20 İyun 2017 10:23
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub.

Klinikadan Teleqraf.com-a verilən məlumata görə, əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.

Klinikanın ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun sözlərinə görə, 62 yaşlı qadın xəstə dilin törəməsi ilə bağlı müraciət edib: “Dilində bədxassəli şişi olan bu xəstə əvvəllər müalicə alıb, hətta əməliyyat olunub. Dilinin bir hissəsi, boynundakı limfa düyünləri götürüldükdən sonra xəstə şüa müalicəsinə göndərilib, 8 ay müddətində özünün həyatına davam edib. Bu xanım bundan öncə də bağırsaq xərçəngi ilə əlaqədar kimyəvi dərman və şüa müalicəsi alıb. Yəni, ümumi onkoloji xəstədir”.

Məhəmməd Davudov bildirib ki, müayinələr nəticəsində xəstənin dilinin digər tərəfində də şişin yayılması, törəmənin massiv şəkildə bütün dili tutduğu aşkarlanıb: “Onkoloqlarla konsultasiyadan sonra belə qərara gəlindi ki, xəstədə şüa terapiyası artıq mümkün deyil, kimyəvi dərman müalicəsi heç bir effekt vermir. Yeganə çıxış cərrahi əməliyyatdır.

Cərrahi əməliyyat daha radikal şəkildə icra olunmalıydı - dil tam şəkildə götürülməli idi. Təbii ki, dilin tam götürülməsi texniki cəhətdən çətinlik törətmir. Amma əsas məsələ - əmələ gələcək defektin bərpası idi. Konsulium nəticəsində dili və dilaltı nahiyəni götürdükdən sonra əmələ gəlmiş geniş həcmli bir defektin sərbəst damar ayaqcıqlı toxuma ilə aradan qaldırılması planlaşdırıldı”.

Həkim bildirib ki, bu mürəkkəb əməliyyat 7 saat davam edib: “Götürülmüş dəri əzələ diliminin köməyilə həm dil, həm də ağızdibi nahiyə formalaşdırıldı və tikildi. Xəstə təxminən bir həftə müddətində şöbəmizdə stasionar müalicədə oldu.

Bu əməliyyatın özəlliyi sadəcə əməliyyatın texniki cəhətdən uğurla başa çatmasında deyil, eyni zamanda əməliyyatdan sonraki konservativ müalicənin davam etdirilməsidir”.

Qeyd edək ki, xəstə artıq özü gəzib yeyə bilir. Onu evə buraxıblar. Müəyyən müddətdən sonra xəstənin danışığı da bərpa olunacaq.


Müəllif: İlhamə Əbülfət