21 İyul 2017 11:16
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavanşir Paşazadə: “Başımıza butulkalar yağmağa başladı”

Milli Məclisin deputatı Cavanşir Paşazadə Teleqraf.com-un suallarını cavablandırıb:

- Milli Məclis artıq tətilə çıxıb. Tez-tez parlament xətti ilə xarici ölkələrdə olursunuz, istirahət üçün də xaricə üz tutacaqsınız?

- Bu il Azərbaycandan kənara getməyi düşünmürəm, ölkəmizdə dincəlməyi məqbul sayıram. Artıq Azərbaycanda istər cənub bölgəsində, istərsə də Qəbələ, Qaxa qədər gözəl istirahət məkanları var. Avropaya nisbətən bizdə iqlim də yaxşıdır, orada bu saat hava çox istidir. Ölkəmizdə turizm sektoru inkişaf edib, əcnəbilər istirahət üçün bura gəlirlər. Niyə gedib başqa ölkədə dincəlməliyik? Həcc ziyarəti dediniz, cəmi bir dəfə ziyarətdə olmuşam. Düzdür, ərəb ölkələrinə səfər edirəm, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında parlamentlərarası dostluq qrupunun rəhbəriyəm, multikulturalizm, dini tolerantlıqla bağlı xaricdə keçirilən görüşlərdə tez-tez iştirak edirəm.

- Yeri gəlmişkən, ölkəmizdəki istirahət düşərgələrinin qiymətlərilə bağlı şikayətlər olur. Bəzən deyirlər xaricdə dincəlmək Azərbaycandan ucuz başa gəlir. Bu fikirlərlə razısınız?

- Qiymətlərin bahalığı ilə razıyam, bir neçə dəfə də bunu dilə gətirmişəm. Xaricdə istirahətin Azərbaycandan ucuz başa gəldiyini demək də doğru olmazdı. Məsələn, Fransada istirahət etmək istəsən, bütün xərclər avro ilə ödənir. Düzdür, ucuz olan ölkələr də var, amma insan öz imkanına uyğun dincəlməyə çalışsa, yaxşı olar. Azərbaycanda beş ulduzlu otellər çoxdur, ancaq insanların hamısının orada qalıb dincəlməyə imkanıçatmır. Orta qiymətli xidmət təklif edən otellər də olmalıdır ki, insanlar öz ailəsi ilə birgə dincələ bilsin. Bu istiqamətdə işlər də gedir. Bir şeyi də qeyd edim ki, xidmətdə fərq hiss olunur. Biz xidmət sahəsində başqa ölkələrdən geriləyirik. Əlində çaynik tuta bilməyən, danışığına, təmizliyinə riayət etməyən insanları günəmuzd dəvət edib işlədirlər. Bu hal isə həm yerli camaatı, həm də əcnəbiləri qıcıqlandırır, bir çox hallarda narazı salır. Azərbaycan xalqı yaşamı sevir, özünə xidmət etməyi xoşlayır. Hesab edirəm ki, bu çatışmazlıq aradan qalxacaq, hər şey öz yerini tapacaq, turizm sektorunu daha da canlandırmaq üçün gənclərimiz bu sahəni peşə və ali məktəblərdə öyrənməli və sonra çalışmalıdırlar.

- Yayda gündəlik məşğuliyyətiniz nədən ibarətdir?

- Gündəlik xəbərləri izləyirəm, tarixlə maraqlanıram. Keçmiş dövrlə müqayisə aparmağı xoşlayıram. Bədnam qonşumuz Ermənistanın Azərbaycan torpaqlarına necə yerləşməsi, əvvəllər hansı formada yaşaması barədə mənbələri oxuyuram.

- İdmanla aranız necədir?

- İdmanı çox sevirəm. Gündə 8 km piyada gəzirəm, 1 saat üzürəm.

- Bəs futbol həvəskarısınız?

- Əzəldən futbola marağım olmayıb. Hərdən komandalarımızın oyununu izləyirəm. Özbəkistanda oxuduğum dönəmdə “Paxtakor” klubunun oyunu vardı, qrup yoldaşlarım məni də məcbur apardılar. Oyun başladı, “Paxtakor”a ard-arda 2 qol vurdular, stadiondan səs çıxmırdı, üçüncü qol vurulanda ayağa durub “urra” qışqırdım, başımıza butulkalar yağmağa başladı (gülür). 30-40 nəfərlik qrupda dava düşdü. Mənim azarkeşlik etdiyim klub deyildi, pulumu verib getmişdim, kimə nə aidiyyatı vardı kimi dəstəkləyirəm, oyun maraqsız gəlirdi deyə qışqırmağa başladım.

