28 May 2017 17:46
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, 1891-ci il, fevralın 3-də Şuşada anadan olub və ilk təhsilini də orada alıb. Daha sonra Bakıdakı “Realnı məktəb”də oxuyub. Sonra Peterburq və Sorbonnada ali təhsilini davam etdirib. Ən son oxuduğu universitet isə Parisdəki Ali Politexnik məktəbi olub. Bütün bunlardan sonra isə ən çox mətbuata önəm verib. Bir çox mətbuu orqanlarda –“Kaspi”, “Proqress”, “Azərbaycan”, “İrşad”, “Tərəqqi” kimi qəzetlərdə çalışıb. Mədəni-maarif sahəsində də bir çox işlər görüb. Hətta qardaşı Üzeyir bəyin “Leyli və Məcnun” operasında Nofəl rolunda çıxış edib.

Bu gün 28 May- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümüdür. Cümhuriyyət şanlı hadisə, qəhrəmanlıq tarixidir. Və o öz-özünə yarana bilməz. Nə yaxşı ki, bu şanlı tarixin banisi Məhəmməd Əmin Rəsulzadə və bir neçə şəxs haqqında mətbuatda mütəmadi olaraq yazılar görürük. Bu günlər sosial şəbəkələr də AXC liderlərinin fotoları ilə zəngindir. Buna sevinməyə bilmərik və sevinməmək haqqımız da yoxdur.
Azərbycanda giriş sözlərindəki bioqrafiyanın sahibi Ceyhun bəy Hacıbəylini uzun müddət ancaq Üzeyir bəyin qardaşı kimi tanıyıblar. Amma müstəqillik dövründən sonra bir sıra tədqiqatçıların onun barəsində apardıqları geniş tədqiqatlar göstərdi ki, Ceyhun bəyin özü ayrı-ayrılıqda Azərbaycan ictimai-siyasi fikir tarixi üçün çox lazımlı bir fiqurdur və o, fərd olaraq daha geniş araşdırılmalıdır.
O, AXC dövründə dövlət üçün çox əhəmiyyətli “Azərbaycan” qəzetini yaradır və onun əsas ağırlığını öz çiyinlərinə alır.
Fəaliyyətinin ən önəmli dövrü 1918-ci ilin axırı 1919-ci ilin əvvəllərinə təsadüf edir. O zaman Ceyhun bəy və başqa 6-7 şəxs Topçubaşovun başçılığı ilə Parisin Versal sarayında təşkil olunan konfransa gedirlər. Ceyhun bəy dövlətin müşaviri kimi AXC-ni təmsil edirdi və Topçubaşov komandasının ən vacib üzvlərindən biri idi. Çünki o həm Sorbonnada oxumuşdu, Paris mühitini yaxından tanıyırdı, həm də Parisdə xeyli şəxsi əlaqələri var idi. Həm onun, həm də nümayəndə heyətimizin səyi nəticəsində az müddət ərzində 23 dövlət Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanıdı. AXC dağılandan sonra isə Ceyhun bəy Bakıya qayıtmadı. Fransada nə qədər ağır, kasıblıqla dolu bir həyat yaşasa da, yenə geri dönmədi. Çünki o, yaxşı bilirdi ki, Bakıya qayıdandan sonra onu nələr gözləyir. Qardaşı ilə yazışmalarda da bunu görmək olar. Üzeyir bəyin onu Bakıya dəvət etməsinə baxmayaraq, Ceyhun bəy qəti şəkildə gəlməyəcəyini deyib.
Beləcə, ömrünün sonuna qədər qürbətdə yaşayır. Qürbət ağrısını yazılarının birində belə ifadə edib:
“Doğmalarımdan ayrılmağımın həsrətini bu qırx il ərzində tez-tez çəkirəm. Ən çox da yadıma düşən bacılarımdı. Bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edirdi. Yadımdadı, mən Fransaya gələndə bacılarım necə acı göz yaşları tökdülər. Anamın dolu gözləri xəyalımdan çəkilmir. Mən onları inandırırdım ki, cəmisi iki aylığa gedirəm. Nə üçün ağlayırsınız? Amma mən özüm də bilmədən onları aldatmışam. İndi məmləkətimdən ayrılmağımın 41 ilini yaşayıram. Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm...".
O, məcburiyyət qarşısında qalaraq bir daha vətənə dönmədi. Bu nisgillə bərabər, xeyli çətinlikləri çiyinlərində daşımalı oldu. Siyasi mühacir kimi heç yanda iş tapa bilmədiyindən məcburiyyət qarşısında qalaraq ödənişli məktəbdə oxuyan oğlunu da məktəbdən xaric etdirdi. Bu haqda əvvəlcə Zülfüqar Hacıbəyovla məktublaşır. Öz ağır güzəranını ondan gizlətməsə də, böyük qardaşı Üzeyirin həssas olduğunu bilib ondan sirr kimi saxlayır. Amma təbii ki, tanınmış bəstəkar da qardaşının vəziyyətindən bir gün xəbər tutur. Bütün gücü ilə onun vətənə qayıtmasına çalışır. Amma hakim dairələr arasında böyük nüfuzu olan Üzeyir bəy də çox qabağa gedə bilmir.
Amma bəzən, ona bu cür ağrılı məktublar yazır:
“Sənin və Zöhrənin məktubları gəlib bizə çatdı. Ceyçikin (Ceyhunun oğlu) kefsizliyi və sənin əsəbiliyin bizi çox qəmgin etdi. Fəqət bir qəm-qüssə ilə il keçməz olduğunu bildiyimiz üçün qət etdik ki, sizə “realnı” dəstək olaq. Zülfüqarla (bəstəkarın qardaşı) məsləhətləşib məsələnin həllini üç qismə böldük: birinci, sizə hər ay “requlyarnı” yardım göndərəcəyik. İkincisi, sizin buraya gəlmək məsələnizdi. Üçüncüsü, mənim “zaqranitsa”da ali musuqi təhsilimin bir qədər təxir edilməsidir.
Birinci qismi biz Zülfüqarla öz boynumuza götürdük və qərara gəldik ki, sənin etirazına baxmayaraq hər ay uşaqlar üçün pul göndərək, bir şərtlə ki, həmin pul 50 manatdan az olmasın. Bu bizim üçün mümkündür, ağır deyildir. Çünki hər ikimizin gəlir yerimiz vardır.
Sabah və ya biri gün sizə teleqrafla pul göndərəcəyik. Bu xüsusda arxayın ola bilərsən. Göndərəcəyim pullar sizə bir aya çatmasa da maddi pərişanlığınızı bir qədər intizama salar”.
Ceyhun bəydən bəhs edən yazını aşağıdakı ağrılı sözlərlə bitiririk. Hansı ki, bu sözləri inamının bitdiyi anda yazmışdı:
"Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm..."
Moderator.az

Müəllif: Teleqraf.com