25 May 2017 15:50
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-dən 25-dək paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işləri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hazırda polad şəbəkələrlə trekin ətrafında ikinci qoruyucu hasarın quraşdırılması işləri aparılır. Tikinti-quraşdırma işləri görülərkən, şəhər sakinlərinin fasiləsiz hərəkətinin təmin olunmasına və ətrafda yerləşən biznes-iaşə obyektlərinin işgüzar fəaliyyətinə maneə törədilməməsinə xüsusi diqqət göstərilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərindən, o cümlədən trek ətrafı ərazilərdə fəaliyyət göstərən sahibkarlardan müvəqqəti narahatlığa görə üzr istəyir və onları səbrli davranaraq yarışa hazırlıqla bağlı görülən işləri anlayışla qarşılamağa dəvət edir. Əməliyyat şirkəti bir məqamı ölkə ictimaiyyətinin nəzərinə çatdırır ki, ötən illə müqayisədə bu il Azərbaycanda keçiriləcək növbəti Formula 1 yarışına xaricdən daha çox maraq var və yarış ərəfəsində Bakıya minlərlə turistin gələcəyi gözlənilir: “Biz təşkilatçı olaraq Azərbaycan Qran Prisini izləməyə gələcək Formula 1 azarkeşlərini böyük qonaqpərvərliklə qarşılamağa hazırlaşırıq. Ümid edirik ki, xaricdən gələn minlərlə turist başda trekə yaxın iaşə obyektləri olmaqla bütövlükdə ölkə iqtisadiyyatının bir çox sahəsinə birbaşa öz töhfəsini verəcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti möhtəşəm yarışın ərsəyə gəlməsində göstərdiyi anlayış və dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir. İnanırıq ki, bu il də biz sizin əvəzolunmaz köməyiniz sayəsində Formula 1 çempionatının ən maraqlı və ən yaddaqalan yarışına ev sahibliyi edəcəyik!”


Müəllif: Nərgiz