20 May 2017 12:43
12 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçı Adıgözəl Məmmədovun "M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi" adlı yazını təqdim edirik

Görünür ki, Stalinin stolunun üstündə şəkillərin peyda olmasında Bağırova Beriya köməklik göstərir. Stalin bu hadisədən sonra SSRİ Xalq Nəzarəti Komitəsinin sədrini yanına çağıraraq onu möhkəm tənqid edir və partiyanın ciddi məsələlərini Yevdokimov kimi əxlaqsız adama tapşırdığına görə Mexlisi cəzalandırır. Ona görə də Mexlis bu dəfə də məğlub olur. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Mexlisin bu oyununun iştirakçıları M.C.Bağırovun zəhmindən qurtula bilməyəcəkdilər və məhkəmə materiallarından da biz bunu görürük. Bir müddətdən sonra ümumiyyətlə, Mexlis Stalin tərəfindən təqaüdə göndərilir. Bakıda məhkəmə prosesi başladıqda Bağırovun artıq 61 yaşı var idi. İlk günlər sakit görünən Mir Cəfər yenə də temperamentinə uyğun olaraq məhbuslarla ünsiyyətə girir və başına gələn əhvalatları nağıl edirdi. Paradoks ondadır ki, illərlə kommunist ideologiyasının carçısı zindanda tamamilə zindan qanunları ilə yaşayırdı.

M.C.Bağırov və onunla birlikdə həbs olunanlar Dövlət Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında yerləşdirildilər. O günlərdə gənc bir Azərbaycan çekisti kimi fəaliyyət göstərən, hal-hazırda isə ahıl yaşlarında olan Mürvət müəllim öz xatirələrini mənə bu cür danışdı: «Mən o illərdə Dövlət Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında konvoy kimi öz xidməti vəzifəmi icra edirdim. Həmin günlərdə siyasi məhbus kimi Bağırov, Atakişiyev, Yemelyanov, Markaryan, Qriqoryan, Borşev istintaq təcridxanasının kameralarında saxlanırdılar. Bağırov olduğu kamerada hər cür şərait yaradılmışdı. Divar mebeli, işləmək üçün yazı mebelləri qoyulmuşdu. Bağırov səhərdən axşamadək yazı-pozu işləri ilə məşğul idi. Məhkəmə günləri məhbus maşını xüsusi liftlə yerin altına enir və siyasi dustaqları Dzerjinski (indiki Şəhriyar adına) klubunda olan məhkəmə salonuna aparırdılar. Məhkəmə prosesinin sonuncu, yəni, hökm oxunan günü idi. Mən Bağırovun kamerasına nahar yeməyi apardım və ona müraciət etdim: «Məhbus Bağırov, məhkəməyə getməyinizə 30 dəqiqə var, sizin naharınızı gətirmişəm». Bağırov başını qaldırmadan əli ilə “istəmirəm” işarəsini verdi. Mən kameranı tərk etdim. Bağırov isə məhkəməyə çox ciddi hazırlaşaraq dayanmadan yazırdı. Mən istər-istəməz bir azərbaycanlı kimi Bağırovun bu cür yuxusuz gecələr keçirməyinə, dayanmadan işləməsinə, üstəlik, qidalanmamasına yanırdım. Özümlə bacara bilmədim. Nahar yeməyini əlimə götürüb Bağırovun kamerasına girdim və dedim: «Yoldaş Bağırov, məhkəməyə getməyinizə 15 dəqiqə qalıb. Sizin naharınızı gətirmişəm». Bu dəfə də Bağırov başını qaldırmadan əli ilə mənə “istəmirəm” işarəsi etdi. Mən yenə kameranı tərk etməli oldum. Artıq siyasi məhbusları məhkəməyə aparan maşın gəlmişdi. Mən hər bir məhbusa məhkəməyə getməklə əlaqədar hazırlaşmaqlarını xəbərdar etməli idim. Bağırovun kamerasına gedəndə isə ürəyim durmadı, onun nahar yeməyini özümlə götürdüm. Kameranı açıb içəri daxil olub hazırlaşmağı barədə onu xəbərdarlıq etdim. Bağırov mənim əlimdə nahar yeməyini görcək ürəkdən gülməyə başladı. Məni yanına çağırdı və dedi: «Oğlum, səndən «çekist» olmaz. Ona görə ki, sənin ürəyin kövrəkdir». Bu sözlərdən sonra Bağırov naharını etdi və məhkəməyə aparıldı. Həmin gün məhkəmədə Mir Cəfər Bağırova güllələnmə hökmü kəsilmişdi. M.C.Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur. Bu xahişi isə müharibədə qəhrəmancasına həlak olan oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyi ilə bağlı olur. Məhkəmə heyəti qəhrəmanlıq şücaəti göstərmiş və Lenin ordeninə ölümündən sonra layiq görülmüş Mir Cahangirin qəbrini ziyarət etməyə M.C.Bağırova mane olmur. Məhkəmə qurtardıqdan sonra M.C.Bağırov gözətçilərin müşayiəti ilə Badamdar qəbiris-tanlığındakı, oğlu Mir Cahangirin dəfn olunduğu qəbrinin yanına gətirilir. Mir Cəfər oğlunun qəbrini görcək oxşayaraq məzarla danışmağa başlayır. Qurumuş dodaqlar ilə o, oğlunun baş daşından öpür. Bu an onun gözlərindən axan göz yaşları məzarın sinədaşının üzərinə damır. Ani bir səssizlik hökm sürür. Bu səhnədən qəhərlənən hərbi kanvoyun (gözətçi) azərbaycanlı üzvləri rus komandirlərdən Bağırova mane olmamalarını xahiş edirlər. M.C.Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkir. Sonda o, oğlunun göz yasları ilə islanmış sinədaşından öpərək dərindən ah çəkir və: «Sənin yanında ölmək mənə qismət olmadı», - deyərək, gözlərini oğlunun məzarından çəkməyərək oradan ayrılır.

