24 İyun 2017 17:07
1 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Saf-ağ"ın dünya ədəbiyyatına, əsas da Azərbaycana vurduğu ziyanı düşünüb dəhşətə gəlirəm. İsa Hüseynovu Muğanna edən, o boyda dahini əlimizdən alan saatı, zamanı qara gələydi...

Teleqraf.com xəbər verir ki, bu sözləri yazıçı Pərviz Cəbrayıl ustad yazıçı İsa Hüseynov haqda fikrini bölüşərkən qeyd edib.

O, əslində, bu haqda geniş məqalə yazmaq istədiyini, ancaq indiki fiziki durumunun kiçik status yazmağa yetdiyini bildirib və fikrini belə əsaslandırıb:

"Bircə bunu deyim ki, "Saz" kimi şedevri yaradan kişinin bircə əsərdə məqbul hesab edilən "bədii nəzəriyyə", yaxud bütün yaradıcılığı boyu bədii təxəyyül məhsulu olmaqdan kənara çıxmadan obrazı yaradılan sistemi, tapıntını yalnız bədii həqiqət kimi təqdim etmək yerinə fakt kimi qələmə alması ədəbi, bəlkə də bəşəri cinayətdi.

Elə təsəvvür elə, yazıçı qəfildən sənətini peyğəmbərliyə çevirib, varoluş haqda yeni din gətirdiyini elan edir. Halbuki bütün mövcud dinləri qarşısına qoyub sadəcə bədii şəkildə təqdim və təfsir etsəydi, indi ədəbiyyatımız dünyada öncüllərdən sayılardı.

O isə eynən mənasız peyğəmbərlər kimi iddia etdi... Qısaca desəm, İsa Hüseynovu İsa Muğanna öldürüb".

Yazıçı Azad Qaradərəli Pərviz Cəbrayılın fikrinə belə münasibət bildirib:

"Tam doğru! Mən bu haqda "Renessans həsrəti" kitabımda yazmışam. "Anadil quşları kimi" adlı essedə. Yəni yazıçı sehri yazıçı bilməcəsinə (tapmacasına) çevriləndə o sehr də itir. İsa Hüseynov, əslində, Muğannaya qədərdir. Böyük yazıçı İsa Hüseynovda bitmişdir".


Müəllif: Könül Əlibəyli