19 İyun 2017 17:40
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, “İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri olmuş Emin Quliyev vətəndaşlardan külli miqdarda pul alıb və onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib.

Cinayət işində 6 zərərçəkmiş var.

Emin Quliyev 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

O, ötən il iyul ayının 12-də zərərçəkmiş Nailə Əkbər qızı Nəsirovanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Emin Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə iclasında zərərçəkmişlərdən biri Nailə Nəsirova 40 min manat məbləğində zərər dəyidiyini bildirib. O, zərərin ödənilməsini tələb edərək, növbəti məhkəmə iclasında mülki iddia qaldıracaqlarını söyləyib.

Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

Xatırladaq ki, Emin Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.


Müəllif: Hacı Zeynalov