(Haşiyə: Onu da bildirmək istəyirəm ki, müharibədə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra SSRİ Ali Sovetinin qərarına əsasən Mir Cahangir Lenin ordeninə layiq görülməklə bərabər Quba şəhərində büstü də qoyulur. Lakin sonralar Mir Cahangir Bağırovun adı bu büstün altından silinir. İndinin özündə də bu büst Qubanın mərkəzi parklarının birində durur. Lakin təəssüf ki, hələ də bu büstün altında Mir Cahangir Bağırovun adı həkk olunmayıb).

Bizim oxucular üçün qaranlıq qalan şəxslərdən biri də Yuvilyan Davidoviç Sumbatov-Topuridzedir. Bu şəxs üzərində dayanmağımın bir neçə səbəbi vardır.

1956-cı il məhkəməsində ittiham olunan şəxslər içərisində onun adının olmasına baxmayaraq, o, məhkəmə prosesində müttəhimlər kürsüsündə deyildi (xəstə olduğu əsas gətirilərək –A.M.).

Sumbatov Stalinin repressiya siyasətinin ən tüğyan etdiyi dövrdə - 12.01.1937-ci ildən 10.01.1938-ci ilə qədər Azərbaycan Daxili işlər xalq komissarı vəzifəsində çalışmışdı.

Biz, gördük ki, Beriya ilə sıx yaxın olan şəxsləri N.S.Xruşşov güllələtdirirdi. Onda sual oluna bilər. Necə ola bilər ki, Sumbatov Beriya ilə yaxın olsun və ona toxunmasınlar?

Sumbatov 1923-cü ilin noyabrından 1924-cü ilin oktyabr ayına qədər AzFK-da quldurluqla mübarizə idarəsində şöbə müdiri vəzifəsində işləmişdi. Sonra 1924-cü ilin oktyabrından 1926-cı ilin mart ayına qədər FK-da informasiya-agentura şöbəsinin rəisi, 1927-ci ildən Azərbaycan siyasi idarəsinin informasiya və siyasi nəzarət şöbəsinə rəhbərlik edir. Bu dövrdə M.C.Bağırovun Azərbaycan siyasi idarəsinin rəhbərliyindən kənarlaşdırılması Sumbatovun da taleyində dəyişikliklər yaradır.

Belə ki, Sumbatov Azərbaycan siyasi idarəsindən kənarlaşdırılır və bir müddət, 1929-cu ilə qədər Bakı və Batum gömrük komitəsinin rəisi işləyir. Sonradan Bağırovun vasitəsilə o, Beriya ilə tanış olur. 1929-cu ilin yanvarından Gürcüstan siyasi idarəsinin informasiya-agentura şöbəsinə rəis təyin edilir. Sonra isə may ayında İttifaq Baş Siyasi İdarəsinin Zaqafqaziya üzrə nümayəndəsi, sərhəd və siyasi idarə qoşunlarının idarə rəisi təyin edilir. Görünür, bu təyinatda Beriya ilə Bağırovun çox rolu olur. Belə ki, o, mərkəzdən gələn bütün göstərişləri Zaqafqaziya respublikalarının siyasi idarələrinə ötürən və onlardan siyasi və ictimai proseslərlə əlaqədar əməliyyat məlumatlarını alan mühüm bir fiqura çevrilir. O dövrdəki Azərbaycan rəhbərliyi Bağırov barədə mənfi fikirlərlə dolu məlumatları Moskvaya ötürürdü və bu məsələləri araşdırmaq üçün təhkim olunan orqanlardan ən əsası Siyasi idarə idi.

Təsəvvür edin ki, Azərbaycan Siyasi İdarəsinin məlumatları isə Sumbatov-Topuridzenin stolunun üstünə qoyulurdu. Belə ki, Azər-baycan Siyasi İdarəsinin rəisi olmuş Novruz Rzayev M.C.Bağırovu həbs etmək üçün Ə.Zizinskidən istifadə etmək istəyirdi. O, Əli bəydən M.C.Bağırovun əleyhinə ifadələr almağa cəhd edirdi. Lakin hətta belə bir ifadə alınmış olsaydı belə, Moskvaya göndərilən bu məlumat Tiflisdə ilişib qalacaqdı.

