25 May 2017 13:20
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Ukrayna və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri bu gün ekoloji poliqonda yandırılaraq məhv edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Bakı Baş Gömrük İdarəsinin inspektoru Rövşən İsmayılov jurnalistlərə bildirib ki, yandırılan dərmanların ümumi dəyəri 200 min manata yaxındır: "Rusiya, Ukrayna və Avropa ölkələrindən "Referans Pharmaceuticals", "Radez", "Si Medical", "Zeytun Pharmaceuticals", "Qırxbulaq", "Eco B Tam Xarici İnvestisiyalı", "Trokas pharma" və digər firmalar tərəfindən müxtəlif vaxtlarda idxal edilən 6 milyon 24 min 975,73 rubl, 15 min 339 avro, 92 min 233,60 ABŞ dolları və 448 türk lirəsi dəyərindəki dərman vasitələri ekoloji poliqonda yandırılaraq məhv edilib".

Rövşən İsmayılov qeyd edib ki, gömrük orqanlarının fəaliyyət istiqamətlərindən biri də ölkəyə idxal edilən ərzaq məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət etməkdən ibarətdir: "Bu istiqamətdə əlaqədar dövlət qurumları ilə aparılan işgüzar əməkdaşlıq nəzarət tədbirlərinin də effektivliyini artırıb.

Bakı Baş Gömrük İdarəsi bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nümunələr üzərində aparılan analizlərin nəticələri müvafiq tələblərə cavab verməyən, qablaşdırılmasında uyğunsuzluqlara yol verilən və Azərbaycan ərazisində dövlət qeydiyyatına alınmayan dərman preparatları müəyyən edilərək dövriyyədən çıxarılıb".


Müəllif: İlhamə Əbülfət, Elçin Murad