17 İyul 21:33

Beynəlxalq Muğam Mərkəzində "Zəhra" adlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir müharibələr və digər silahlı konfliktlər nəticəsində həyatlarını itirmiş uşaqlara həsr edilib.

Gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "SÖZ" ədəbi layihəsi, Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, "Asan radio" və Gənclər Fondunun dəstəyi ilə keçirilib.

Tədbirdə Əməkdar artistlər Sevda Ələkbərzadə və Tünzalə Ağayeva, həmçinin Nigar Camal, Elnur Hüseynov, Bəhram Quluzadə, Vaqif Nağıyev, Murad İbrahimov, şairlər Xəyal Rza, Şəhriyar del Gerani, Mehman Rəsulov, Solmaz Süleymanlı, Leyli Salayeva, "SÖZ" layihəsinin direktoru şairə Nigar Həsənzadə çixiş ediblər. Gecənin aparıcıları "Asan Radio"nun direktoru Emin Musəvi və Nigar Həsənzadə olub.

Gecədə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xarici ölkələrin səfirləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları, xarici qonaqlar, uşaqlar və gənclər iştirak ediblər.

Gecənin finalı iştirakçıları mütəəssir edib. Parlaq işıqlara qərq olunmuş Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən uşaqlar müraciət ediblər: "Müharibələri dayandırın ki, heç yerdə uşaqlar ölməsin".

Ermənistan silahlı birləşmələri tərəfindən öldürülmüş balaca Zəhranın xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. (Trend)


Müəllif: Teleqraf.com