26 May 2017 17:21
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dağlıq Qarabağda erməni girovluğunda saxlanılan bu ölkənin vətəndaşı Dilqəm Əsgərovdan Rusiyanın üz döndərmədiyini bəyan edib.

Teleqraf.com-un məlumatına görə, diplomat “Sputnik Azərbaycan”a müsahibəsində qeyd edib ki, qaydalara əsasən, xaricdə Rusiya vətəndaşının başına bir iş gələrsə, o zaman səfirlik öz konsulluq əməkdaşını onunla görüşməyə göndərməli, sənədlərini yoxlamalı, əslində başına nə iş gəldiyini araşdırmalıdır: “Biz Əsgərovla bağlı belə edə bilmərik, çünki adam Rusiyanın beynəlxalq hüququn subyekti kimi tanımadığı ərazidədir. Suallar isə çoxdur. Bunlar haqda Xarici İşlər Nazirliyinin nümayəndəsi Artyom Kojin artıq danışıb. Təkrar edə bilərəm. Əsgərov oraya necə gedib çıxıb? Təmas xəttini necə keçib? Əslində onun başına nə iş gəlib? Nəyə görə silahlı olub? Biz situasiyanı tam dərk edə bilməmişik. Bax Əsgərovun Lapşindən fərqi budur. Ancaq bu, o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir”.

Onun sözlərinə görə, Qırmızı Xaç nümayəndələri ilə təmasda bu haqda danışıb: “Bizim təşəbbüsümüzlə məsələ Minsk Qrupu həmsədrlərinin gündəminə gətirilib. Situasiya qeyri-standartdır. Təkrar edirəm, biz həll yolunu tapmaq üçün imkanlar axtarırıq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Kəmalə