Artıq 1933-cü ildən Azərbaycan K(b)P MK-ya I katib M.C.Bağırov seçildikdən sonra Y.D.Sumbatov-Topuridze Azərbaycan Siyasi İdarəsinin rəis müavini təyin edilir. 1934-cü ilin fevralından həmin idarənin rəisi, iyul ayında isə Xalq Daxili İşlər Komissarlığının idarə rəisi təyin edilir.1937-ci yanvar ayının 12-dən Azərbaycan Daxili işlər xalq komissarı vəzifəsinə yüksəlir. Bu vaxtlar həm Bağırov üçün, həm də Sumbatov-Topuridze üçün çətin dövr olur. Belə ki, birincisi, Moskvadan SSRİ daxili işlər xalq komissarı Yejovun verdiyi əmrə əsasən (o əmri kitabda göstərmişəm – A.M.) təbəqələrə bölünmüş insanlar repressiyalara uğramalı idi. İkinci bir tərəfdən isə Moskvada həbs olunmuş Buxarin və Rıkovun ifadələrinə görə, onlarla Zaqafqaziyada yaxın münasibətdə olanlar, yəni Sovet İttifaqında hakimiyyəti ələ almaq istəyənlər həbs olunmalı idilər. Üçüncü bir tərəfdən isə sonradan Stalinə müxalif olan Orconikidze tərəfdarları da həbs olunmalı idilər. Belə bir çətin məqamda M.C.Bağırov keçmişi müsavatla, bəy nəsli ilə, çar ordusu ilə, hətta türk ordusu ilə əlaqəli olan insanların böyük bir hissəsini xilas edə bilir. Sözsüz ki, Bağırovun bu canfəşanlığı Moskva tərəfindən cavabsız qalmayacaqdı. Artıq 1937-ci ilin sonlarından başlayaraq 1938-ci il yanvarın 6-na qədər SSRİ Daxili İşlər Komissarlığından və ÜİK(b)P-dən komissiya Azərbaycanda əksinqilabi qüvvələrlə mübarizədə respublika rəhbərliyinin fəaliyyətsizliyini, xüsusilə, M.C.Bağırovun özünü yoxlayırdı. Hətta artıq 1938-ci ilin 10 yanvarında Y.D.Sumbatov-Topuridze Azərbaycan daxili işlər komissarı vəzifəsindən azad edilir. Artıq növbə Bağırova çatırdı və onu «millətçi sağ təmayülçü və hümmətçi» kimi əksinqilabi ünsürlərə yardım göstərməkdə günahlandıraraq həbs olunmaq məsələsini Moskvadan gəlmiş komissiya üzvləri gündəmə gətirirlər. Burada bir amili də nəzərdən qaçırmaq lazım deyil ki, bu dövrdə SSRİ Xalq daxili işlər komissarının müavini vəzifəsinə yüksələn L.P.Beriya bu andan sonra artıq Moskvada M.C.Bağırovu xilas etmək missiyasını ardıcıl surətdə həyata keçirməyə başlayır. Belə ki, L.P.Beriya Yejovun göstərişlərinə uyğun həbslərin aparılmasının və bəzi məqamlarda bu həbslərin əsassız olmaları barədə, bu əsassız həbslərə etiraz bildirənlərin isə təqib olunmağından və bu təqib olunanlardan birinin M.C.Bağırovun olduğu barədə Stalin qarşısında məruzə ilə çıxış edir. Beriya tərəfindən atılan bu addım, Stalində Yejov barədə yığılan siqnalların bir daha əsaslı olduğunu sübut edirdi. Bu da artıq Yejovun sonu demək idi. Yeni təyin edilmiş Xalq daxili işlər komissarının müavini Beriya ilk olaraq bu orqanlardan Yejovun dəstəsinin təmizlənməsi ilə məşğul olur. Bir neçə ay işsiz qalan Sumbatov 1938-ci ildən SSRİ Daxili İşlər Xalq Komissarlığında şöbə rəisi vəzifəsinə təyin edilir. 10 il bu vəzifədə işləyən Sumbatov yalnız Beriyaya əks mövqedə dayanan Abakumov dönəmində SSRİ daxili işlər sistemindən uzaq-laşdırlır. 1947-ci il martın 27-də o, yenidən Azərbaycana qayıdaraq, Bağırov tərəfindən Azərbaycan SSR Nazirlər Soveti-nin sədr müavini vəzifəsinə təyin edilir.

Baş tutmamış çevrilişdən sonra 1953-cü ilin iyul ayının 17-də Y.D.Sumbatov-Topuridze həbs edilir. Onun məhkəmədə iştirak etməməsi isə heç də rəsmi məlumatlarda deyildiyi kimi deyildi. Əslində, M.C.Bağırovun əleyhinə bir kəlmə ifadə verməyən və 1937-38-ci illərdə respublikada aparılan həbslərin birbaşa Moskvadan idarə olunduğunu göstərən Y.D.Sumbatov-Topuridze psixoloji və fiziki təzyiqlərə tab gətirə bilməyərək sözün əsl mənasında ruhi cəhətdən sındırılmışdı. 1955-ci ilin iyulundan o, psixiatriya xəstəxanasına göndərilmiş və 1960-cı ildə isə elə bu tibb müəssisəsində də vəfat etmişdi (çox guman ki, onun ölməsinə «kömək» edilmişdi – A.M.).

РГАСПИ. F. 17. Siy. 171. İş. 479. Səh. 49-63.

SSRİ AM Hərbi kollegiyanın 26 aprel 1956-cı il tarixli hökmünün surəti.

M.C.Bağırovun, T.M.Borşovun, R.A.Markaryanın, X.İ.Qriqoryanın, S.Atakişiyevin və S.F.Yemelyanovun işi üzrə

Tamamilə məxfi

Nüsxə № 1

MK Rəyasət Heyətinin protokolu № 14 p. IV

ALİ MƏHKƏMƏ

Sovet Sosialist Respublikaları İttifaqı

4 may 1956-cı il.

Sovet İttifaqı Kommunist Partiyası

Mərkəzi Komitəsinə

№ СП-005/56/0010588

Bununla bərabər SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının BAĞIROV Cəfər Abbasoviç və başqalarının işi üzrə 26 aprel 1956-cı il tarixli hökmü məlumat üçün göndərilir.

Əlavə: hökmün surəti 14 vərəqədə.

