19 İyun 2017 16:25
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildən artıqdır Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiriyəm, yəqin jurnalistlər hələ təzə ayılıb, yeni xəbər kimi təqdim edirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsində “Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrasının müdiri təyin olunması xəbərinə münasibət bildirərkən deyib.

Tağı Əhmədov müəllimlik peşəsini çox sevdiyini bildirib: “İlk il deyil, uzun illərdir artıqdır müəllimlik edirəm, bu peşəni sevirəm. İndi də müəllimlik etməyə daha çox vaxt tapıram. Memarlıq və İnşaat Universitetində dərs deməklə yanaşı Yeni Azərbaycan Partiyasında rayon təşkilatının sədriyəm. Hər iki işimə gedib-gəlirəm”.

Qeyd edək ki, Tağı Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır.

Universitetin mətbuat katibi Nəcibə Mirzəyeva modern.az-a bildirib ki, sabiq rəis artıq 20 ilə yaxındır, universitetdə müəllim kimi fəaliyyət göstərir. Lakin bir ildən az müddətdir ki, kafedra müdiri vəzifəsinə təyin edilib. Amma indiyədək geniş ictimaiyyət bu haqda məlumatlı olmayıb.


Müəllif: Nərgiz