- Masanızın üzərində gözmuncuğu diqqətimi çəkdi, gözə, nəzərə inanırsınız?

- Oturduğumuz otaq mənim deyil, hərdən gəlirəm, heç bu gözmuncuğundan xəbərim yoxdur. Təbii ki, insanı çox istəməkdən də göz dəyə bilər, nəfs, nəfəs var.

- Bu yaxınlarda təmsil olunduğunuz cənub bölgəsində seyid vəsiqəsinin verilməsi xeyli müzakirələrə səbəb olmuşdu. Münasibətiniz maraqlıdır...

- Burada iki məqam var, din xadimi silahın buraxılmasına, cəmiyyətə zərər verən bir şeyə sertifikat verməyib ki? Bir nəfər daxilində düşünür ki, seyidəm, Allah adamıyam. Hər cür düşüncədə olan insan var. Bir nəfər avam olmadı, seyid oldu, xalqa, mədəniyyətə zərəri nədir? İkinci tərəfdən xalq üçün zərəri olmasa da, vəsiqə almaq düzgün deyil. Bilirsiniz ki, belə bir vəsiqə mövcud deyil, onu kompüterdə düzəltməyə nə var ki? Daha bir avam adam vəsiqəni təsdiq edib, əlbəttə, bu, yanlışdır.

- Bir qrup deputat var ki, Milli Məclisdə nadir hallarda çıxış edir. Ola bilsin komitə iclaslarında qanun layihələrinə fəal şəkildə münasibət bildirirsiniz, amma iclaslarda çıxışlarınız az olur. Buna səbəb nədir?

- Komitə iclaslarında müvafiq qanun layihələrinə münasibətimi bildirirəm, mənə aydın olmayan məsələlərlə bağlı suallarımı ünvanlayıb özüm üçün dəqiqləşdirirəm. İclaslarda az çıxışa gəlincə, seçicilərimin müraciəti ilə bağlı məsələləri aidiyyatı strukturlar qarşısında qaldırıram. Yolların çəkilməsi, məktəblər, xəstəxanalar, bağçaların tikilməsi ilə bağlı dövlət başçısından çox böyük xahişlər etmişəm. 2 il bundan qabaq seçildiyim 75 saylı dairə üzrə Vilvan-Zövlə-Boladi və Liman-Nərimanabad yollarının qurulması və asfaltlaşdırılması üçün büdcədən 2 dəfə pul ayrıldı. Cənab prezident çox sağ olsun, müraciətimizə müsbət yanaşdı və müvafiq göstəriş verdi. Bir ildə üç kənddə məktəb tikilib istifadəyə verildi. Ümumilikdə deputat kimi fəaliyyət göstərdiyim dövrdə 18 məktəbin açılışı olub, iki böyük bazar, idman zalları tikilib. Bizim bölgədə əlbəttə, problemlər var, bu da əsasən işlə bağlıdır. Cənab prezidentin son müşavirədə kənd təsərrüfatı ilə bağlı tapşırıqlarını eşitdiniz, bizim ağlımıza gəlməyən nə qədər yeni məsələlər barədə danışdı. Özüm Milli Məclisin aqrar siyasət komitəsinin üzvüyəm, uzun illər bu sahədəyəm. Cənub bölgəsində ömrü boyu tərəvəzçiliklə - pomidor, xiyar, bibər becərilməsi ilə məşğul olmuşuq. Müşavirədə bunun daha da genişləndirilməsi, qida təhlükəsizliyi ilə bağlı məsələlər irəli sürüldü. Azərbaycandakı məhsullar hamısı təmiz məhsullardır, ərəblər də daxil olmaqla, pulu olan ölkələr bizim məhsullara meyl edirlər. Ulu öndər Heydər Əliyev bir dəfə çıxışında demişdi ki, Azərbaycan kəndlisinin hər birinin bir vəzifəsi var, bu, onlara verilən pay torpaqlarından səmərəli istifadədir, torpaqdan səmərəli istifadə olunsa, bu, yaxşı nəticələr verəcək. Heç kəsə sirr deyil ki, Rusiyada alver edənlərin əksəriyyəti cənub bölgəsindəndir. Görəsən, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan qardaşım, qohumum niyə Bolqarıstanın, Özbəkistanın, Tacikistanın məhsulunu satır? Elə Azərbaycandan öz qohumunun məhsulunu satsın da. Təbii ki, bunun üçün dövlət dəstəyi də lazımdır, rüsumların azaldılmasına ehtiyac var. Bir nəfər becərdiyi üzümün, pomidorun hamısını özü yemir axı. İstehsalat aparan müəssisəyə məhsulunu təqdim edirsə, o müəssisə vergidən azad deyilsə, yenə də məhsul kəndlinin əlində qalır, ixrac, dünyaya çıxış çətinləşir. Əminik ki, dövlət bu istiqamətdə mühüm addımlar atacaq. Bizim üçün kənd təsərrüfatı sahəsində böyük bazar Rusiyadadır və imkan daxilində bundan istifadə etmək lazımdır.

