27 May 2017 11:01
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) aşkar etdiyi murdar at, eşşək əti yenidən satışa çıxarılır.

Bunu Teleqraf.com-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Birlik sədrinin sözlərinə görə, DBNX-nın ifşa etdiyi yararsız ət məhsulları müəyyən yerdə toplanır:

“Məndə olan məlumata görə, həmin murdar ətlər daha sonra müxtəlif müəssisələrə, o cümlədən şadlıq evlərinə, dönərxanalara paylanılır. Bir neçə il öncə murdar ət yığan insan özü mənim yanıma gəldi. Bildirdi ki, ifşa olunan ətlər 4-cu mikrorayon ərazisində toplanır.

Dedi ki, mən həmin işdən çıxmışam, amma həmin yerə gecələr murdar ət təhvil verirlər. Mən də gecə saat 3-də başıma xüsusi maska geyindim, əraziyə getdim. Murdar ətlərin əraziyə gətilməsinin və anbara daşınmasının şahidi oldum”.

Eyyub Hüseynov qeyd edib ki, bu cür hallar hələ də davam edir: “Bu məsələdə dövlət qurumları birlikdə işləməlidir. Məsələn, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bir ton at-eşşək əti tutur, cinayət işi qaldırılır. Məsələ gedir məhkəməyə, araşdırılır. Amma DBNX-i 5 ton at-eşşək əti tutur, cərimə edir, alnından öpür, yola salır. Nə üçün dövlət orqanları birlikdə hərəkət etmir? Azad İstehlakçılar Birliyi 20 ildir ki, dövlət orqanlarının koordinasiyasız fəaliyyətindən narazıdır”.

Eyyub Hüseynov deyib ki, murdar ətlərlə bağlı birliyə həftədə 4-5 telefon zəngi daxil olur: “İnsanlar hansı yerlərdə qidalanmalı olduqları barədə sorğu yollayırlar. Çıxılmaz vəziyyətdə qalıblar. Bu ilin fevral ayında Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyi yaradılması barədə sərəncam imzaladı və agentlik gələn ildən fəaliyyət göstərəcək. Ümid edirəm ki, problem aradan qalxacaq”.


Müəllif: İlhamə Əbülfət