21 İyun 2017 09:10
6 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bolşeviklərin ən qatı düşməni olduğum üçün yurdumuz istila edilincə, ən əvvəl qiyabən edama məhkum edilən mən idim. Atam bolşeviklər tərəfindən ağır işgəncələrlə faciəli şəkildə öldürüldü. Qardaşım Gəncə üsyanında şəhid oldu. İkinci qardaşım rus həbsxanalarında iztirablar içində qıvranır...”.

Şəfi bəy Rüstəmbəyli, “Yıxılan bütlər” əsəri.

İstanbulda Feriköy məzarlığında dəfn edilən azərbaycanlılar arasında Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, “Azərbaycan” qəzetinin redaktoru, mühacirət həyatı yaşamağa məcbur olmuş Şəfi bəy Rüstəmbəyli də var.

Onun ölkədəki fəaliyyəti daha təqdirəlayiqdir, mühacirətdə digərləri ilə müqayisədə ardıcıl fəaliyyət göstərməyib.

Çar dönəmi

Şəfi bəy 1892-ci ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncə klassik gimnaziyasında alıb, 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub.

Tələbəlik illərindən aktiv fəaliyyətə başlayıb, 1911-ci ilin sonunda universitetdə yaradılmış “Azərbaycan Həmyerlilər Cəmiyyəti”nin xəzinədarı olub. Bu dönəmdə Ümumrusiya müsəlman tələbələrinin qurultayının nizamnaməsinin hazırlanmasında da iştirak edib.

Tədqiqatçı İradə Əliyeva bu barədə yazır: “Qurultaya hazırlıq zamanı cəmiyyətin üzvü, Kiyev Ali Qadın kurslarının dinləyicisi Sona xanım Axundovanın mənzilində 1913-cü il aprel ayının 17-də komissiyanın birinci iclası olur. Elə bu vaxt polis Şəfi bəy də daxil olmaqla cəmiyyətin 17 üzvünü həbs edir. Bir aydan sonra həbs edilənlərin dilindən iltizam alınır və onlar azad olunurlar”.

Şəfi bəy bu dövrdə Müsavat Partiyasının Kiyev şöbəsinin də üzvü olub.

Universiteti bitirən Şəfi bəy 1916-cı ildə Azərbaycana dönüb, bir müddət Gəncə dairə məhkəməsində vəkil kimi fəaliyyət göstərib. 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edib, həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında iştirak edib.

1917-ci ilin iyun ayında Nəsib bəy Yusifbəyli ilə Məhəmmədəmin Rəsulzadə partiyalarını birləşdirərək Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasını yaratdıqdan sonra yeni qurumun Mərkəzi Komitəsinin 8 üzvündən biri də Şəfi bəy olub.

Getdikcə nüfuz qazanan Şəfi bəy 1917-ci il noyabrın 15-də təsis edilmiş Zaqafqaziya Komissarlığının və Seyminin müsəlman fraksiyasında təmsil olunub.

Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci (1917, 26-31 oktyabr) və ikinci (1919, dekabr) qurultaylarında Mərkəzi Komissiyanın üzvü, ikinci qurultayda həm də partiya sədrinin müavini seçilib.

Cümhuriyyət dönəmi

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin İstiqlaliyyət bəyannaməsinə imza atan şəxslər arasında Şəfi bəy də vardı.

Professor Ədalət Tahirzadə Cümhuriyyət dönəmində Şəfi bəyin fəaliyyəti ilə bağlı bunları deyir: “Əgər 1918-ci il Azərbaycan Cümhuriyyətinin iclaslarının stenoqramını oxusaq, müzakirələrdə ən fəal iştirak edənin Şəfi bəy olduğunu görərik. Şəfi bəy parlamentin üzvü idi. O, savadlı, hüququ gözəl bilən, beyni yaxşı işləyən bir adam olub. Hətta M.Rəsulzadə və M.Hacınski Trabzonda və Batumidə gedən danışıqlara qatılanda, fraksiyanın mövqeyini Tiflisdə qalan Şəfi bəy müdafiə edirdi. Cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin baş redaktoru olması və bir müddət Daxili İşlər Nazirinin müavini işləməsi onu göstərir ki, Şəfi bəy həddindən arıq enerjili və təşəbbüskar bir adam olub”.