SSR İttifaqı Ali Məhkəməsinin sədri [möhür.] А. Volin

Sovet Sosialist Respublikaları İttifaqı adından

HÖKM

26 aprel 1956-cı il SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının aşağıdakı tərkibdə:

Sədr: ədliyyə general-leytenantı Çeptsova A.A.

üzvləri: ədliyyə polkovniki Kovalenko Q.Y. və ədliyyə polkovniki Kostromina A.A.

katiblərin yanında: kapitan Afanasyev M.V. və ədliyyə kapitanı Smirnov N.Q., tərəflərin iştirakı ilə: dövlət ittihamçısı tərəfindən — SSR İttifaqı baş prokuroru, həqiqi dövlət ədliyyə müşaviri Rudenko R.A. və müdafiəçi - vəkillər Qavrilova V.N., Nutenko Y.M., Boqaçeva P.Y., Semyonovski Q.S., Apraksina K.N. və Qrineva M.İ. Bakıda açıq məhkəmə iclasında ittiham işinə baxaraq: Bağırov Mir Cəfər Abbasoviç, təvəllüdü 1896-cı il, Azərbaycan SSR Quba şəhəri; Borşov Timofey Mixayloviç təvəllüdü 1901-ci il, Azərbaycan SSR Qusar rayonunun Qusar kəndi, Qriqoryan Xoren İvanoviç, təvəllüdü 1902-ci il, Ermənistan SSR, Qafan rayonu, Sevakar kəndi; Azərbaycan SSR Cinayət məcəlləsinin 63-2, 70 maddələrinə, törədilən cinayətlərin cəminə əsaslanaraq, cəzalandırmaq:

Bağırov Mir-Cəfər Abbasoviçi,

Borşov Timofey Mixayloviçi,

Markaryan Ruben Ambartsumoviçi,

Qriqoryan Xoren İvanoviçi.

Cinayət üzrə ən yüksək cəza tədbiri – güllələnmə, hər birisinin bütün əmlakı müsadirə edilməklə;

Atakişiyev Ağa Səlim İbrahim oğlu və Yemelyanov Stepan Fyodoroviç - əmək-islah düşərgələrində iyirmi beş (25) il müddətınə azadlıqdan məhrumetmə, beş (5) il hüquqların məhdudiyyəti, bütün əmlakları müsadirə edilməklə.

Məhkəmə işi üçün məsarif ittiham olunanların hesabına aparılsın.

Cəza müddəti: Atakişiyevə - 26 noyabr 1955-ci ildən, Yemelyanova - 1 aprel 1954-cü ildən hesablansın.

Hökm qətidir və kassasiya şikayətinə qəbul olunmur.

Əslidir Lazım olan imzalar.

Əsli ilə düzdür: SSRİ Ali Məhkəməsi Hərbi kollegiyasının məhkəmə katibi.

[möhür.] kapitan Afanasyev

Surəti. Maşın yazısı.

4 may 1956-cı il tarixdə M.C.Bağırov SSRİ Ali Sovetinin sədri K.Y.Voroşilova müraciət edir.

РГАСПИ. F. 17. Siy. 171. İş. 479. Səh. 89-90.

Məhkum olunmuş M.C.Bağırovun K.Y.Voroşilova 4 may 1956-cı il tarixli məktubu

Surəti

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə

Ən ağır cəzaya məhkum olunmuş

M.C.Bağırovdan

Ərizə

1935-1940-cı illərdə Azərbaycan SSR-də mənim tərəfimdən edilən cinayətlər, kütləvi həbslər və sovet vətəndaşlarının repressiyaları, indi bəraət qazananlar, bir çox köhnə kommunistlərin, respublika partiya-sovet işçilərinin, bir çox rəhbər işçilərin güllələnməsi, ən alçaq, iyrənc işlərdən sonra sizdən xahiş edirəm ki, mənim qalan ömrümü bağışlayasınız. Etdiyim cinayətlərin bir hissəsi də kifayətdir ki, mən ən yüksək dərəcədə cəzalandırılım. Hökmün mənə aid olan cəza hissəsi, hesab edirəm ki, düzgündür.

Lakin həyatdan gedərkən, etmədiyim cinayətlərin yükünü üzərimə götürmək istəmirəm. Mən 1921-ci ildən başlayaraq və təxribatçı Beriyanın həbsinə qədər onu nəinki ifşa etmədim, hətta ona məsuliyyətdən gizlənməyə imkan yaratdım. Bu cinayət gecə də, gündüz də mənə əzab verir. Mən Sovet dövlətinin düşməni olan Beriyanın nə fəal, nə yaxın, nə uzaq, nə də passiv cinayət yoldaşı olmamışam. Nə vaxt və hansı şəraitdə Beriya Stalinin etibarını qazana bildi və ona xüsusən yaxın ola bildi - mən həmin vaxt Zaqafqaziyada olmamışam, ona görə məlumatım yoxdur, çünki mən Moskvada oxuyurdum. Stalin istəmirdi ki Zaqafqaziyada ondan başqa kiminsə adı olsun. Bu şərait Zaqafqaziyada ən yaxşı insanların təqib olunmasına gətirib çıxardı. Beriyaya aid nə var idisə, Stalin dəqiq bilirdi, ancaq o, onu hamıdan üstün qiymətləndirirdi. Beriyanı SSRİ DİN-ə təyin edəndə Stalin ona demişdi: «Mən istəyirəm ki SSRİ DİN-də mənim adamım olsun» və öz rəsmini imzası ilə ən yaxşı dostu kimi ona vermişdi. Həbslərlə bağlı bir sıra məsələlər üzrə Stalinin telefon göstərişləri, indi mənə aydın olur ki, onun danlaqları vaxtında xəbər vermədiyimə görəydi, bunlar artıq ona məlum idi.

