan kimi 861-ci ildə yaranmış ilk müstəqil dövlətdir. Əmir Teymurun basqınları zamanı xalqı müəyyən mənada qoruyub. Tariximizdə ən uzunmüddətli, bugünkü Azərbaycan Respublikasının ərazisinin böyük qismini əhatə edən dövlətimizdən biridir. Qonşumuz və strateji müttəfiqimiz Gürcüstan ərazisində feodallıqlara parçalanma olmayıbmı? Onların bütün hökmdarları guya başqa imperatorlar qarşısında boyun əyməyiblərmi? Buna görə onlar kimisə pisləyirlərmi? Onlar hətta islamı qəbul edən hökmdarları özlərininki saydıqları halda biz Şirvanşahları necə pisləyə bilərik? Pisləmək düzgün deyil. Sadəcə, ola bilsin müəyyən dövrdə separatçı mövqe tutub, o da təbii ki, öz hakimiyyətlərini qorumaq naminə olub. Bunlar tamam başqa məsələdir. Tarixi təftiş etməyin tərəfdarı deyiləm".

Milli Məclisin deputatı, BDU-nun Azərbaycan Tarixi kafedrasının professoru Fəzail İbrahimli hesab edir ki, xalqın tarixindən xəcalət çəkən insanın düşüncəsində qüsur var:

"Dünyada heç bir xalq kiminsə köləsi, əlaltısı olmaq istəməz. Hər bir xalq müstəqil, öz taleyini həll edib, tanrının verdiyi taleni yaşamaq istəyir. Zaman, dünya siyasəti dövlətlərin taleyini müəyyən edəndir. Bu, təbiətdə də belədir. Məsələn, qurd quzunu yeyir, tülkünün yemi xoruzdur. Güclü gücsüzü yeyir prinsipi təbiətdə də, cəmiyyətdə də var. Azərbaycanın tarixi şərəflidir. 7-ci əsrdə sasanilər Azərbaycanı farslaşdırmaq istədi, onlar özləri azərbaycanlılaşdı. 7-ci əsrdən 10-cu əsrədək ərəblər Azərbaycanı ərəbləşdirmək arzusunda idilər, özləri dönüb azərbaycanlı oldular. 13-15-ci əsrdə tatar-monqol işğalı dövründə monqollar Azərbaycanı monqollaşdırmaq istədilər, nəticədə Azərbaycan xalqı işğaldan azad olan kimi öz müstəqil dövlətlərini yaratdı".

Millət vəkilinin fikrincə, Azərbaycanın bütün tarixi şərəflidir və bundan şərəf duymaq lazımdır: "Bəzən xalqlar özü öz taleyini müəyyən edə bilmir. Məsələn, Rusiya ilə İran arasındakı savaşın qurbanı olan, cənuba və şimala bölünən Azərbaycan 100 il Rusiyanın işğalı altında oldu. Amma xalqla necə fəxr etməyəsən ki, çar Rusiyasının mədəsində həzm olunmadı, 1918-ci ildə münbit şərait düşən kimi öz müstəqilliyini elan etdi. Türk və İslam dünyasına nümunə olan demokratik cümhuriyyətimiz yarandı. Dünyanın siyasi sükanı arxasında oturan Amerika hamıya demokratiya dərsi deyir, qadın azadlığı, seçki hüququnu Şərqdə Amerikadan da neçə illər qabaq Azərbaycan Demokratik Cümhuriyyəti verib. Bütün bunlardan biz niyə şərəf duymayaq? Sonradan biz imperiya əsarəti altına düşdük. Necə deyə bilərik ki, bu, mümkün olmaya bilərdi. Dünyanın bölünməsini I Dünya müharibəsindən sonra Paris Sülh konfransını çağıran ABŞ prezidenti Vilson müəyyən edirdi. Onun 14 sülh prinsipi vardı. Bu prinsiplərə hansı dövlətlər aid idisə, müstəqillik qazandı. Qafqazın 3 respublikası ora daxil deyildi və nəticədə kömək etmədilər, rus işğalına məruz qaldı. 70 il imperiya əsarəti altında oldu. Bu xalq mənliyini qoruyub saxladı. Alimlərimiz, ziyalılarımız tarix yazdılar, yazıçılar, şairlər milli ruh daşıyıcıları oldu, cəmiyyəti allahsız etmək istədilər, daha çox Allaha inanan, mənəvi ruh saxlayan insanlar yetişdi. Münbit şərait olan kimi yenə də Azərbaycan öz müstəqilliyini elan etdi. Bu xalqla necə fəxr etməmək olar ki, qurbanlar, şəhidlər hesabına öz müstəqilliyini qazanıb. Hansısa dövlət qurumunun tarixi ilə müqayisə aparıb məyus olmaq yox, bütövlükdə xalqın tarixini anlamaq lazımdır. Çox təəssüf ki, bizim tariximizə ləkə yaxanlar var. Vaxtilə Azərbaycanın tarixində tarixi şəxsiyyətlərə şəxsiyyət vəsiqəsi verildi, dalınca qara daş atıldı, dahilər divana çəkildi. Bunlar hamısı onu göstərir ki, biz tariximizə qarşı diqqətli olmalıyıq. Qonşularımızdan ibrət dərsi götürməli idik, oğruları, quldurlarının hamısının keçmişini silib-süpürüb, yolub-təmizləyib dünyaya lider kimi təqdim edir. Biz isə böyük dövlətlərimizin tarixinə ləkə yaxırıq. Böyük görünmək üçün kiminsə boynuna çıxaraq ucaboy görünmək olmaz. Öz boyumuzla yaşamalı, hərəkət etməliyik, tariximizə hörmətlə yanaşmalıyıq".
Qeyd edək ki, Kamran Əsədov Teleqraf.com-a müsahibəsində Şirvanşahlar dövlətini və onun mövcudluğunu, fəaliyyətini qəbul etmədiyini söyləyib. Gənc tarixçi fikrini belə əsaslandırıb: "Həmişə mübarizədən qaçıb. Təslimçi və rüsvayçı şərtlər altında tabe olub. Böyük güclərin vassalı olub. Amma qürurla yad etdiyim, fəxr etdiyim dövr Səfəvilərdir. Sona qədər mübarizə aparan, məğlub olsa da, təslim olmayan bütöv Azərbaycan yaradan bir dövlət. Şirvanşahlar dövləti Azərbaycan tarixinin utanc, Səfəvilər isə qürur yeridir".


Müəllif: Teleqraf.com