Bu enerjisinə və biliyinə görədir ki, əvvəl Gəncədə, daha sonra Bakıda nəşr olunan “Azərbaycan” qəzetinin rus dilində olan versiyasının redaktorluğu ona tapşırılıb. Belə ki, 1918-ci ilin noyabrın 28-dən etibarən qəzetin rus dilində nömrələrini o çap edib.

Şəxsi kolleksiyamızda bu qəzetin Şəfi bəyin redaktorluğunda çıxan bir neçə sayı var. Həmçinin arxivimizdə qəzet kollektivinin bir arada çəkilən fotosu var. Həmin fotoda Məhəmmədəmin Rəsulzadənin başının üstündə dayanan şəxslərdən biri Şəfi bəy Rüstəmbəylidir. Fotoda həmçinin qəzetin türk dilindəki versiyasının redaktoru Üzeyir Hacıbəylini, əməkdaşlardan Məhəmməd Hadini və başqalarını görürük.

Qəzetdə Şəfi bəy “Düşünmək vaxtıdır” adlı bir məqaləsində yazıb: “Bizim üçün vacibdir ki, erməni xalqı, nəhayət, “Daşnaksütyun” partiyasının siyasi avantürasının məhvə məhkumluğunu başa düşsün, nə qədər ki, gec deyil ondan üz döndərsin, öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır”.

Göründüyü kimi, bu dönəmdə Şəfi bəyin əsas qayələrindən biri də ermənilərin təcavüzkar fəaliyyətinə cavabdır.

1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyətinin Parlamenti elan edildikdən sonra Şəfi bəy də burada təmsil olunub, həmçinin parlamentin mandat komissiyasının sədri olub, Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın tərkibinə daxil olub.

Şəfi bəy daha sonra Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəlindən isə nazir müavini vəzifəsini yerinə yetirib.

Ədalət Tahirzadə Şəfi bəyin mətbuat fəaliyyəti ilə bağlı deyir: “Şəfi bəyin Azərbaycan mətbuatı tarixində böyük rolu var. “Azərbaycan” qəzetindən əvvəl də, o, məsələn “Kaspi” qəzetində gözəl məqalələr yazırdı. Mətbuat haqqında qanun da buna sübutdur”.

Bu qanun 1919-cu ildə parlamentdə baş tutan qızğın mübahisələr nəticəsində qəbul edilib. Qanun layihəsi oktyabrın 23-dən 30-dək parlamentin 87-90-cı iclaslarında müzakirə edilib və üçüncü oxunuşda bir deputat bitərəf qalmaqla 21 səsə qarşı 28 səslə qəbul olunub.

İşğal dönəmi

1920-ci ilin aprelin 27-də Azərbaycan Cümhuriyyəti Rusiya tərəfindən işğal edilir. Şəfi bəyin 1933-cü ildə “Azərbaycan Yurd Bilgisi” dərgisinin 16-cı sayında yazdığı “27 aprel 1920-ci il xatirəsi” adlı məqaləsindən öyrənirik ki, 1920-ci il aprelin 27-də Nəsib bəy Yusifbəylinin yanında məhdud dairədə keçirilmiş müşavirədə Şəfi bəy qan tökülməsinə yol verməmək üçün Bakıdan çıxmağı və bolşeviklərə qarşı mübarizəni təşkil etmək üçün Gəncəyə köçməyi təklif edib, lakin onun təklifi toplantı iştirakçıları tərəfindən qəbul olunmayıb.

Ədalət Tahirzadə Cümhuriyyətin ən gənc üzvünün bu işğaldan sarsıntı keçirdiyini deyir: “Şəfi bəy bu çöküşü ağrılı qəbul etdi. Ziyalıların əksəriyyəti, Müsavatçılar da həmçinin. İclasın stenoqramında yazılıb ki, hakimiyyəti təhvil vermək məsələsi elan olunanda, arxadan səs gəlir və görürlər ki, Şəfi bəy hönkürtü ilə ağlayır...”.

Şəfi bəyin yaxın qohumu Əlağa Şahmalıyev mətbuata verdiyi bir müsahibədə Rüstəmbəylilər ailəsi və işğaldan sonra başlarına gələn faciə haqqında bunları deyir: “Rüstəmbəylilər çox böyük nəsil olub. Mən Şəfi bəyin qardaşı Hacı bəyin qızının oğluyam. Şəfi bəy mənim anamın əmisi idi... Şəfi bəyin atasını Sovet hökuməti güllələdi. Mustafa bəy Qəbələ bölgəsinin ən sayılan adamlarından olub. İndiyə kimi də insanlar “Mustafa bəyin torpaqları, körpüsü, çəkdiyi yol” deyə xatırlayırlar. Şəfi bəyin qardaşı Cəfər bəy Tiflisin baş terapevti idi. Onlar Tiflisdə yaşayırdılar. Mircəfər Bağırov onu Bakıya işə dəvət etdi və 6 aydan sonra güllələdi. Nənəm danışırdı ki, onu məhbəsdə az qala acından öldürmüşdülər...”.

İradə Əliyeva isə bu hadisə ilə bağlı yazır: “Ölüm məqamında Mustafa bəy özünün oğlundan əvvəl güllələnməsini xahiş edir. Qırmızı qatillər buna da məhəl qoymur, Hacı bəyi atasının gözləri qarşısında vəhşicəsinə öldürürlər... Şəfi bəy cümhuriyyətin süqutundan dərhal sonra Azərbaycanı tərk etməli olur. Ağdaşdan keçərkən doğmalarına xəbər göndərir ki, ona dəyişək paltar çatdırsınlar. Lakin göndərilən şeylər ona onsuz da çatmır. Çünki izləndiyini hiss edən kimi yoluna davam etmiş olur”.

Qeyd edək ki, Şəfi bəyin qardaşı Cəfər bəy Azərbaycan Cümhuriyyətinin Şimali Qafqazda —Kubanda səfiri olub.

Ə.Tahirzadə bununla bağlı deyir: “Cəfər bəy həkim kimi də çox peşəkar idi. O, 1924-cü ildə İstanbula gedib Şəfi bəylə görüşmüşdü. Şəfi bəyin atası Mustafa bəy də Cümhuriyyəti həddindən artıq sevən bir insan idi. Hətta Cümhuriyyət ordusuna 20 min cüt çəkmə və paltar bağışlamışdı. Mustafa bəyi də Müsavat hökumətinin Daxili İşlər Nazirinin müavinin atası olduğu üçün güllələdilər”.

Mühacirət dönəmi

İşğaldan sonra Şəfi bəy Tiflisə gedib, orada “Azərbaycan Qurtuluş Komitəsi”ni yaradıb. Qırmızı Ordu tərəfindən Gürcüstanın işğalından sonra isə İstanbula gedib, Məhəmmədəmin Rəsulzadənin yanında yer alıb. Burada da mətbuat fəaliyyətinə davam edib, “Yeni Qafqaz”, “Azəri-Türk”, “Odlu Yurd”, “Azərbaycan Yurd Bilgisi” kimi orqanlarda məqalələr yazıb. Daha sonra isə Parisdə yayımlanan “Prometey” (fransızca) və “Qafqaz” (rusca) jurnallarında məqalələri yayımlanıb.

Şəfi bəyin həyatındakı maraqlı faktlardan biri də Torlokyan davasında şahid kimi çıxış etməsidir. Belə ki, 1921-ci ildə Behbud xan Cavanşir İstanbulun “Pere-Palas” hotelinin qarşısında qətlə yetirilib. Behbud xan tərəfdən məhkəmədə iştirak edən 6 şahiddən biri Şəfi bəy olub.

Rüstəmbəyli mühacirətdə “Müsavat” Partiyası Xarici Bürosunun fəal üzvlərindən olub.

Lakin 1927-ci illərin sonunda Ş.Rüstəmbəyli ilə M.Rəsulzadə arasında anlaşmazlıqlar yaranıb. Bu anlaşmazlıqlarla bağlı Şəfi bəy “Yıxılan bütlər” (1934) və “Rəsulzadənin fəci sükutu” (İstanbul, 1935) əsərlərini yazıb. Rəsulzadə isə ona cavab olaraq “Şəfibəyçilik” (1934) kitabını qələmə alıb.

Yeri gəlmişkən, şəxsi kolleksiyamızda Şəfi bəyin “Yıxılan bütlər” (orijinalda “Yıkılan putlar”) kitabının imzalısı var. Şəfi bəy bu kitabını Əhməd bəy Ağaoğluna imzalayıb. İmza ilə yanaşı bu sözlər yazılıb: “Böyük ustadımız Ağaoğlu Əhməd bəy əfəndiyə. Şəfi. 25.05.1934”.

