17 İyul 2014 10:54
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə üçün şagird düşərgələri təşkil olunmur?

`Təhsil Nazirliyi uşaqların asudə vaxtının, xüsusilə, yay istirahətinin rasional təşkili üçün yay düşərgələrinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu barədə nazirlik qəzetimizin müvafiq sorğusunu cavablandırarkən mövqeyini açıqlayıb.

Təhsil Nazirliyi hesab edir ki, məktəbyaşlı uşaqların asudə vaxtını səmərəli təşkil etmək mümkün olsa, onlar zərərli vərdişlərdən də uzaq olarlar: "Bu yöndə müxtəlif qurumlar tərəfindən ayrı-ayrılıqda iş görülsə də, müvafiq mərkəzləşmiş fəaliyyətə ehtiyac duyulur".

Bu mövzu Milli Məclisdə də bir neçə dəfə gündəmə gətirilib. Ötən il parlamentin Sosial Siyasət Komitəsi uşaqların istirahəti ilə bağlı yeni qanun layihəsinin müzakirəyə çıxarılacağı bildirilmişdi. Qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatının müəyyənləşəcəyi gözlənilirdi.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin bildirdiyinə görə, "Uşaqların istirahət və müalicəsini təşkil edən müəssisələrin yaradılması haqqında" qanun layihəsi müzakirəyə hazırdır. Layihədə göstərilir ki, uşaqlar üçün istirahət düşərgələrinin salınmasında məqsəd həm onların xəstəlikləridən qorunması, həm də təhsil səviyyəsinin yüksəldilməsidir.

Layihədə uşaqların ölkədən kənarda həm bərpa və sanator-kurort müalicəsinə, həm də yay istirahət düşərgələrinə göndərilməsi nəzərdə tutulub. Uşaq düşərgələrinin tək yayda deyil, ilboyu şənbə və bazar günləri fəaliyyət göstərməsi məqsədəuyğun sayılıb.

Qanun layihəsi hələlik parlamentin plenar iclasına təqdim edilməyib.

Məktəblilərin 50-dən çox istirahət düşərgəsi bağlanıb

1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərib. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalanı isə ölkənin digər səfalı rayonlarında idi.

Keçid dönəmində məktəblilərin istirahət düşərgələrinin bir qismi dağıdıldı və ya özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi.

Şagirdlərin istirahəti təhsil siyasətinin bir hissəsidir

Təhsil eksperti Əlövsət Sadıqlının bildirdiyinə görə, sovet təhsil sistemində şagirdlərin yay istirahət düşərgələrində dincəlməsi təhsil siyasətinin bir hissəsi olub.

İstirahət düşərgələrində müxtəlif yarışlar keçirilir, uşaq kollektivləri ilə canlı ünsiyyət qurulurdu. Bir sözlə, bu istirahət düşərgələri şagirdlər üçün xüsusi əhəmiyyət daşıyırdı".

Ekspertin fikrincə, məsələni tənzimləyən qanun layihəsi qəbul edilsə, şagirdlər üçün çox faydalı olar: "Bir məqam da var ki, Azərbaycanda gözəl qanunlar qəbul olunur, bəzi məmurlarsa bacardıqları qədər elə mexanizm tətbiq edirlər ki, dövlət büdcəsindən ayrılan vəsaitlər, yaxud digər məbləğlər onların öz ciblərinə xeyir versin. Hesab edirəm ki, bununla əlaqədar Təhsil Nazirliyi də xüsusi proqram təklif edə bilər".

5-6 düşərgə qalıb, ona da hər valideynin imkanı çatmır

Əlövsət Sadıqlı bildirdi ki, hazırda şagirdlər üçün kütləvi şəkildə yay-istirahət düşərgələri fəaliyyət göstərmir: "Hazırda fəaliyyətdə olan 5-6 düşərgə var ki, onlar da hansısa nazirliklərin, qurumların nəzdindədir. Məsələn, Daxili İşlər Nazirliyinin Çingiz Mustafayev adına düşərgəsi, Müdafiə Nazirliyinin, Xəzər Dəniz Donanmasının belə düşərgələri var. Gənclər və İdman Nazirliyi də düşərgələr təşkil edir. Bu düşərgələr də uzaqbaşı 2000-3000 uşaq üçün nəzərdə tutulur. Hər il də qiymətlər qalxır. Bir uşağın istirahəti 200-300 manata başa gəlir. Buna əlbəttə, indiki şəraitdə hər valideynin imkanı çatmır".

Yalnız bir neçə internat məktəbi düşərgə rejimində fəaliyyət göstərir

Təhsil Nazirliyi isə redaksiyaya ünvanlandığı cavabda yazır ki, uşaqların fiziki və mənəvi sağlamlığı və bu əsasda onların yaradıcılıq qabiliyyətlərinin inkişafı məsələləri həm valideynləri, həm müəllimləri ciddi narahat edən məsələlərdəndir. Nazirlikdən bildirilir ki, bununla əlaqədar həm tədris prosesində, həm də tədrisdən kənar müstəvidə əlverişli mühitin yaradılmasına ciddi ehtiyac var: "Onu da qeyd edək ki, təhsil alanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəki fəaliyyət azlığının uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərin yaratdığı problemlər Təhsil Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır".

Nazirlik bildirir ki, yalnız Bakı şəhərində bir neçə internat məktəbi yay dövründə düşərgə rejimində fəaliyyət göstərir. Həmin dövrdə bu müəssisələrdə qalan uşaqlar üçün müxtəlif mədəni-kütləvi proqramlar həyata keçirilir.

Təhsil Nazirliyi onu da qeyd edib ki, keçmiş sovetlər dönəmində yay istirahət düşərgələri Həmkarlar İttifaqının balansında olduğuna görə məktəblilərin yay istirahətinin təşkili məsələsi də bu qurumun üzərinə düşüb: "Sadəcə, Həmkarlar İttifaqı məktəblilərin yay istirahətinin təşkilində Təhsil Nazirliyinin köməyindən də istifadə edirdi. Şagirdlər üçün yay məktəblərinin və geniş şəbəkəyə malik istirahət düşərgələrinin təşkili bu gün də ehtiyac duyulan məsələlərdəndir".

Yay düşərgələrini koordinasiya edən qurum yoxdur

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev də uşaqların istirahət düşərgələrində dincəlməsini olduqca önəmli məsələ hesab edir: "Aktual bir mövzudur və uşaqlar üçün bu şəkildə istirahət çox vacibdir. Bu məsələni "Uşaq hüquqları haqqında" qanunda dəyişiklik edilməklə də reallaşdırmaq mümkündür. Ən vacibi bu işləri koordinasiya edən qurum fəaliyyət göstərməlidir. Məsələn, uşaqların istirahətinin təşkilini Gənclər və İdman Nazirliyi, yaxud Ailə, Qadın və Uşaq Komitəsi və ya Təhsil Nazirliyi həyata keçirə bilər. Bu, davamlı bir proses olmalıdır".


Sevil HİLALQIZI


Müəllif: