20 İyul 2017 15:12
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobillərin alğı-satqısını istənilən dövlət orqanı həyata keçirə bilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, alğı-satqının DYP-dən alınması ilə bağlı konkret heç nə eşitməyib:

“Alğı-satqını istənilən dövlət orqanı həyata keçirə bilər. Burada qeyri-adi bir şey yoxdur. Bunun üçün Azərbaycan qanunvericiliyində müəyyən dəyişikliklər etmək lazımdır ki, həmin dəyşiklikləri də hakimiyyət orqanları etməlidir. ASAN Xidmət özü universal xidmət göstərən bir qurumdur. Müxtəlif dövlət orqanlarının adından xidmətlər göstərir. Elə avtomobillərin alğı-satqısını da həyata keçirə bilər”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov alğı-satqının ASAN Xidmətə verilməsi ilə bağlı heç bir məlumatı olmadığını bildirib: “Məlumatım olmadığı üçün heç nə deyə bilmərəm”.

Məsələ ilə bağlı ASAN Xidmətin mətbuat katibi Anar Hüseynov bildirib ki, ASAN Xidmət çərçivəsində göstərilən xidmətlərin sayı və istiqaməti yalnız Prezident İlham Əliyevin fərmanı ilə tənzimlənir:
“Yəni Prezident hansısa yeni xidmətin göstərilməsi ilə bağlı fərman verərsə, o zaman bizim üzərimizə düşən vəzifə onu icra etməkdir. Amma hazırda elə bir şey yoxdur. Olarsa, mətbuatın da məlumatı olacaq”.

Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu bildirib ki, məsələnin nə dərəcədə real olduğunu söyləmək çətindir:
“Amma bu baş verərsə, prosesi sadələşdirmək, asanlaşdırmaq məqsədi daşıya bilər. Bir çox xidmətlər ASAN Xidmətə ona görə verilir ki, vətəndaş uzunmüddətli növbə gözləməsin. Qısa müddətdə lazım olan xidmətlərdən istifadə etsin”.

Qeyd edək ki, son günlər avtomobil alğı-satqı prosesinin həyata keçirilməsinin Dövlət Yol Polisindən alınaraq, ASAN Xidmətə veriləcəyi ilə bağlı sosial şəbəkələrdə müzakirələr gedib.


Müəllif: Şəfiqə Nazimqızı