20 İyun 2017 14:05
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 12:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazıb.

***

Sonra Prezident İlham Əliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla söhbət edib.

Dövlət başçısı Helmut Kolun vəfatı ilə əlaqədar Almaniya xalqına başsağlığı verib. Prezident İlham Əliyev vurğuladı ki, görkəmli ictimai-siyasi xadim, böyük və tarixi şəxsiyyət olan Helmut Kol öz xalqı qarşısında mühüm xidmətlər göstərib. O, Almaniyanın birləşdirilməsi və Avropa İttifaqının gücləndirilməsi istiqamətində əvəzsiz rol oynayıb. Ulu öndər Heydər Əliyev ilə Helmut Kolun Azərbaycan-Almaniya əlaqələrinin əsasını qoyduqlarını vurğulayan Prezident İlham Əliyev Heydər Əliyevin prezidentliyi dövründə ilk rəsmi səfərlərindən birini Almaniyaya etdiyini, bu səfərin və mərhum Helmut Kolla keçirilən görüşlərin ikitərəfli münasibətlərin təməlini qoyduğunu diqqətə çatdırıb. Dövlət başçısı Ulu Öndərin Helmut Kolla görüşlərindən xoş təəssüratları onunla bölüşdüyünü bildirib.

Bu gün iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini bildirdi və əlaqələrimizin yaxşı perspektivə malik olduğunu qeyd edib.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab başsağlığına və xoş sözlərə görə minnətdarlığını bildirib. O, Almaniya-Azərbaycan əlaqələrinin inkişafından danışıb.

Söhbət zamanı almanların Azərbaycana gəlişinin 200 illik yubileyinə hazırlıqla bağlı görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com