- Cənub bölgəsində qızların valideynlərinin israrı ilə təhsildən yayınması, erkən evliliklə bağlı narahatlıqlar dilə gətirilir. Bu problemin çözümü üçün maarifləndirmə işləri yetərlidirmi?

- Bəzi deputat həmkarlarım da bu barədə fikirlər dilə gətirirlər. Onlara da deyirəm ki, bu fikirləri səsləndirməklə səhv edirsiniz. Cənub bölgəsində erkən nikah və ya qız uşaqlarının təhsildən yayınması problemi yoxdur. Söhbət oxutmaq üçün ailələrdə imkan məsələsindən gedir. Bu problem Qaxda da, Bakıda da, Salyanda da, başqa bölgələrdə də var. Gedib Lənkərana da baxaq, Bakıya da, görək bağlı geyimdə qız uşaqları harada daha çoxdur? Mənim 9 bacımın hamısı məktəbi bitirib, içərisində həkim də var, kran idarəçisi olan da var. Bir bacım Sumqayıtda “DSK” zavodunda böyük yükləri, betonları daşıyan kranı idarə edib, “kranavşik” işləyib. Cənub bölgəsinin adı ilə bağlı belə bir məsələni qaldırmaq doğru deyil. Azyaşlıların nikahına gəlincə, bütün bölgələrdəki kimi cənub bölgəsində də belə hallar olur. Bu, ailələrin, evlənən cütlüklərin seçimindən asılıdır, kütləvi şəkildə erkən evlilik yoxdur. Bunun müzakirəsini də doğru saymıram.

- Uzun illər çay fabrikinə rəhbərlik etmişiniz, hərdən deyirlər, içdiyimiz deyəsən rəngdir, bəs Siz hansı çayı içirsiniz?

- Bəli, uzun müddət Lənkəranda çay fabrikinin direktoru işləmişəm. Hələ də Lənkəran çayı içirəm. Fabrik direktoru işləyən dövrdən ehtiyatda çay saxlamışdım, ötən ilə qədər istifadə elədik (gülür). Keçən il Lənkəranda çay yığdırdıq, fabrikdə emal etdirdik, istifadə edirik, artıq bu çaya öyrəşmişəm.

- Bu gün çayçılığın vəziyyəti necədir, zəhmətli işdir, gec başa gələn məhsuldur...

- Bu barədə danışsam, uzun çəkər, Lənkəran vaxtilə 18 min ton məhsul verirdi. Çay yüzillik bitkidir, bəzi bölgələrdə suvarmasan belə yarpaq verəcək. Azərbaycan Xalq Cəbhəsi dövründə dövlətə naşı insanlar rəhbərlik edirdi, çay sahələrini qırmağa başladılar. O vaxt baş nazir olan şəxsin yanına getdim və məni qəbul etməsini xahiş elədim. Məni qəbul elədi, ona dedim ki, çay elə məhsuldur ki, heç bir kapitalist gəlib onu əkib 10 il gözləməz ki, bir az məhsul əldə edim. Söylədim ki, çay artıq əkilib, illərdir məhsul verir, gəlin, bunu qoruyub saxlayaq, xalqımıza xidmət edək. Baş nazirin ( Pənah Hüseyn – N.E.) mənə cavabı bu oldu ki, biz çaydan daha səmərəli bitkilər əkəcəyik, sovet dönəmindən qalan bitki bizə lazım deyil. Soruşdum nə əkəcəksiniz? Qayıtdı ki, sarımsaq. Bu cavabdan sonra nə deyəydim? Qeyri-iradi qarşımdakı “bloknot”u bərk çırpdım. Hətta baş nazirin birinci müavini yanımda əyləşmişdi, mənə dedi ki, bir az yavaş olun. Özümdən asılı deyildi, təsəvvür edin, səriştəsiz adam bir bölgənin 50 il çəkdiyi əziyyəti heçə saydı, 1 il müddətinə çay plantasiyalarını məhv elədilər. Cənab Prezident İlham Əliyev son müşavirəsində çayçılıqla bağlı da tapşırıqlarını verdi, fabriklər daha da genişlənir, inşallah, bu istiqamətdə müsbət irəliləyişləri görəcəyik.