Mənim keçmişim barədə Beriya tərəfindən gizlədiləsi bir şey olmayıb: Müsavat hökumətinin dövründə mən Azər-baycanda olmamışam və iyun 1918-ci ildən fevral 1921-ci ilə qədər mən Qızıl orduda olmuşam. 1917-ci ildə Müvəqqəti hökumətin dövründə Qəza komissarlığında işləyirdim, bunu mən heç vaxt gizlətməmişəm. Vətəndaş müharibəsi illərində və ondan qabaq quldur və talançı olmamışam.

Bütün mənim ağır cinayətlərim kütləvi repressiya illərində olub, mən qətiyyətlə bütün məsuliyyətimlə bəyan edirəm ki, hökmdə adları çəkilən şəxsləri: H.Rəhmanovu, Ostaşkonu, Novruzovu, Levkopulonu və başqalarını istintaq etmişəm, şəxsən döyülmələrində isə iştirak etməmişəm və mənim iştirakımla heç kimi döyməyiblər.

Həyatla vidalaşarkən sizə demək istəyirəm ki, ağır cinayətlər etsəm də, heç vaxt Kommunist Partiyasının və sovet xalqının düşməni olmamışam, Sovet dövlətinin maraqlarına xəyanət etməmışəm, Sosialist Vətənimizin xaini olmamışam.

Bu ərizəni səhhətim pis olduğundan vəkil V.N.Qavrilova diktə etmişəm.

M.C. Bağırov (İmza çox çətinliklə oxunur). 4.V. 1956-cı il

Düzdür: Surəti

[möhür.] [imza oxunmur]

53 ədəd.

Surəti. Maşın yazısı.

İlk öncə bu məktub mənim rus dilində nəşr edilmiş “Bağırovun qanadı altında türk agenti – Beriya” kitabımda verilmişdi. Bu məktuba Azərbaycan ziyalılarımızın münasibəti birmənalı olma-dı. Çox hörmət bəslədiyim el ağsaqqallarımızdan biri, görkəmli yazıçımız Əlisa Nicatın “M.C.Bağırovun saxta məktubu” başlığı altında yazısı çıxdı (http://alisanicat.wordpress.com). Əlisa müəllim öz yazısında göstərirdi: “Gözəl, zəhmətkeş və fədakar tədqiqatçı və tarixçi Adgözəl Məmmədovun şanlı Mir Cəfər Bağırov haqqında yeni bir tədqiqat əsəri çapdan çıxmışdır. Əsəri vərəqləyib, orada Stalin epoxası haqqında xeyli yeni faktlar və materiallar üzə çıxaran yorulmaz tədqiqatçının Mir Cəfər Bağırovun rüsvayçı məhkəməsindən sonra onun Sov.İKP-nin Siyasi Bürosuna ünvanladığı məktubu da oxuyanda xeyli təəccübləndim. Çünki Bağırovun belə bir məktubu yazması heç cür ağla sığmır. Ömrünün sonunun çatdığını bilə-bilə və həyatında ölümün gözünün içinə çox baxmış Mir Cəfər Bağırov kimi bir adamın belə bir müti məktubu yazması qeyri-mümkündür. Çünki məktubda o, dönə-dönə çoxlu haqsızlıqlar və cinayətlər törətdiyini boynuna alıb bir növ yalvarır. Belə bir yalvarış dolu məktubu Mir Cəfər Bağırov heç cür yaza bilməzdi. Məhkəmənin stenoqramı da onu təsdiq edir.

Bu, onun xarakteri və amalları ilə daban-dabana ziddir. Heç cür inanmaq mümkün deyil ki, ömrünün son günlərində Mir Cəfər Bağırov kimi bir şəxsiyyət həyat və mübarizəsinə kölgə salan belə bir addım atsın və o, Sov.İKP-yə, sovet dövlətinə, sovet ideologiyasına sadiq və sədaqətli olması barədə and içsin.

Burda Adıgözəlin, əlbəttə, bir günahı yoxdur. Çünki bu məktubun o dövrün SSRİ KQB-si tərəfindən tərtib olunub istifadəyə buraxılması şübhəsizdir. Çünki Xruşşov bu cür nüfuzlu bir adamı ölümə göndərməsinə haqq qazandırmaq üçün mütləq bir əsas tapmalıydı və buna görə bu məktub uydurulub, lazım olan yerə qoyulmuşdur.

Ona görə, əzizim Adıgözəl, bundan sonra belə «sənədlərə» hələ çox rast gələ bilərsən. Ona görə onları tənqidi surətdə nəzərdə keçirmək, saxta olub-olmadığını təyin etdikdən sonra çapa vermək lazımdır. Sənin əvvəlki kitablarında Bağırovun öz xalqına, vətəninə necə sadiq bir adam olması dönə-dönə sübut edilir. Bağırov xalqının bir çox nümayəndələrini Sov.İKP-nin və KQB-nin repressiyalarından qorumuşdur. İndi belə bir adam həmin repressiyalara haqq qazandıra bilərmi? Qətiyyən yox!

Təkrar edirik, Mir Cəfər Bağırovun bu məktubu saxtadır”.

