14 İyun 2017 09:11
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmir’in dağlarında çiçekler açar, Altın güneş orda sırmalar saçar, Bozulmuş düşmanlar yel gibi kaçar, Yaşa Mustafa Kemal Paşa yaşa! Adın yazılacak mücevher taşa...

Türkiyədə son referendum ərəfəsində İstanbulu titrədən yalnız bir marş vardı: orijinalı “Qafqaz marşı” olan “İzmir marşı”.

Bu marş elə bir vəhdət yaradıb ki, İzmiri görmədən Türkiyəni dərk etmək, Atatürkü duymaq, onun mücadiləsini anlamaq sanki qeyri-mümkündür. Üstəlik, Türkiyənin bir çox bölgələri biri-birinə bənzəsə də, İzmirin ölkə içində əsrarəngiz bir özəlliyinin olduğu deyilir.

Ona görə də, Bakıya dönmək ərəfəsində həm İzmiri görmək, həm də hazırlamaqda olduğumuz “Varislər” kitabı üçün material toplamaq məqsədi ilə bu şəhərə yola düşdük.

Daha bir işimiz mühacir şair Almas İldırımın oğlu Azər Almasla görüşüb, tərtibçisi olduğum və “XAN” nəşriyyatı tərəfindən çap olunan “Almas İldırım haqqında xatirələr” kitabını ona təqdim etmək idi.

İzmirə “Bla bla car” adlı xidmət vasitəsilə gecə saat 12:30-da yola düşdüm, səhər 07:00-da çatdım. İzmir avtovağzalında enəndə ilk təəssüratım heç də xoş olmadı. Azərbaycanın sovet dönəmindəki avtovağzallarını xatırladan bu ərazi məndə türklər demiş, xəyal qırıqlığı yaratdı. Ona görə Feysbukda zarafatla “İzmir keçmiş Sumqayıta bənzəyir” deyə status yazdım. Amma çox keçməmiş necə böyük yanlışlığa yol verdiyimi də anladım...

***

İlk işim Azər Almas bəyə zəng etmək oldu. İzmirin Gözəlbağça səmtinə gəlməyimi istədi. Şairin oğlunun evinə doğru yola düşərkən Almas İldırımın Bakıdan Dağıstana, Dağıstandan Türkmənistana, Türkmənistandan İrana, İrandan Türkiyəyə əziyyət dolu qaçışını xatırladım.

İldırımın bir qayanın kənarında buraxıb getmək istədiyi oğlunun indi İzmirdəki evinə doğru yollanmaq qəribə duyğu idi. Ege körfəzi boyunca Gözəlbağçaya yola düşdükcə Almasın həyatı, onun haqqında kitab hazırlayarkən oxuduğum xatirələr bir-bir gözümün önünə gəlir, bolşeviklərin milli ziyalılarımıza, siyasətçilərimizə, yazıçı və şairlərimizə etdikləri zülmləri düşünürəm.

(Azər Almas bəylə geniş müsahibə təqdim edəcəyimiz üçün bu barədə növbəti yazıda bəhs edəcəyik).

***

...İzmirdə təhsil alan dostumuz Niyaz Mirnamazoğlu ilə Çankaya metrosunun qarşısında görüşürük. Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinə (AKİDER) gedirik. Təşkilatın idarə heyətinin üzvlərindən Cavid Əliyev bizi səmimi şəkildə qarşılayır, İzmirdə həyata keçirdikləri fəaliyyət barədə geniş bilgi verir. Qərara alırıq ki, oktyabr ayında Almas İldırımın 110 illiyi ilə bağlı universitetlərin birində geniş konfrans təşkil edək.

Cavid bəy dərnəyin çap etdiyi Hüseyn Tuncerin “Türk Yurdundan Azərbaycan ədəbiyyatı üzərinə məqalələr” adlı kitabını və Azərbaycan bayrağının rəngləri ilə hazırlanmış təsbeh hədiyyə edir.

Gözəlbağçanı gördükdən sonra İzmirin gözəlliyinə vurulsam da, yenə də internetdə fotolarını, görüntülərini izlədiyim şəhərdən əsər-əlamət görmürəm. Qayğılı şəkildə müsafiri (onun deyimi ilə ev sahibi) olduğum Niyaz bəyin evinə doğru yola düşürük.

Elə bu vaxt Feysbukda İzmiri Sumqayıta bənzətdiyimi görən, burada yaşayan jurnalist həmkarımız Nigar Ögeday xanım zəng edir, əsl İzmiri göstərəcəyini deyir...

Və mən helikopter yüksəkliyindən İzmiri izlədikdən sonra peşmanlıq hissi duyur, İzmir vətəndaşlarından videomüraciətlə üzr istəyirəm...

Yəhudi tacirin tikdiyi lift

Nigar xanımın bizi gətirdiyi tarixi lift 1907-ci ildə yəhudi tacir Nesim Levi Bayraklıoğlu tərəfindən hazırlanıb.

58 metr hündürlükdə olan bu qülləyə insanlar günəşin qürubunu izləmək üçün gəlir, həmçinin kafe xidmətindən yararlanaraq xoş gün keçirirlər. Deyilənə görə, İzmirin iki əsas caddəsi olan Midhatpaşa ilə Halil Rıfat paşa arasındakı 58 metrlik fərqi aşmaq üçün insanlar 155 pilləlik pilləkanla qalxmalı olurmuşlar. Bu nərdivanı müsəlman əhali Karataş nərdivanı, yəhudilər isə ən üstdə yaşayan yəhudi ailəsi Devidas ailəsinə görə Devidasların nərdivanı adlandırırmışlar.