- Mediada ara-sıra müxtəlif xəbər başlıqlarında adınız hallanır. Dələduzluq və vergidən yayınmaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Müğdət Həşimovun uzun illər həbsdə qalmasını istədiyinizə dair fikirləri bu günlərdə mediada dərc olundu....

- Bu məsələyə bir neçə dəfə münasibət bildirmişəm, o adamlar müqavilə bağlayıb kredit götürüb, o pulu düzgün sərf etməyib və pulu də banka ödəməyib. Hazırda onu tutublar və pulu ödəməsini tələb edirlər. Ödəməyib deyə iş kəsiblər, ödəməsə həbsdə qalacaq, ödəsə, azadlığa çıxacaq. Məsələ bu qədər sadədir.

- Əsas müzakirə mövzularından biri də məmur övladlarının uyğunsuz hərəkətləri nəticəsində vəzifədə olan valideynlərinin cəzalanması məsələsidir. Bu kimi hallara son zamanlar daha tez-tez rast gəlinir. Prezident son müşavirədə yenidən məmurlara xəbərdarlıq etdi. Sizcə, xuliqanlıq və digər neqativ hallar cəmiyyətdə nüfuzlu olan şəxslərin övladlarına vaxt ayırıb düzgün tərbiyə verməməsindən irəli gəlir?

- Prezident son müşavirəsində bir daha bu məqama toxundu, bu çağırış rəhbər vəzifədə işləyən şəxslərin bir daha türklər demiş, “kəndinə gəlməsi” üçün idi. Ölkə başçısı bir daha vurğuladı ki, siz bu xalqın xidmətçisisiniz, insanlara xor baxmaq olmaz. İnsandan insana fərq var, el arasında deyirlər, sonradan görən adam nə özünü aparmağı, nə də xərclərini bilir, başgillənmə nəticəsində səhvlər buraxır. Məmur övladları da bilməlidir ki, sadə adamların haqqına girmək olmaz. Bundan başqa onlar valideynlərinə zərbə vurur. Hər bir uşaq öz atasını varlı bilir, kimsə imkansızın yanında dükana girib özünü göstərərək uşağına “get, filan şeydən 15 dənə götür” deyirsə, ona söyləmək lazımdır ki, yaxşı kişisənsə, de, ondan bu uşaqların hamısına payla. Mənliyi olmayan, bu gün üçün yaşayan insan Allah tərəfindən də, dövlət tərəfindən də cəzasını çəkəcək. Tələbəlik dövründə Dağıstandan olan qrup yoldaşımız vardı, atası vəzifədə idi, “Volqa” avtomobili almışdı. Həmin oğlan qrup uşaqları ilə oturub nahar etmək istəyəndə, heç kəs onunla oturmurdu, ona pis baxırdılar, deyirdilər o, atasının pulunu xərcləyir. Biz gecələr 15-20 manat qarşılığında vaqon boşaldırdıq, sonra qrup şəkildə oturub nahar edirdik. Həftə sonları birinin evinə palçıq daşıyırdıq, o pulu birgə bölürdük, amma həmin oğlanın atasının puluna aldığı yeməyi qəbul etmirdik. Gərək kişi özü qazana. Məmur uşağı bu gün bahalı maşını ilə lovğalanırsa, başqası ona kənardan həsəd aparımamalı, pərt olmamalıdır. Çünki kişi öz atına minər. Bacarığı hesabına əldə etsə, başqa məsələ. Havadan “kişilik” göstərənə həsəd aparmaq lazım deyil. Sizlər çoxsunuz, məmur qızı gəlib restoranda yemək yeyib lovğalanırsa, sizlər onu lovğalığına görə utandırmalısınız, pis hərəkət elədiyini göstərməlisiniz, ictimai qınaq olmalıdır ki, hərəkətinin ayıb olduğunu bilsin. İndi bellərində uzun pul qabı gəzdirirlər. Bu hansı dövlətin puludur ki, belə uzunluqda pul qabıya qoymusan, hələ üstəlik kartları doldurmusan? Özünü kimə göstərirsən? Vallah, sadəlikdən gözəli yoxdur. Təklikdə bir şey olmaz, ətrafınızdakı gənclərlə birlikdə lovğa gəncləri ifşa etsəniz, onlar düz hərəkət etmədiklərini bilərlər. Hərdən baxıram, ətrafımda türkiyəli gənclər restorana gəlib, deyib-gülüb şənlənirlər, bizim gənclərsə sanki başqası üçün restorana gedirlər, dərhal əllərində telefon şəkil çəkdirirlər, 5 manatdan yığıb qəhvə içməyə gedirsinizsə, özünüz üçün şənlənin də. Göstəriş üçün edəcəksinizsə, o məmur uşaqlarından heç bir fərqiniz qalmayacaq axı.

