23 İyun 2017 23:22
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bildiyiniz kimi Astana formatı yarandıqdan sonra İran və Türkiyə vasitəçilik missiyasını yerinə yetirərək Suriyadakı qiyamçılarla danışıqlar aparır və ortaya bir plan qoyurlar. Bu plan da Suriyada döyüşlərin dayandırıldığı və təhlükəsizliyin hökm sürdüyü zonaların yaradılmasını ehtiva edir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Qeyd edək ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Suriyada münaqişənin olmadığı bölgələrlə bağlı müzakirələrin aparıldığını bildirib. O qeyd edib ki, böyük ehtimalla İdlib bölgəsinə Türkiyə və Rusiya, Dəməşq ətrafına Rusiya və İran, cənubda Der əz Zor bölgəsinə İordaniya və ABŞ hərbçilərinin göndərilməsi mexanizmi üzərində çalışılır.

Bu məsələni şərh edən Z.Əlizadə deyib: “Rusiya, İran və Türkiyə Astana danışıqlarına Amerikanı, onun müttəfiqlərini də dəvət etmişdilər. Amma Amerika qısqanclıqdan bu dəvəti qəbul etmədi. Bu danışıqlar Amerikasız baş tutdu. Amma Türkiyənin NATO üzvü olduğunu nəzərə alaraq, Ankaranın Suriya danışıqlarında təbii ki, müttəfiqlərinin də mövqeyini nəzərə alacağını hesab etmək olar. Rusiya və İran özləri də Qərblə işbirliyi axtarırlar, konfrantasiyadan qaçırlar. Onlar istəyirlər ki, istənilən sahədə, o cümlədən Suriya məsələsində Qərblə əməkdaşlıq etsinlər”.

Politoloq əməkdaşlıqdan imtina edən tərəfin Qərb olduğunu vurğulayıb: “Qərb deyir ki, mən İranı, Rusiyanı tanımıram, biz onları əzəcəyik, vuracağıq, dəyişəcəyik və sair. Hər halda Astana görüşlərindən sonra qiyamçılar, Suriya hökuməti, İran, Türkiyə və Rusiya Suriya ərazisində təhlükəsizlik zolaqlarının yaradılmasına razılaşıblar. Təklif edirlər ki, bu zolaqlardakı təhlükəsizliyə təminat verən dövlətlər adlarını çəkdiyiniz ölkələr olsun. Bunu da cənab Ərdoğanın mətbuat katibi səsləndirib. İndi bunun həyata keçib-keçməyəcəyi, Amerikanın daşı ətəyindən töküb-tökməyəcəyi, özü və müttəfiqləri, ondan asılı dövlətlərin terrorçulara dəstəyi kəsib-kəsməyəcəyi məlum deyil. Bilirsiz, Suriya bulanıq bir gölməçədir. Orda hər bir vasitəçi, yaxud özünü vasitəçi adlandıran dövlət öz marağını güdür, öz istəyini həyata keçirir”.

Z.Əlizadə maraqlı ölkələrin Suriyadakı istəklərinin nədən ibarət olduğunu da açıqlayıb: “Türkiyənin istəyi çox sadədir – kürd dövləti olmasın, Suriya və İraqdakı türkmənlərin hüquqları təmin olunsun. Türkiyənin karbohidrogen ehtiyatları ilə təminatı sistemi yaransın. Amerikanın istəyi odur ki, bölgə elə bu cür qaynar qalsın, Amerikadan asılı olsun, o da istədiyini etsin. Qətərin istədiyi odur ki, Bəşər Əsəd devrilsin, Qətərdən Səudiyyə və Suriyadan keçməklə Aralıq dənizinə bir qaz borusu çəksin və özünün nəhəng qaz ehtiyatlarını daha ucuz qiymətə Avropa bazarına çıxarsın. Rusiyanın istəyi budur ki, Qətərin bu istəyi həyata keçməsin, “Qazprom” Avropa bazarında öz inhisarçı mövqeyini saxlasın və Rusiya öz pulunu qazansın. İranın istəyi odur ki, Bəşər Əsəd rejimi qalsın, Suriya və Livandakı “Hizbullah”a nəzarət edə bilsin. Şiə İraqın timsalında bir dost dövlət qazansın. Bəşər Əsədin istəyi odur ki, həm Suriya dövlətinin bütövlüyünü, həm də öz hakimiyyətini qoruyub saxlasın. Özünün, xanımının və övladlarının təhlükəsizliyinə təminat alsın. Qiyamçılar istəyirlər ki, onlar Suriyanı idarə etməkdə hansısa bir pay alsınlar və hakimiyyətin nuş etdiyi nemətlərdən onlar da nuş etsinlər. Təbii ki, demokratiya, azadlıq şüarları ilə maddi nemətlərə yiyələnmək istəyirlər. Yəni, hərənin bir istəyi var. Bu istəkləri uyğunlaşdırmaq üçün təbii ki, hansısa bir ortaq məxrəc lazımdır. Ortaq məxrəc də sülh, təhlükəsizlik, terrorizmə son qoyulması ola bilər. Amma bu ortaq məxrəci hamı – xüsusən Amerika, Avropa bölüşürmü? Bilinmir”.


Müəllif: Səxavət HƏMİD