20 İyul 2017 16:24
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma seçkilər keçirilməsi, Köçəryandan başlayan bu ənənənin davam etdirilməsi sülhyaratma yolunda ciddi əngəllər yaradır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, qondarma rejimdə keçirilən seçkilər Azərbaycanın mövcud konstitusiyasının pozulması və beynəlxalq hüquq normalarına uyğun olmayan bir addımdır:

“Postsovet məkanındakı bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi bəlli güclər, bəlli qəyyumlar tərəfindən idarə olunur və onların təsiri altında hərəkət edirlər. Artıq ikinci dəfədir ki, bu “vəzifə”yə seçilən şəxsin Rusiya KQB-sinin aktiv üzvlərindən biri olduğu söylənilir və o özü bunu heç vaxt təkzib etmir. Belə görünür ki, qondarma rejimdə keçirilən seçkilər bilavasitə Moskva tərəfindən istiqamətləndirlir və bu “vəzifə”yə təyin olunan namizədlər də Moskvanın razılığı olmadan seçilə bilmirlər. Bu, Abxaziyada da, Cənubi Osetiyada da, Dnestryanı bölgədə də belədir. Çox təəssüf ki, postsovet məkanındakı münaqişələr üzərində qeyri-obyektiv və beynəlxalq hüquq normalarına əsaslanmayan bir hökmranlıq mövcuddur. Bu hökmranlıq da sadəcə bəlli dövlətlərin strateji maraqlarını bölgədə qoruyub saxlamaq üçün uydurulmuş bir variantdır. Bu münaqişələrin sırasına Donetsk və Luqansk "xalq respublikalarının" elan edilməsi də daxil oldu. Bütün bunlar onu göstərir ki, postsovet məkanında bəlli nöqtələrin, xüsusilə də Avropaya inteqrasiya kursu seçmiş ölkələrin destabilizə edilməsi amili Moskva tərəfindən istiqamətləndirilir və yönləndirilir”.

Q.Hüseynli bildirib ki, Azərbaycan dəfələrlə bu seçkiləri pislədiyini bəyan edib:

“Beynəlxalq təşkilatların böyük əksəriyyəti də bu “seçki”nin nəticəsini tanımadığını bəyan edirlər. Yəqin, növbəti dəfə də bu seçkilərin nəticələrinin tanınmaması haqqında da müxtəlif ölkələrdən və beynəlxalq qurumlardan etiraz bəyanatları gələcək. Çünki qondarma DQR-i heç bir ölkə, hətta Ermənistanın özü də tanımır. Amma Ermənistan və Rusiya bu məsələdən sonra susacaq. Heç bir bəyanat yayımlanmayacaq. Bu da onu göstərir ki, bölgədəki hadisələr hələ də kimlərinsə diktəsi altındadır”.

Politoloq qeyd edib ki, bu seçki onsuz da heç nəyi dəyişmir:

“Çünki Dağlıq Qarabağ bölgəsində ermənilərin sayı getdikcə azalır. Lap bu yaxınlarda rusiyalı bir politoloqun söylədiyinə görə, Dağlıq Qarabağda insanların sayı əgər əvvəllər 70 min nəfərə çatırdısa, indi güclə bir neçə 10 min nəfərə çatır. Yəni, ordan insanların miqrasiya prosesi sürətlə davam edir. Bu da onu göstərir ki, bu cür avantüraların bölgəyə ziyandan başqa heç bir xeyri yoxdur. Bu cür tanınmayan respublikalarda qondarma liderlərin “seçilməsi” bölgənin iqtisadi bağlarını qırır və orada hədsiz kasıblaşmaya və insanların məzlumlaşmasına gətirib çıxarır. İnsanlar da bu məsələdən çıxış yolunu yalnız mühacirət etməkdə tapırlar. Bu qondarma respublikanın vəziyyəti də buna bənzəyir. Dağılmış iqtisadiyyat, yoxsul əhali, əhalinin sayının durmadan azalması, nəticə etibarilə “Böyük Ermənistan” haqqında xülyaların puç olması məsələsi meydana çıxır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hələ ki, sülh danışıqlarına ümid edir. Rusiyanın vasitəçiliyi ilə prezidentlərin görüşünün keçiriləcəyi haqqında bəyanatlar da bu qəbildəndir. Bu görüşün arzuolunan nəticələr verəcəyinə inam az olsa da, hər halda bu xətti davam etdirmək vacibdir. Yəqin ki, Azərbaycan bu xətti sonadək sınayacaq. Amma getdikcə hamıya daha çox bəlli olur ki, Ermənistanın destruktiv mövqe tutması ucbatından bölgədə yeni müharibə riskləri artır və bölgə yenə də gərginlik mənbəyinə çevrilə bilər”.

Qeyd edək ki, iyulun 19-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə saxta, qondarma seçkilər keçirilib. Qondarma rejimin “parlament”ində keçirilən “seçkilər”də Bako Saakyan yenidən bu posta “seçilib”.


Müəllif: Səxavət HƏMİD