- Sizin övladlarınız nə işlə məşğuldur?

- Böyük oğlum dövlət yol polisində çalışır. Bir oğlum ailəsi ilə birgə İstanbulda yaşayır, dəniz brokeridir, İngiltərədə təhsil alıb. Qızım isə pedaqoqdur.

- Onlarla istədiyiniz qədər vaxt keçirə bilirsiniz?

- Onlar üçün mənsiz, mənim üçün də onlar olmadan heç nə alınmır. Nəvəm Hikmətgilə müəlliməsi tapşırıq verib ki, valideynləriniz haqda yazın. Sinifdə uşaqların hamısı qələmlə oynayıb heç nə yazmayıb, nəvəm bir az diribaşdır, müəllimə müraciət edib ki, olarmı atamız haqda yox, babamız haqda yazaq? Müəllim razılıq verib, dərhal hamı qələmi götürüb yazmağa. İndiki uşaqlar ata-ana haqda yox, baba, nənə haqda çox bilir (gülür).

- Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı olmaq daha çox ziyanınızadır, yoxsa xeyrinizə?

- Qardaşım 35 ildir şeyxdir, şeyxin qardaşı olmaq bir tərəfdən yaxşı görünür, amma başqa məqamlar da var, başqalarının etdiyini, danışdığını mən edə bilmərəm. Sual verdiniz ki, Milli Məclisdə niyə az danışırsınız, görəsən çox danışsam nə olar? (gülür) Deyəcəklər haradan “vurdu?”, kimə dedi bu sözləri? Hamısından yaxşısı işini əməlinlə göstərməkdir. Deputatın işi qanun qəbul etmək, xalqın fikirlərini dövlətə çatdırmaqdır. Şeyxin qardaşı olmağın çətinlikləri də var. Təbii ki, bu çətinliklər qürurverici çətinliklərdir. 15 respublika içərisində Azərbaycandan Şeyxülislam Allahşükür Paşazadə dini rəhbər seçilib, xalqın rəğbətini qazanıb, əlbəttə, bu, qazancdır. Təbii ki, mətbuat da daxil olmaqla çoxları haqqımızda danışır, təki salamatlıq olsun. Həmişə haqqımda yazanda məni şeyxülislamın qardaşı, daha sonra millət vəkili kimi təqdim edirlər. Bir dəfə kimsə bir yazı yazmışdı, orada millət vəkili Cavanşir Paşazadənin qardaşı Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edilmişdi. Qardaşım soruşdu ki, kim yazıb bunu? Dedim neyləyirsən, gündə yazırlar da. Bir gün sonra yenidən qayıtdı ki, bu yazını kim yazıb? Dedim sənə maraqlı gələn nədir ki, soruşursan. Ardınca da qayıtdım ki, səninçün maraqlı gələn odur ki, 30 ildə ilk dəfədir Cavanşir Paşazadənin qardaşı yazıblar, sənin kefinə dəyən budur. Dedi, hə, o vicdansız niyə belə yazır (gülür).

- Yorulanda hansı musiqi Sizi sakitləşdirir?

- Əsasən fars musiqisinə qulaq asıram.

Foto: Elçin Murad


Müəllif: Nərgiz Ehlamqızı