23 İyun 2017 09:05
3 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərlinin Feysbukda yazdığı bir statusla başlayan rus dili məsələsi bir neçə gündür ki, aktuallığını qoruyur.

Azərbaycan təhsil sistemində rus bölməsinin qapadılmasını Erkin Qədirlinin timsalında təklif edənlərlə yanaşı, dünyaya çıxışımızın məhz bu dil vasitəsilə mümkün olacağını isbat etməyə çalışan Arif Rəhimzadənin timsalında fərqli fikirlər səsləndirildi. Bu müzakirələrdə Cümhuriyyət dönəmində də rus dilinin önəmli olması ilə bağlı məsələlərə toxunulduğu üçün, biz həmin dönəmlə bağlı bildiklərimizi yazacağıq.

Şübhəsiz ki, Cümhuriyyəti quranların bir çoxu rus dilində ali təhsil almışdılar, çünki başqa alternativlər az idi, hər kəsin Avropaya gedib oxuması mümkün deyildi. Ona görə də təhsil üçün daha çox Peterburq, Kiyev kimi şəhərlərə gedilirdi.

Amma Çar Rusiyası dönəmində rus dilində təhsil alan bu şəxslər müstəqil dövləti qurduqdan sonra ilk addımlarından biri də türk dilinin rəsmi mövqeyi ilə bağlı oldu.
Bununla bağlı bəzi misalları göstərək ki, mənzərə aydın olsun.

Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə türk dili dövlət dili elan edilir. Bunun ardınca dövlət qurumlarında türk dilinin üstünlük qazanması üçün addımlar atılır.

Məsələn, bu qərarın elanından sonra daxili işlər naziri Behbud xan Cavanşir "Azərbaycan" qəzetinin müxbiri ilə müsahibəsində bunları deyir: "Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi… hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcək. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcək. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar".

Türk dilinə önəm verən hökumət qeyri-türk Azərbaycan vətəndaşlarının dövlət dilini öyrənməsi üçün 1919-cu ilin sentyabrında kurslar təşkil edir, bu məqsədlə 351 min manat vəsait ayrılır.
Türk dilinə önəm verən mühüm orqanlardan biri də parlament idi. Parlamentdə rəsmi dil türk dili idi, qeyri-türk vəkillərin rus dilində çıxışı məqbul sayılsa da, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi.

Dövlət Universitetinin açılması ilə bağlı aparılan müzakirələrdə dərslərin türk dilində verilməsi və dili mükəmməl bilən müəllimlərin işə cəlb edilməsi ilə bağlı fikirlər söylənilir.

Hökumət 1918-ci ilin avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin türk dilində aparılması haqqında qərar qəbul edir. Qərara görə, bütün ibtidai tədris müəssisələrində tədris ana dilində aparılır, eyni zamanda, dövlət dili icbari qaydada tədris olunur.

1918-ci il dekabrın 27-də isə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə türk dili orduda da dövlət dili kimi qəbul edilir. Hərbi nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında tələb qoyur ki, bir ay müddətində, heç olmasa, komanda sözlərinin türkcə qarşılıqlarını öyrənsinlər və əsgərlərə türk dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.

Baş nazir Fətəli xan Xoyski isə bu islahatlar barədə deyirdi: "İndi, şükürlər olsun ki, bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər".

Məhəmməd Əmin Rəsulzadə isə Rusiyanı məşəl olaraq göstərənlərə belə cavab verirdi: “Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz”.

Qısacası, Cümhuriyyətin türk dili ilə bağlı siyasəti birmənalı idi. Yeni kadrlar yetişənə qədər müvəqqəti olaraq rus dili öz mövqeyində qalacaq, dillə bağlı islahatlar nəticəsində tədricən türk dili öz hökmranlığına qovuşacaqdı.


Müəllif: Dilqəm Əhməd