22 İyun 2017 15:54
2 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel şəhidimiz Xaliq Əzizzadənin anası övladının bir müddət əvvəl fəaliyyətdə olan “Para Bank”dan götürdüyü pul və bankın onların başına gətirdiyi oyunlar ucbatından yaşadığı evi itirməklə üz-üzədir. Ən dəhşətlisi isə bankın Xətai Rayon Məhkəməsində qaldırdığı iddia əsasında aprel şəhidinin cavabdeh qismində məhkəmə çağırılmasıdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qənirə Paşayeva “Para” BOKT ASC-nin rəhbərliyinə sosial şəbəkədə yazdığı açıq məktubda qeyd edib.

“Doğurdanmı 1 ildən çox vaxt keçməsinə, bütün ölkənin Aprel şəhidlərini tanımasına rəğmən qurumunuzda Xaliq Əzizzadənin şəhid olması barədə xəbər yoxdur ki, onu “PARA” BOKT ASC cavabdeh qismində məhkəməyə çağırtdırır? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?”- deyə millət vəkili vurğulayıb.

Rəsmi məktubla yanaşı açıq məktub yazmaq məcburiyyətində qaldığını vurğulayan Qənirə Paşayeva bildirib ki, banka yaraşan şəhid ailəsini qəbul edib problemin həlli istiqamətində addımlar atmaqdır: “Şəhid anasının da söylədiyi kimi doğurdanmı, şəhidimizin Vətənimiz üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur? Məncə, siz də belə düşünürsünüz ki, var! Məncə, siz də düşünürsünüz ki, şəhid anası və atası banka borc üzündən (o borcun hansı oyunlarla böyüdüyünü qəbul etsəniz, şəhidimizin anası və atası sizə geniş izah edər. Təbii, siz keçmişdə törədilmiş bu işlərə cavabdeh deyilsiniz, amma bu ailə də qurban olmamaldır) evsiz qalmamalıdır.

Hara gedəcək bu ağsaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan kimi bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən başqa nə evləri, nə də gedə biləcəkləri yer var.

Ölkəmizin 1-ci Vitse–prezidenti, hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardım olmalıyıq.

“Para” BOKT ASC rəhbərliyi! Bu gün həyatımdakı ən ağır günlərdən birini yaşayıram. Çünki bir şəhid anasının 1 saata yaxındır ki, dayanmadan axan göz yaşlarını dayandırmaq üçün çarələr axtarırıq. Axan hər damla üçün utanırıq. O göz yaşlarını dayandırmaq sizin əlinizdədir.

Ümid edirəm ki, siz müqəddəs Ramazan ayında o gözləri sevindirmək üçün ciddi addımlar atacaqsınız. Şəhidimiz milyonlarla pulla alına bilməyəcək qədər böyük fədakarlıq edib. Canını qurban edib. Mənim, onun, Sizin üçün... İnanıram ki bu səmimi açıq məktubu doğru dəyərləndirəcəksiniz”.


Müəllif: Nərgiz