17 İyul 2014 18:29
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün işğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən girov götürülən Kəlbəcərlilərin Hüquqlarının Müdafiə Komitəsi mətbuat konfransı keçirdi.

Müdafiə Komitəsinin sədri, jurnalist Elxan Salahov çıxışında bildirdi ki, məqsədləri əsir düşmüş azərbaycanlıların hüquqlarını müdafiə etmək, onlara qarşı yol verilən zorakılıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.


Elxan Salahov yerli mətbuatda da əsir düşmüş azərbaycanlılarla bağlı yer alan xəbərlərin bəzən həqiqəti əks etdirmədiyini bildirdi. Bu informasiyaların sadə vətəndaş arasında yanlış təsəvvür yaratdığını və işğalçı ermənilərin də bu fürsətdən yararlandığını dedi. Onun sözlərinə görə, əsir düşən azərbaycanlıların Kəlbəcərə getməkdə məqsədləri yaxınlarının məzarlarını ziyarət etmək olub.


Qeyd edək ki, tədbirə öncədən ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, mətbuat nümayəndələri və bir sıra millət vəkilləri dəvət edilsə də, millət vəkillərindən yalnız Aydın Mirzəzadə iştirak edirdi.

Tədbirdə çıxış edən Aydın Mirzəzadə ermənilərin bu əməlinin beynəlxalq hüquq normalarına sığmadığını dedi. Bildirdi ki, azərbaycanlıların öz torpaqlarına getmək hüquqları var və onlar bu hüquqlarından istifadə ediblər: “Əsir düşən Azərbaycan vətəndaşları sərhədi yox, sadəcə cəbhə xəttini keçiblər. Heç kim bir azərbaycanlının öz torpaqlarını ziyarət etməsinə qadağa qoya bilməz”.

Aydın Mirzəzadə vətəndaşlarımızın bu addımını qəhrəmanlıq kimi qiymətləndirdi. Onları Ramil Səfərov, Mübariz İbrahimli ilə müqayisə etdi. Beynəlxalq qurumların, ATƏT nümayəndələrinin bu məsələyə münasibət bildirməsinin vacibliyini vurğuladı: “Əminəm ki, bu məsələyə dövlət səviyyəsində ciddi reaksiya veriləcək”.

Üzeyir Cəfərov: “Biz gecikirik”

Hərbçi ekspert Üzeyir Cəfərov əsir düşən azərbaycanlılarla bağlı ləng addımlar atıldığını bildirdi. Qeyd etdi ki, əsir düşən soydaşlarımız Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bundan əvvəl də ata-baba torpaqlarının ziyarətinə gediblər, lakin bu dəfə onların üzərində mobil telefon olduğu üçün erməni qəsbkarları tərəfindən tutulublar: “Biz gecikirik. Hətta əsirlərimizdən birinin artıq həyatda olmaması haqqında məlumatlar almışıq. Ona görə təcili tədbirlərin görülməsinə ehtiyac var”.

İctimaiyyət təmsilçisi olan Əvəz Həsənov isə qeyd etdi ki, vətəndaşlarımızın belə asanlıqla ələ keçməsi təəssüfedici haldır.

Qeyd edək ki, tədbir işıqların sönməsi ilə yarımçıq saxlandı. Deputat Aydın Mirzəzadə də tədbiri yarımçıq tərk etdi. Əsirlərin yaxınları mətbuat konfransına gəlsələr də, onlar zaldan çıxarıldı və danışmalarına imkan verilmədi. Tədbir iştirakçıları və jurnalistlər konfransın yarımçıq kəsilməsinə etiraz etsələr də, konfrans davam etdirilmədi. Təşkilatçılar bəyanatlarını oxumadan zalı tərk etdilər. Onlar bildirdilər ki, bir neçə günə yenidən tədbir keçirməyə çalışacaqlar.


Təşkilatçıların mediaya sonradan göndərdikləri bəyanatda isə əsir vətəndaşların Müdafiəsi Komitəsinin beynəlxalq təşkilatlara müraciət etdiyi bildirilir.

Qeyd edək ki, müraciət Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinə və BMT-yə ünvanlanıb. Müraciətdə deyilir: “1990-cı illərin əvvəllərində Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizini işğal edilməsi nəticəsində 1 milyondan artıq soydaşımız öz ata-baba yurdundan, ev-eşiyindən didərgin salınıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda başlanan bu münaqişə zamanı Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon (Kəlbəcər də daxil olmaqla) 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunub. Həmin 7 rayondan məcburi köçkün düşmüş 1 milyona yaxın Azərbaycan vətəndaşı 20 ildən artıqdır ki, öz ata-baba yurduna, doğulduğu torpaqlara qayıdıb orada sərbəst yaşayacağını səbirsizliklə gözləyir. Ancaq 1992-ci ildə münaqişə bölgəsində əldə edilmiş atəşkəs sazişi imzalanandan sonrakı dövr ərzində beynəlxalq səviyyədə aparılan sülh danışıqları nəticə vermir.

Çox təəssüf ki, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin qəbul etdiyi 4 qətnaməyə əməl etməyən Ermənistan bu hərəkətlərinə görə cəzalandırılmır. Bu cəzasızlıq isə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətləri törətmək üçün əl-qolunu açır.

2014-cü il iyul ayının 10-da Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov adlı 3 Azərbaycan vətəndaşının öz dədə-baba yurdu olan Kəlbəcərdə doğmalarının qəbirlərini ziyarət edərkən Ermənistan tərəfindən girov götürülməsi bunu bir daha sübut edir. Halbuki Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin əməkdaşları tərəfindən girov götürülən bu mülki şəxslər Ermənistanın dövlət sərhədlərini pozmayıb, öz doğma torpaqlarında gəzib, yaxınlarının məzarlarını ziyarət ediblər.

Ermənistan hökuməti öz torpağını ziyarətə getmiş Azərbaycan vətəndaşlarını “diversant” kimi qələmə verməklə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır. Öz torpaqlarını ziyarətə gedən məcburi köçkün soydaşlarımızın Azərbaycanın dövlət sərhədləri daxilində - Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülməsi hadisəsi işğalçı qonşumuzun Azərbaycana qarşı barışmaz mövqedə olduğunu bir daha sübut edir. Məhz bu hadisə ATƏT-in Minsk Qrupu tərəfindən aparılan uzunmüddətli sülh danışıqlarının perspektivlərini də şübhə altında qoyur. Biz bundan dərin təəssüf hissi və ciddi narahatlıq keçirdiyimiz bəyan edirik”.

Komitə Ermənistanın hərəkətlərini, Azərbaycana və Azərbaycan vətəndaşlarına qarşı düşmənçilik siyasətini pisləməklə yanaşı, beynəlxalq ictimaiyyəti baş verənlərə laqeyd qalmamağa çağırıb.

Sevil HİLALQIZI


Müəllif: