23 İyun 2017 17:46
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasına rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Rəsmi səfər zamanı Milli Məclisin sədri ölkənin Baş naziri və Milli Assambleyanın spikeri ilə görüşərək, parlamentlərarası münasibətlərimizin bu günü və gələcək inkişaf perspektivləri, ikitərəfli əlaqələrimizin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.

Səfər zamanı spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsinə qatılacaq.

Tədbirdə “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul bəyanatı qəbul ediləcək.

Burada Milli Məclisin sədrinin müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

Oqtay Əsədovun səfəri iyunun 28-də başa çatacaq.


Müəllif: Cavad