19 İyul 2017 22:37
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkar edilərək götürülüb. Hesabat dövrü ərzində pozuntulara yol verən 132 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib, 10 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub".

Teleqraf.com xəbər verir ki, bunu Penitensiar xidmətdə 2017-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində çıxış edən Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov bildirib.

Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib. Eyni zamanda nazir müavini nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com