8 Avqust 2017 11:18
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin qanunvericiliyin tələblərinə uyğun olmayaraq işlədilməsi hallarına dair heç bir müraciət daxil olmayıb.

Bunu Teleqraf.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsi barədə işəgötürənlərə xəbərdarlıq edib: “İşəgötürənlərin diqqətinə çatdırılıb ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, belə hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlər dayandırılmalı, işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilməli və bu fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməli, işçinin təqsiri üzündən baş verməyən belə boşdayanma vaxtının haqqının tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.

Şöbə müdiri qeyed edib ki, işəgötürənlərə ünvanlanan xəbərdarlıqdan sonrakı dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə iş yerlərində havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin qanunvericiliyin tələblərinə uyğun olmayan şəraitdə işlədilməsi halının baş verməsinə dair heç bir müraciət daxil olmayıb: “Bununla belə, işçilər havanın temperaturunun qeyd olunan dərəcədən yüksək olduğu zaman açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda işlədildikləri təqdirdə bu barədə yazılı və şifahi formada, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzi vasitəsilə məlumat verə bilərlər. Hər bir belə müraciət Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacaq və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin olunacaq”.


Müəllif: İlhamə Əbülfət