23 İyun 2017 01:34
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bunu Teleqraf.com-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib: “Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. Bunula əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq”.

Sevinc Qədirova qeyd edib ki, Ramazan bayramı ərəfəsində sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək: “Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.


Müəllif: İlhamə Əbülfət