25 May 2017 14:25
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin yubileyi münasibətilə “İntizar” operası nümayiş olunub.

Bəstəkarlar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (Kəndli) ifa ediblər.

Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

“İntizar” operası (“Qarabağnamə” adı ilə) ilk dəfə 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində xalq artisti Cənnət Səlimovanın quruluşunda və dünya şöhrətli dirijor Arkadi Ştеynluхtun idarəsi ilə nümayiş olunub.

2010-cu ildə opera Heydər Əliyev Fondunun təşəbbüsü və Nərgiz Paşayevanın prodüser layihəsi əsasında hazırlanaraq, Heydər Əliyev Sarayında göstərilib. Bu dəfə operanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri Dmitri Bertman, xormeyster xalq artisti Gülbacı İmanova olub.

Operanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da həmin gün operaya tamaşa ediblər.


Müəllif: Teleqraf.com