17 İyul 17:09
182

Hesablama Palatasının Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirdiyi audit zamanı bəzi nöqsanlar aşkar edilib.

Teleqraf.com-un məlumatına görə, auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən Universitetdən xaric edilmiş, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb.

Təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib. Akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2%-i, 2015/2016-cı tədris ilində 76,4%-i, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1%-i imtahanlarda aşağı nəticələr göstəriblər.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” qanunun, “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği ayrı-ayrı müqavilələrə bölünərək icra edilib.

Həmçinin, satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi nəticəsində artıq vəsait ödənilib, malların ehtimal olunan qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın qiymət təklifləri bazar qiymətlərindən baha olub və nəticədə auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq xərcə yol verilib.

Bununla yanaşı, tələbat olmadığı halda alınmış avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərcə yol verilib.


Müəllif: Teleqraf.com