19 May 13:38

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının verdiyi tövsiyyə və tapşırıqlara əsasən Bakı şəhərində bu çərçivədə uğurla icra olunaraq yekunlaşdırılan layihələrdən biri də 3.9 km uzunluğunda ola Binəqədi-Mehdiabad avtomobil yoludur.

"Azəravtoyol" ASC-dən Teleqraf.com-a verilən məlumata görə, bu yol uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolda qabarmış və deformasiyaya uğramış hissələr yaranmışdı. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalıb.

Belə ki, eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb.

İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min m2 sahəsi asfaltlanıb.

Bundan başqa vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2.5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 p/m səki daşları düzülüb, hərəkət hissəsi asfaltlanıb.

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd edək ki, bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Növbəti mərhələdə idə Mehdiabad-Fatmayi-Goradil avtomobil yolunun əsaslı şəkildə təmiri nəzərdə tutulub.


Müəllif: Şəfiqə Nazimqızı