Görkəmli yazıçımızın yuxarıdakı münasibətindən sonra mən də öz düşüncələrimi bölüşmək istəyirəm. Belə ki, çox hörmət bəslədiyim el ağsaqqalı Əlisa Nicat ata, Sizə böyük hörmətim və rəğbətim olduğundan yəqin ki, xəbərsizsiz! Fikrinizi qəribçiliyə salmıram. Əslində, o məktub mənim kitabımın bütün xronoloji motivasiyasını pozur. Hadisələrin dinamikasına uyğun gəlmir. Lakin bir müəllif kimi sonradan subyektivlikdə günahlan-dırılmamaq üçün bu məktubu olduğu kimi də verdim. Lakin fikir vermisinizsə, mən kitabda təqdim olunmuş məktubun sonunda qeyd edirəm ki, imza çox çətinliklə oxunur və umumiyyətlə də aydın belə deyil. Əslində, imzanın nə qədər könülsüz və gərgin bir şəraitdə çəkildiyini təsəvvür etmək çətin deyil. Amma bu imzanı atan zaman M.C.Bağırovun psixoloji durumu göz önünə gətirilməlidir. Ölüm hökmünün icrasından saatlar qabaq onun ailə üzvləri ilə son görüşü təşkil olunur. Həyat yoldaşı Yevgeniya Mixaylovna, oğlu Cen və vəkil Vladimir Qavrilov M.C.Bağırova yalvarırlar ki, bu müraciətin mətninə imza atsın ki, onu əfv etsinlər. Belə ki, M.C.Bağırovun ailə üzvlərini inandırmışdılar ki, əgər o, belə bir məzmünla SSRi Ali Sovetinin sədri K.Voroşilova müraciət edərs, ölüm hökmü dəyişdirilə bilər və ümümilikdə isə ailəyə qarşı təqiblərə son qoyular… Əlbəttə ki bu, Xruşşov – Mikoyan cütlüyünün yeni siyasi gedişləri idi. Beriya və onun ətrafı məhv edildikdən sonra Stalin şəxsiyyətinin sovet cəmiyyətində nüfuzdan salınması və ləkələnməsi prosesinə start verilmişdi. Əgər Siz M.C.Bağırovun yuxarıdakı müraciət məktubunun stilistikasına fikir versəniz, bunu aydın görərsiz. Güman edirəm ki, Bağırov da bunları anlayırdı, ancaq bir övladını itirmiş ata üçün ikinci və yeganə oğlunun göz yaşlarının nə qədər ürək parçalayıcı olmasını təsəvvür etmək çətin deyil. Qəhərlənmış və psixoloji sarsıntılar içində olan ata Mir Cəfər yeganə övladının bu göz yaşlarına və acizanə yalvarışlarına tab gətirmir. Əslində o, bu məktuba imza atmaqla yeganə övladının gələcək həyatını sığortalayırdı, o, öz ölümü və həyatının bəlkə də ən faciəvi “səhvi” ilə övladının həbsinin qarşısını aldı. Ona görə ki, artıq Beriyanın yeganə oğlu Serqo həbsdə idi. Ona görə də bütün bu reallıqları nəzərə alan M.C.Bağırov Kreml emissar-larının sifarişini yerinə yetirməyə məcbur olur.

M.C.Bağırovun əfv edilməsi ilə bağlı onun vəkili, həyat yoldaşı və oğlu 4 may 1956-cı il tarixdə SSRİ Ali Sovetinin sədri K.Y.Voroşilova xahişlə müraciət edirlər.

РГАСПИ. F.17. Siy.171. İş.479. Səh.91-92.

K.Y.Voroşilova Y.M.Bağırovadan

əfvlə bağlı ərizə. 4 may 1956-cı il

Surəti

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri

Yoldaş K.Y.Voroşilova

Moskva, Frunzenskaya naberejnaya, ev №118, korpus “J“, mənzil № 41-də yaşayan, telefon № Г-5-02-38, vətəndaş Bağırova Yevgeniya Mixaylovnadan

Əfv ərizəsi

26 aprel 1956-cı il tarixdə SSR İttifaqı Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən mənim ərim Bağırov Mir Cəfər Abbasoviç ən yüksək cəzaya məhkum edilib.

Sizə həyat yoldaşımın əfvi ilə əlaqədar ərizə ilə müraciət edirəm və aşağıdakı səbəbə görə sizdən xahiş edirəm ki, ən yüksək cəzanı nisbətən yüngül cəza ilə əvəz edin.

Azərbaycan SSR yaranan gündən Bağırov respublikanın rəhbərlərindən biri olub və 20 il KP MK katibi vəzifəsində işləyərkən səhvlər edib və bunlarla yanaşı, sosializm quruculuğu uğrunda bütün xalq təsərrüfatı sahələrində və ictimai işlərdə fəal iştirak edib.

Böyük və gərgin əməyin nəticəsində Bağırov ağır qara ciyər xəstəliyinə, bağırsaq və əsəb xəstəliyinə tutulmuşdur. Bunlar iki illik istintaq və məhkəmədə nəzərə alınmayıb.

Bağırovla 30 ilə yaxın yaşayaraq, mən onu təmiz, tamahsız bir sovet insanı kimi tanımışam, indi məlum olduğu kimi o, İ.V.Stalinin şəxsiyyətə pərəstiş dövründə ağır səhvlər buraxıb.

Xahiş edirəm məhkum olunmuş Mir Cəfər Bağırovun həyatını hifz edin, ona imkan verin ki, ömrünün qalan hissəsində faydalı əməklə qismən də olsa öz günahını yusun...