Müsavat Partiyasının 1934-cü il 5 aprel tarixli qərarı ilə Ş.Rüstəmbəyli qurumdan xaric edilib. Partiyanın Varşava konfransında (1936) onun partiyadan xaric edilməsi haqqında qərar təsdiqlənib.

Bu dönəmdə Şəfi bəy Rüstəmbəyli Rəsulzadənin də təmsil olunduğu “Prometey” təşkilatına kəskin müxalif mövqe turub, Şimali Qafqazlıların liderlərindən Heydər Bammatın yanında yer alıb, Xəlil bəy Xasməhəmmədli ilə birlikdə Qafqaz xalqlarının birliyi ideyasının tərəfdarı olub. 1943-cü ildə Berlində keçirilmiş “Milli Birlik Məclisi”nin ümumazərbaycan qurultayında Rəyasət Heyətinin fəxri üzvü seçilib.

Ə.Tahirzadə Rüstəmbəyli ilə Rəsulzadə arasındakı qarşıdurmanı belə izah edir: “Düşünmürəm ki, onu Rəsulzadədən incik salan bir şeylər olub. O vaxtlar ÇK (Fövqəladə Komissiya) çalışırdı ki, istər Rusiya, istər Qafqaz mühacirətçilərinin arasına didişmələr salsın və hərəkatı parçalasın. Düşünürəm ki, burada ÇK-nın rolu olub. Həm də, onların yaşayışları o qədər pis idi ki, bu durumdan istifadə etmək olurdu. Əlbəttə, orada maddi durumu yaxşı olan mühacirətçilər də vardı və onlar Şəfi bəyin durumundan istifadə etdilər... Cümhuriyyət qurulan vaxt onların bir-birinə münasibəti o qədər yaxşı olub ki, sonradan olanlar düşmənlərin yaratdığı münasibətlər idi...Xəlil bəy Xasməhəmmədli, Ziyadxanovlardan, Xan Xoyskilərdən, Əmircanovlardan da orada yaşayanlar vardı — onlar Şəfi bəyə kömək etdilər və o, təsərrüfatla məşğul olmağa başladı... Ferması vardı. Mağazaları da olub. Amma dediyim kimi, 30-cu illərdən sonra Şəfi bəyin siyasi fəaliyyətini görmürük”.

Biz də mühacirət mətbuatını araşdırdığımızda Şəfi bəyin 1930-cu illərdən sonra ardıcıl fəaliyyətinə rastlamadıq.

(Ümumiyyətlə, 1920-ci illərin sonlarında başlanan II Dünya müharibəsi dönəmində də davam edən mühacirlər arasındakı fikir ayrılıqları ilə bağlı Xalədddin İbrahimlinin “Azərbaycan mühacirət tarixi”, Ramiz Abutalıbovla Girorgi Mamulianın birgə yazdıqları “Odlar Yurdu. Azadlıq və müstəqillik uğrunda mübarizədə” adlı əsərlərində geniş məlumatlar var).

Əliağa Şahmalıyevin dediyinə görə, Şəfi bəy Sara adlı qəbələli xanımla evlənib, amma övladları olmayıb.

Qeyd edək ki, Şəfi bəy Türkiyədə də ailə həyatı qurub.

Feriköydə olan məzardakı şəkildən anlaşılır ki, burada iki qadın da dəfn olunub. Şəfi bəyin məzarının üzərində belə yazılıb: “Şefi Aran Rüstembeyli. 1892-1953. Azerbaycan Milli Hükümeti sabık Dahiliye Vekili müsteşarı”.

Şəkli pozulmuş bir qadının ismi isə belədir: “Şükriye Karagözoğlu. 1899-1976”.

Digər qadının adı isə belədir: “Fatma Kadriye Aran. 1916-18.11.1987”

Böyük ehtimalla Fatma Kadriye Şəfi bəyin mühacirətdə ikən ailə qurduğu xanımdır.

Məzar daşında həmçinin Şəfi bəyin qocalıq rəsmi təsvir olunub.

Qaynaqlar:

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”. II cild. “Lider”, Bakı, 2005. Rustembeyli Şefi – “Yıkılan putlar”, 1934. “Azadlıq” radiosunun “İz” proqramı – 29.04.2013 tarixli. “Azerbaycan Yurt Bilgisi” jurnalı, sayı 16, aprel, 1933. İradə Əliyeva – “Məsləkinə sadiq böyük mücahid” məqaləsi. “Azərbaycan” qəzeti, 22 iyul, 2015.


Müəllif: Dilqəm Əhməd