30 May 2017 12:46
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə yayılan video və məlumatlar həqiqətə uyğun deyil. Bu cür xəbərlər faktları əks etdirmir.

Bu sözləri Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Murtuzəli Hacıyev bildirib ki, nazirliyə bu cür məlumatlar daxil olmayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda süni qidaların hazırlanmasına gərək olan texnologiyalar var:

“Amma ölkəmizdə süni ət hazırlanmır. Bu məhsulların insan orqanizminə təsiri hələ öyrənilməyib. Ola bilər, ölkəmizə süni ət xaricidən gətirilsin.Süni ət barədə bizim birliyə hər hansı bir şikayət daxil olmayıb.

Ancaq bir müddət əvvəl süni yumurta ilə bağlı şikayət almışdıq. Həmin yumurta ofisimizə gətirildi, tədqiqat göstərdi ki, süni yumurta deyil. Sadəcə, toyuğa çiyid yağı verildiyi üçün yumurtanın sarısı süni yumurtanın sarısı kimi görsənir”.

Dünya ölkələrində isə süni kənd təsərrüfatı məhsullarının hazırlandığı barədə vaxtaşırı məlumatlar yayılır.

Məlumatlara görə, yumurta, qoz, bal, ət, bibər, düyü, keks, qəhvə, sənaye duzu, balıq, buğdanın süni yolla hazırlanması artıq heç kəsə sirr deyil. Bu cür məhsullar daha çox Çində istehsal olunur. Həmin məhsulların ərsəyə gətirilməsində ya plastik materiallardan, ya da kimyəvi maddələrdən istifadə edilir.

Süni meyvə sularının tərkibi üçün isə qadağan olunmuş həşarat cəsədlərindən istifadə olunur. Amerika Birləşmiş Ştatlarının marketlərində satılan meyvə sularının 50 faizə yaxını Çindən idxal olunan bu tipli meyvə sularıdır.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda süni ətin hazırlanması videosu hazırlanıb. Əvvəlcə qabdakı suyun içərisinə qırmızı rəngdə mənşəyi məlum olmayan maddə əlavə edilir. Bir neçə dəqiqədən sonra yumşaq formada sərtləşməyə başlayır. Bir nəfər onun üzərinə nə olduğu dəqiq bilinməyən maddələr səpir.

Daha sonra maddə burularaq kiçik qaba yerləşdirilir. Ən sonda kəsilərək kolbasa formasına gətirilir. Sosial şəbəkədə yayılan bu görüntülər süni ət məsələsini bir daha gündəmə gətirib.


Müəllif: İlhamə Əbülfət