20 May 2017 14:30
1 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycan və Türkiyənin tanınmış fikir adamı, siyasətçisi Əhməd bəy Ağaoğlu İstanbulda məzarı başında anılıb.

İstanbul Azərbaycan Kültür Evinin (İAKE) təşkilatçılığı ilə baş tutan tədbirə İstanbulda yaşayan azərbaycanlılar, burada çalışan müəllimlər və təhsil alan tələbələr qatılıblar.

İAKE başqanı Hikmət Elp anım gününə gələn insanlara təşəkkür edib, İstanbulda dəfn olunan tarixi şəxsiyyətlərin hər birinin həyatının ayrıca tədqiq edilməsinin vacıbliyini qeyd edib.

Tədbir iştirakçılarını məzarlıqla tanış edən tədqiqatçı-jurnalist Dilqəm Əhməd, Əhməd bəy Ağaoğlunun fəaliyyətindən bəhs edib:

“Mən İstanbuldakı Feriköy məzarlığını Azərbaycanın Fəxri Xiyabanı adlandırıram. Çünki burada Əhməd bəy Ağaoğlu və ailə üzvləri, 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin nazirləri, üzvləri olan Xəlil bəy Xasməhəmmədlinin, Xosrov bəy Sultanzadənin, Nağı bəy Şeyxzamanlının, Əbdüləli bəy Əmircanın, Məhəmmədsadıq Aranın, Miryaqub bəy Mirmehdiyevin, Şəfi bəy Rüstəmbəylinin, Hüseynqulu xan Xoyskinin, Valiyyə Kazımbəylinin, Kərim Odərin və başqalarının məzarları var. Bu şəxslər Azərbaycan tarixində çox önəmli rol oynayıblar. Əhməd bəy Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda vəfat edib. Əhməd bəy Şuşada doğulub, Fransada təhsil alıb. 1905-ci ildə ermənilərin Azərbaycan türklərinə qarşı qırğınlarını dayandırmaq məqsədilə Difai hərəkatını yaradıb. 1909-cu ildə təzyiqlərdən xilas olmaq üçün Türkiyəyə gedib. 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın müşaviri olaraq ölkəyə qayıdıb. Daha sonra İstanbul işğal edildiyi zaman Malta adasına sürgün edilib. Atatürk tərəfindən xilas edildikdən sonra onun yanında yer alıb. Əhməd bəy nadir adamlardan olub ki, Atatürkə yaltaqlanmayıb, fikrini ona açıq deyə bilib, təsisçisi olduğu qəzetlərdə hökuməti tənqid edə bilib. Atatürkə olan vəfa borcuna görə, onun yaratdığı Sərbəst Cümhuriyyət Firqəsində ikinci adam olub. Atatürk ölərkən çox kədərlənib”.

D.Əhməd Ağaoğlu məzarlığında uyuyan digər ailə fərdləri, eləcə də məzarları ziyarət edilən Cümhuriyyət üzvləri haqqında da tədbir iştirakçılarına qısa məlumat verib.

Tədbirə qatılan Türkiyənin Kırklareli Universtetinin dosenti, beynəlxalq münasibətlər üzrə analitik doktor Gülarə Yenisey bu məzarlıqda dəfn olunan Cümhuriyyət parlamentinin üzvü Məhəmmədsadıq Aran haqqında məlumat verib. G.Yenisey Aranın Türkiyədəki, Finlandiyadakı fəaliyyətinə toxunub: “Aran Finlandiyada ikən məktəb açıb, Turan Ocağı qurub, türk dilində qəzetlər çap edib. “Ergenekon yolları” adlı şeir kitabının müəllifidir. Mən İstanbulda onun yaşadığı evi də ziyarət etmişəm”.

Tədbirdə iştirak edən Üsküdar Universitetinin əməkdaşı, sosiologiya elmləri doktoru Əbülfət Süleymanlı Feriköy məzarlığında dəfn olunan şəxslərin hər birinin həyatının yazılması, bu məzarlığın tanıdılmasının vacibliyini bildirib.

Tədbiri işıqlandıran Speys TV-nin əməkdaşı Vüsalə Abbasova bu məzarlıqla bağlı sənədli filmlərin hazırlanmasının vacibliyini qeyd edib, bununla bağlı plan hazırlayacağını bildirib.

Tədbirin yekununda D.Əhməd qeyd edib ki, bu məzarlıqla bağlı kitab hazırlayır: “Mən ilk dəfə bu məzarlığa gələndə Miryaqub Mirmehdiyevin məzarının sadəcə yerə düşmüş başdaşını görmüşdüm. Çox pis olmuşdum. Sağ olsun, rejissor Tahir Əliyev bu yaxınlarda xeyirxah bir insanın dəstəyi ilə bu məzarı təmir etdirdi. Gələn il Azərbaycan Cümhuriyyətinin elanının 100-cü ildönümüdür. Bir neçə gün əvvəl cənab Prezident bununla bağlı sərəncam imzaladı. Arzu edirəm ki, tədbirlər planına bu məzarlıqdakı təmirə ehtiyacı olan məzarların bərpası da daxil edilsin. Ən azından girişə xüsusi bir lövhə vurulsun. Mən özüm bununa bağlı müvafiq qurumlara müraciət edəcəyəm. “Son mənzil Feriköy” adlı kitab üzərində də çalışıram. Bu kitab daha öncə çap olunan “Fərqlilər”, “Mühacirlərin dönüşü” kitablarımın davamı kimi olacaq”.


Müəllif: Teleqraf.com