22 May 2017 10:05
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi əməkdaşların ixtisarları barədə məsələyə münasibət bildirib.

FHN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəzi Kütləvi İnformasiya Vasitələrində Fövqəladə Hallar Nazirliyində ixtisarlar barəsində həqiqətə uyğun olmayan xəbərlər yer alıb.

FHN-nin mətbuat xidməti bildirir ki, hələ 2016-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.

Bu fərmana əsasən, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.

Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etdikdən sonra Prezident İlham Əliyevin 2017-ci il 19 aprel fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub.

Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur.


Müəllif: İlhamə Əbülfət