29 May 2017 15:50
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun diaqnostik qiymətləndirmə imtahanlarında zəif nəticə göstərən müəllimlərin ixtisar olunacağı ilə bağlı açıqlaması müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı təhsil ekspertləri Teleqraf.com-a açıqlama veriblər.

Ekspert Nadir İsrafilovun sözlərinə görə, təhdid xarakterli fikirlər çoxsaylı müəllimlərdə narazılıq yaradıb: “Müəllimi diaqnostik qiymətləndirmə adı ilə bu qədər hallandırmaq, aşağılamaq, təhdid etmək yolu ilə əsəb və gərginlikdə saxlamaq heç bir normalara uyğun deyil. Müəllimə qarşı itirilmiş inam və etibarı təkrar-təkrar qabartmaq və üzə vurmaqla görəsən nəyə nail oluruq?

Bu kimi açıqlamalardan bir çox yerli təhsili idarəetmə orqanları sıravi müəllimlərə qarşı da təzyiq, qərəz və şəxsi ambisiya vasitəsi kimi istifadə edirlər”.

Ekspert bildirib ki, nazirlik “saxta müəllim”lər və onların havadarları ilə əlaqədar görülən işlərin nəticələri barədə ictimaiyyəti məlumatlandırmalı idi: “Bu, daha məntiqi olardı, nəinki quru stress ab-havası yaratmaq... Müvafiq qanunverıciliyə görə müəllimlərin ixtisarı və ya işdən azad olunması diaqnostikanın səlahiyyətləri çərçivəsində nəzərdə tutulmayıb. Bunun üçün ən yaxşı və ya pis halda attestasiya adlanan bir prosedur var. Nazir də dəfələrlə qeyd edib ki, diaqnostik qiymətləndirmə attestasiyaya hazırlıq mərhələsidir və diaqnostik qiymətləndirmə başa çatdıqdan sonra attestasiyaya başlanılacaq. Məktəblərdə minlərlə vakant yer olduğu halda hansı ixtisarlardan söhbət gedə bilər?”.

AMEA əməkdaşı, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, diaqnostik imtahanlar zamanı ölkənin 4481 orta məktəbində çalışan 151 mindən çox müəllimin təhsil sənədlərinin yoxlanmasına şərait yaranıb: “Bəlli oldu ki, on minlərlə müəllim saxta, qanunsuz sənədlərlə fəaliyyət göstərir. Eyni zamanda bu imtahanlar uzun müdət fəaliyyət göstərən, amma təkmilləşməyə meyilli olmayan müəllimləri hərəkətə gətirdi. Diaqnostik imtahan nəticələri göstərdi ki, həmin müəllimlərin tədris etdikləri fənlərdən bilikləri 30 faizdən aşağıdır.

Təhsil Nazirliyinin elan etdiyi məlumatlarda göstərilir ki, 35 faizə yaxın müəllimin ixtisası üzrə təkmilləşməyə ehtiyacı var. Təbii ki, özü tədris etdiyi fəndən minimum biliyə malik olmayan müəllim qarşısındakı şagirdə maksimum bilik öyrədə bilməz.

Təəssüf, bizdə belə bir təsəvvür var ki, müəllim sinifdə şagirdləri sakitləşdirmək və kitabı onlara üzdən oxutdurmaq üçündür”.

Bununla belə, ekspert hesab edir ki, diaqnostik imtahandan az bal toplayan müəllimləri işdən azad etmək düzgün deyil: “Bu müəllimlər azı 4-5 il ali təhsil alıblar, müəyyən bilik və bacarıqlara sahib olublar. Deməli, çalışdıqları müəssisədə normal tədris şəraiti olmayıb. Hesab edirəm ki, məktəb rəhbərliyi tabeliyində olan müəllimlərin daim öz üzərlərində çalışmasını təmin etsə, bu biabırçı nəticələr ortaya çıxmaz.

İmathanın nəticələrinə görə müəllimlərin işdən azad edilməsi mümkün deyil. Çünki Əmək Məcəlləsi buna imkan vermir. Bu vəziyyətdən yeganə çıxış yolu imtahan nəticələri zəif olan müəllimləri təkmilləşmə kurslarına cəlb etmək, nəticələri zəif müəllimlərə dərs bölgüsü zamanı az dərs saatı verməkdir”.

Qeyd edək ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi 2014-cü ildən etibarən keçrilir.


Müəllif: İlhamə Əbülfət