Bağırovun əfvi ilə bağlı ərizəmə baxarkən xahiş edirəm nəzərə alın ki, bizim oğlumuz Vladimir Bağırov sovet aviasiyasının qırıcı təyyarəçisi olub, Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşub, hava döyüşündə o, faşist “asını” taranla vuraraq öz cavan həyatını Vətənimizin azadlığı naminə qurban verib (əslində Vladimir - yəni Mir Cahangir bu qadının doğma oğlu deyildi. Ancaq Yevgeniya Mixaylovna ona öz doğma övladı kimi yanaşaraq həyat yoldaşını xilas etməyə çalışır –A.M.). Belə ağır hökm ilə atanın cəbhədə həlak olmuş oğlunun xatirəsinə kölgə salmaq olduqca yolverilməzdir.

Yoldaş Voroşilov, xahiş edirəm, məni şəxsən qəbul edin və Bağırovun əfvi ilə bağlı məni dinləyin.

İmza — Y.Bağırova

4 may 1956-cı il.

Surəti. Maşın yazısı.

РГАСПИ. F.17. Siy. 171. İş.479. Səh. 93.

K.Y.Voroşilova əfv ilə bağlı ərizə

Cen Mir Cəfəroviç Bağırovdan

4 may 1956-cı il

Surəti

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri

Yoldaş K.Y.Voroşilova

Moskva, Frunzenskaya naberejnaya, ev 118, korpus “J”, mənzil 41-də yaşayan, telefon № Г-5-02-38, vətəndaş Cen Mir Cəfəroviç Bağırovdan

Əfv ərizəsi

26 aprel 1956-cı il tarixdə SSR İttifaqı Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən mənim atam Bağırov Mir Cəfər Abbasoviç ən agır cəzaya məhkum edilib.

Xahiş edirəm yaşının keçdiyini (61) və sağlamlığının, səhhətinin pozulmasını, bir də ki, qardaşım Bağırov Vladi-mirin - məhkum olunmuşun doğma oğlunun Böyük Vətən müharibəsində cəbhədə qəhrəmancasına həlak olmasını, - ölümündən sonra o, Lenin ordeni ilə təltif edilmişdir, - nəzərə alaraq atamın həyatını hifz edəsiniz.

İmza Bağırov

4 may 1956-cı il

Surəti. Maşın yazısı.

РГАСПИ. F. 17. Siy. 171. İŞ. 479. SƏH. 94.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri

K.Y.Voroşilova V.N.Qavrilovdan əfv ərizəsi

26 aprel 1956-cı il

Vəkil Qavrilov Vladimir Nikolayeviç,

Moskva, Kuybışev küçəsi 4, otaq 69, məsləhətçi.

Bağırov Mir Cəfər Abbasoviçin müdafiəçisi

Əfv ərizəsi

Bu il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyası Bakı şəhərində məhkum Bağırovun işinə baxaraq onu müqəssir hesab etmiş və ona ən ağır cəza – güllələnmə hökmü vermişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrindən xahiş edirəm ki, M.C.Abbasoviç Bağırovun güllələnmə hökmü yüngül cəza ilə əvəz olunsun.

Möhür. Vəkil Qavrilov

26 aprel 1956-cı il.

Çap olunub 53 nüsxə.

Surəti. Maşın yazısı.

РГАСПИ. F.17. Siy.171. İş.479. Səh.46-48

SSRİ Ali Soveti Rəyasət Heyətinin

QƏRARI

Bağırov Mir Cəfər Abbasoviçin, təvəllüdü 1896-cı il, Azərbaycan SSR Quba şəhəri, əfv ərizələri rədd edisin.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri

K.Voroşilov

SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi Н.N.Peqob

Moskva Kreml

çap. 53 nüsxə.

İş. № ЛП-2028

M.C.Bağırovun və başqalarının işi barədə

Sov.İKP MK Rəyasət Heyətinin qərarı

7 may 1956-cı il

7 gündən gec olmayaraq geri qaytarılmalıdır

Ciddi məxfi

Sov.İKP MK Rəyasət Heyəti

Bütün ölkələrin proletarları, birləşin!

Sovet İttifaqı Kommunist Partiyası

MƏRKƏZİ KOMİTƏSİ

№ П14/4

Y.y.Volin, Rudenko, Çeptsov

Sov.İKP MK Rəyasət Heyətinin 7 may 1956-cı il tarixli iclasının 14 № li protokolundan çıxarış

Bağırovun işi barədə

SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının hökmü ilə Bağırovun və başqalarının işi razılaşdırılsın.

Keçən proses və çıxarılan hökm barədə yerli mətbuatda dərc olunsun.

MK KATİBİ

Məxfi

Nüsxə № _

MK Rəyasət Heyətinin 14 №-li protokolu p. IV

Sov.İKP MK

Bakıda SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının y.Çeptsovun sədrliyi ilə dövlət ittihamçısı, SSRİ-nin baş prokuroru y. Rudenkonun iştirakı ilə aprelin 12-dən 26-na kimi açıq müdafiə məhkəmə prosesi keçirilmiş və:

1. Bağırov Mir Cəfər Abbasoviç;

2. Qriqoryan Xoren İvanoviç;

3. Borşov Timofey Mixayloviç;

4. Markaryan Ruben Ambartsumoviç;

5. Atakişiyev Ağa Səlim İbrahim oğlu;

6.Yemelyanov Stepan Fyodoroviçin ittihamları üzrə işə baxılmışdır.

Məhkəmə prosesində gündə 700-dən artıq adam — partiya-sovet fəalı, Bakı müəssisələrinin fəhlələri, dənizçilər, kolxozçular, ziyalılar iştirak etmişlər.

