17 İyul 2017 11:10
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb.

Report-un xəbərinə görə, bunu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi hesabat tədbirində bildirib.

O əlavə edib ki, həmçinin 125 cinayət xarakterli material araşdırılıb: “Həmin materialların 75-i (60%) üzrə cinayət işi başlanıb, 50 (40%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.

2017-ci ilin ilk 6 ayında Baş prokuror yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2151 müraciət daxil olmuş, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. - Kamran Əliyev deyib.

O əlavə edib ki, hesabat dövrü ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 2, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 6 olmaqla cəmi 8 cinayət işi başlanıb:

“Hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, 1 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 410.3-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib, araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 10 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 1 təqdimat göndərilib”.


Müəllif: Teleqraf.com