22 İyul 2017 14:50
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) nümayəndə heyəti Bakı şəhərində keçirilən Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış–xilasetmə Dəstəsinin şəxsi heyətlə komplektləşdirilməsi və Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) klassifikasiya mərhələsi üzrə taktiki-xüsusi təlimi müşahidə etmək üçün Azərbaycanda səfərdə olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədr müavini Fatih Özərin rəhbərlik etdiyi nümayəndə heyəti FHN-in Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində olublar. Qonaqlar yanğınsöndürmə texnika və avadanlıqları ilə tanış olub, onlara şəxsi heyət üçün yaradılmış şəraitlə bağlı məlumat verilib.

Sonra Türkiyə nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olublar.

AFAD-ın nümayəndə heyəti ilə Fövqəladə Hallar Nazirliyində keçirilmiş görüşdə nazir müavini Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat verib, qardaş Türkiyənin bu qurumu ilə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

AFAD-ın sədr müavini Fatih Özər təmsil etdiyi qurumun FHN ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb, keçirilən birgə tədbirlərin ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynadığını bildirib.

Görüşdən sonra qonaqlar FHN-in Akademiyasında da olublar. Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov türkiyəli qonaqlara bu ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib, onları buradakı laboratoriya və texnika ilə tanış edib.

Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və AFAD-ın nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış–xilasetmə Dəstəsinin şəxsi heyətlə komplektləşdirilməsi və Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) klassifikasiya mərhələsi üzrə taktiki-xüsusi təlimin gedişini izləyiblər.

Təlimə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının texnika və avadanlıqları və şəxsi heyəti cəlb olunub.


Müəllif: Teleqraf.com