20 İyun 2017 10:04
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazarların sözlə necə davranması, eləcə də ölümə münasibəti həmişə maraqla izlənib. Bunu nəzərə alaraq yazarlara belə bir sual ünvanladıq: "Təsəvvür edin, həyətinizdə ağac bitib və bir mələk enib deyir ki, bu ağacın min yarpağı var, hər dediyiniz, yazdığınız bir söz bir yarpaq salır budaqdan. Yarpaqlar tökülüb qurtaranda öləcəksiniz. Bir yazıçı kimi nə edərdiniz?”

Teleqraf.com yazarların cavablarını təqdim edir:

Aqşin Yenisey: “Əgər başıma belə bir xəyal gəlsə ki, həyətimizdə ağac bitib və bir mələk enib deyir ki, bu ağacın min yarpağı var, hər dediyiniz, yazdığınız bir söz bir yarpaq salır budaqdan. Yarpaqlar tökülüb qurtaranda mən öləcəyəm, bir yazıçı kimi ilk gördüyüm iş başımı həkimə göstərmək olar.

Çünki insanın ağlına belə bir şeyin gəlməsi ya peyğımbərlik əlamətidir, ya da xəstəlik. Əgər cahilliyə dövründə yaşasaydım, sözsüz ki, peyğəmbərliyimi elan edərdim. Amma bu gün belə xəyallarla psixatriya məşğul olur. Hətta belə xam xəyallara düşmüş bir yazıçı dostum da olsa, ilk növbəbə, alnına yaş dəsmal qoyar, sonra başını yarpız buğuna verərdim”.

Orxan Bahadırsoy: “Yarpaqlar tökülənə qədər bütün istədiklərimi yazmağa çalışardım. Kaş elə olaydı və nə vaxt öləcəyimizi daha dəqiq biləydik”.

Rəbiqə Nazimqızı: “Hər yarpağa bir əsər yazardım, ya da gündəlik. Hamı nə vaxtsa öləcək. Yazı prosesindən, bu tədrici ölümü təsvir eləməkdən həzz alardım”.

Cəlil Cavanşir: “Olduqca maraqlı və mistik situasiyadır. Yazdıqca ölümə yaxınlaşdığını hiss etmək, qəribə duyğudur. Mən bu hissi, sonuncu romanımı yazarkən yaşayıram. Açığı ağac və yarpaq, xüsusilə qulağıma pıçıldayan mələk məsələsi yoxdur. Amma hər cümləni yazdıqca, canımdan nə isə qopur, itirmək hissini, tükənməyi hiss edirəm. Bəlkə də, bu hiss məsuliyyətimi artırır, daha ehtiyatla davranıram. Oxşar vəziyyət gerçək olsa, tələsmədən, özümü incitmədən yazmaq istədiyim bütün həqiqətləri yazıb, son nöqtəni qoyayub, əcəlimi gözləyərəm. Amma sözləri daha diqqətlə seçər, daha dərindən düşünər, vaxtı uzatmağa çalışmadan, yarpaqların düşməyini seyr edərəm.

Yazaram və sonu nə olursa olsun, kefimi pozmaram. Ölüm, mənim üçün qətiyyən qorxulu deyil. Belə məqamda ən dəhşətlisi yazdığından zövq ala bilməməkdir. Maksimum zövq və müdhiş adrenalinlə yazmağın dadı tamamilə başqadır”.

Mirmehdi Ağaoğlu: “Müəllifini unutmuşam, deyəsən Rilkenin fikridir. O deyir, əgər yazmasan ölməzsənsə yazma. Mən də yəqin ki, bacardığım qədər dözərdim”.

Oğuz Ayvaz: “Mələyə bir şeir deyərdim, soyuducudan bir şərab da çıxarar, süzüb qabağına qoyardım ki, darıxmasın, o boyda yol gəlib. Lorkadan, Mayakovskidən, Nazim Hikmətdən bir neçə şeir deyərdim. Yarpaqlar da üstümə tökülərdi.

Ağac lütlənəndə təbiət də ölü kimi görünür zatən. Yəqin ölüm mənə tərəf gəlirsə, yaşamaq üçün çırpınardım, ya da ölümə də bir şeir deyərdim son nəfəsimdə”.


Müəllif: Akif