Məhkəmə işə baxma nəticəsində ilk istintaq materiallarını tam təsdiq etmişdir. İttiham olunanların hamısı onları təqsir-ləndirən faktları məhkəmədə təsdiq etdilər, şəxsi əksinqilabi niyyətlərindən imtina etdilər.

Müttəhimlərin kütləvi terrorlar keçirməsi, günahsız sovet adamlarına divan tutması, - onların içərisində bu cinayət-lərdən əziyyət çəkənlər hal-hazırda reabilitasiya olunmuşlar, - başqa ağır dövlət cinayətləri, gördükləri işlərin günahları sənədli məlumatlarla və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir.

Cinayətkarları ifşa edən şahid ifadələri, dövlət ittihamçı-sının nitqi və məhkəmənin hökmü məhkəmə zalında iştirak edənlər tərəfindən yekdilliklə, razılıqla qarşılandı.

Məhkəmənin hökmü ilə məhkum olunanlar: Bağırov, Qriqoryan, Borşov, Markaryan ən ali cinayət cəzasına - güllələnməyə; Atakişiyev və Yemelyanov - hərəsi 25 il müddətinə azadlıqdan məhrum olundular.

SSRİ baş prokurorunun səlahiyyətlərini müvəqqəti icra edən

[möhür.] P. Baranov

SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının sədri [möhür.] A. Çeptsov

4 may 1956-cı il.

№ 84 ls

Nişan:

Sov.İKP MK Rəyasət Heyətinin üzvlərinə göndərmək,

Sov.İKPMK Rəyasət Heyəti üzvlüyünə namizədlərə və Sov.İKP MK katiblərinə göndərmək

P. 1181

7.V.56 [imza oxunmur]

Əsli. Maşın yazısı.

Sonrakı tarixi hadisələr göstərdi ki, Xruşşov L.P.Beriyanı və M.C.Bağırovu fiziki cəhətdən məhv etdikdən sonra, növbə SSRİ Nazirlər Sovetinin sədri Y.Malenkova və onun birinci müavini L.M.Kaqanoviçə gəlib çatır. 1956-cı ildə Tbilisidə Xruşşova qarşı mitinq keçirilsə də, onu silahlanmış ordu ilə dağıtdılar.

Bu hadisədən sonra Malenkov, Kaqanoviç, V.Molotov, N.A.Bulqanin, K.Y.Voroşilov, M.Pervuxin, M.Saburov, L.Şepi-lov Sov.İKP MK Rəyasət Heyətində Xruşşova qarşı hücuma keçirlər. Xruşşov A.Mikoyanın təklifi ilə MK plenumunu çağırır və orada yuxarıda adları çəkilənlərdən təşkil olunmuş «anti-partiya qrupunu» məğlub edirlər. Xruşşov «üçlüklərin» təşkilində «antipartiya qrupunun» üzvlərini ittiham edirdi (özünün fəaliy-yətinə aid olan bütün sənədləri isə təcili olaraq arxivlərdən çıxararaq məhv etdirmişdi - A.M.). Bulqanin və Voroşilov Molotov-Kaqanoviç-Malenkovun məğlubiyyətini görərək təcili tribunaya çıxdılar və Xruşşovun tərəfini tutdular.

1957-ci il plenumunda «antipartiya qrupunun» üzvlərini Sov.İKP MK Rəyasət Heyətindən və MK üzvlüyündən azad edirlər. Lakin Voroşilov və Bulqanin başa düşmürdülər ki, onları da «antipartiya qrupu» üzvlərinin aqibəti gözləyir.

Beləliklə, 1954-cü ildən 1964-cü ilə qədər Xruşşovun dövrü başlayır.

XX əsrin axırlarında Azərbaycan xalqı müstəqilliyini əldə edəndən sonra sovet rejimində tədqiqatçıların üzünə bağlı olan arxiv sənədlərinin öyrənilməsinə imkan yarandı. Əgər sovet vaxtı Bağırovu xalq düşməni adlandırır, üzərinə çirkab atıb min iftira deyirdilərsə, bu gün biz onun siyasi fəaliyyətində olduqca pis səhifələrlə yanaşı başqa tarixi hadisələrin də şahidi oluruq.

Bildiyimiz kimi, 26 aprel 1956-cı ildə M.C.Bağırova ölüm hökmünü oxudular, onun əfvi ilə bağlı bütün ərizələr rədd edildi və 7 may 1956-cı ildə hökm icra edildi.

Mir Cəfər Bağırov Azərbaycana 30 il rəhbərlik etdi. Bu illər ərzində məhkəmədə təsdiqini tapmış cinayətlərlə yanaşı o, azər-baycanlıları deportasiyadan xilas edə bildi. Bağırov öz karyera-sını və həyatını təhlükə qarşısında qoyaraq Azərbaycan xalqının onlarla ən yaxşı nümayəndələrini fiziki cəhətdən məhv edil-məkdən qoruya bildi.

Beləliklə, Azərbaycan SSR-in görkəmli siyasi və dövlət xadimi, 1922-ci və 1940-cı illərdə Azərbaycanın Qırmızı Əmək Bayrağı, 1935, 1942, 1943 və 1946-cı illərdə Lenin ordenləri ilə, 1944-cü ildə «Qafqazın müdafiəsi» medalı ilə, 1945-ci ildə I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuş M.C.Bağırovun sonda naməlum cəlladın gülləsi ilə həyatına son qoyulur. (Ölke.az)


Müəllif: Teleqraf.com