Şəhər hekayəsinə görə, bir dəfə Devidas ailəsinin başçısı pilləkəndən düşərkən yıxılıb ayağını qırdığı üçün ailənin yaxın dostu Nesim Levi Bayraklıoğlu bu tarixi lifti hazırlayır.

Bu tarixi ərazidən, həmçinin digər yerlərdə foto çəkdirdikdən sonra artıq bütün şübhələrim yoxa çıxır, növbəti gün İzmirin simvolu olan Saat qülləsini görmək həvəsi ilə günü başa vururuq.

Vilhelmin hədiyyəsi, iqtidarda 25-ci il

Əgər İstanbulun simvolu Qız qülləsi və Qalata qülləsidirsə, İzmirin rəmzi Konak meydanında yerləşən Saat qülləsidir.

Qüllə 1901-ci ildə Osmanlı padşahı II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü münasibətilə tikilib. Tikintiyə İzmir valisi Kıbrıslı Kamil paşa, donanma mirlivası Səid paşa və bələdiyyə rəisi Əşrəf paşadan ibarət komissiya rəhbərlik edib. Bina 25 metr hündürlüyündə, dörd mərtəbəli və səkkizbucaqlıdır. Qüllənin platforması ağ mərmərdən hazırlanıb. Qüllənin saatı Almaniya imperatoru II Vilhelm tərəfindən hədiyyə edilib. 1974-cü ildə 5,2 ballıq zəlzələdə zədə alan qüllənin saatı təkanların baş verdiyi zamanda – saat 02.04-də dayanıb.

İki il ərzində qüllə yenidən bərpa olunub və saat hələ də işləyir.

Saat qülləsi ötən il baş verən 15 iyul hərbi çevrilişə cəhd zamanı da xeyli zədə görüb.

Atatürkün ilk büstü

İzmirdə olduğumuz sonuncu gün Egey Universitetinə getdik.

Bu universitetdə təhsil alan dostumuz Odər Elşən universitetin dəyərli müəllimi, Azərbaycanda da kifayət qədər sevilən professor Fikrət Türkmənlə bizi görüşdürəcəyinə söz verir.

Odər bəylə universitetin Türk Dünyası Araşdırmaları İnstitutuna gedirik, Fikrət bəyi otağında ziyarət edirik. Fikrət bəydən qısa müsahibə alırıq, zəngin kitabxanası ilə tanış oluruq. Daha sonra hava çox isti olduğuna görə universitetin həyətindəki kafedə əyləşirik. Elə bu zaman yer ayağımızın altından qaçır...

Ani olaraq metronun keçdiyini düşünsəm də, Odər bəyin qolumdan tutaraq məni kafedən çıxaranda başa düşürəm ki, zəlzələdir. Az sonra universitetin tələbə və müəllim heyətinin çölə axışdığını görürük...

Xəbərlərdə 6,3 bal gücündə zəlzələnin olduğu yazılır.

Odər bəy universitetin həyətində maraqlı bir büstlə məni tanış edir. Bu, Türkiyədə Mustafa Kamal Atatürkə qoyulan ilk büstdür. Yazılanlara görə, İzmirin qurtuluşundan sonra şəhərin Bornova səmtindəki Bardisbanyan Köşkü ilə Ege Universiteti xəstəxanası arasındakı geniş ərazidə “İzmir Mıntıka Ziraat Məktəbi” təsis edilir.

Atatürkün 18 iyun 1926-cı ildə ziyarət etdiyi köşkün bağçasına xatirə olaraq avstriyalı heykəltaraş Heinrich Krippell tərəfindən heykəl hazırlanır. Büstün daşına Osmanlı əlifbası ilə bu yazı yazılıb: “Türkiye’nin büyük dahi ve halaskârı, Türk çiftçisinin ulu rehberi, Cumhurreisimiz büyük Gazi Mustafa Kemal Paşa hazretlerinin İzmir Ziraat Mektebi’ni teşrifleri hatıra-i şükranıdır. Haziran 1926.”

İzmir havası

İzmirlilərin dediyinə görə, yerli əhali müxalifəti dəstəklədiyinə görə hökumət şəhərə ögey münasibət bəsləyir. Ona görə də şəhərə yatırımlar azdır, daha sürətli inkişafı üçün tədbirlər görülmür. Müşahidələrimə əsasaən deyə bilərəm ki, İzmir bir Avropa şəhəridir, insanlar burada daha rahat və azad görünürlər. Şəhərdə qiymətlər İstanbulla müqayisədə çox ucuzdur. İzmirin havası isə Bakını xatırladır: çox isti və rütubətli.

Beləliklə, Türkiyənin üçüncü böyük metropolu olan İzmirdən xoş xatirələrlə ayrılırıq. Səfər məqsədimiz və müddətimiz qısa olduğu üçün tarixi məkanları gəzmək fürsətimiz olmur. Oktyabr ayında növbəti səfərimiz olacağına görə bu barədə o zaman daha geniş yazacağıq.

İzmir, 10-13 iyun, 2017


Müəllif: Dilqəm Əhməd