27 İyul 09:18
2 016

Bu yaxınlarda bəstəkar, publisist Üzeyir Hacıbəylinin nadir bir kitabı şəxsi arxivimizə daxil oldu.

“Hesab məsələləri” adlanan bu kitab 1908-ci ildə o zamankı Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində yerləşən Orucov qardaşlarının mətbəəsində Q.Şərifzadə və A.Kazımzadə tərəfindən nəşr olunub.

Bu kitab haqqında “Üzeyir Hacıbəyli ensiklopediyası”nda yazılır: “Hәlә Qori seminariyasında oxuyarkәn "Mәn gәlәcәkdә nә iş görәcәyәm?" mövzusunda yazdığı inşasında "...mәktәblәrimiz üçün ana dilindә tәdris olunmaqdan ötrü dәrs kitabları" tәrtib etmәyi vәd verәn Hacıbəyli vәdini doğruldaraq, ibtidai mәktәb şagirdlәri üçün bu dәrsliyi yazıb. Dәrslik üç hissәdәn (birrәqәmli әdәdlәr, yuvarlaq onluqlar, ikirәqәmli әdәdlәr) ibarәtdir. Hәr hissәdә 352 mәsәlә pedaqoji tәlәblәrә cavab verәn ardıcıllıqla düzülüb. Dәrslikdә xalq mәişәtinә dair çoxlu mәsәlә vardır. Müәllif bu mәsәlәlәri kәndli, әkinçi, bostançı, cütçü, balıqçı, dәrzi, miskәr vә başqa peşә sahiblәrinin hәyatını әks etdirәn misallarla dolğunlaşdırmağa çalışıb. O dövrün görkәmli pedaqoqları bu dәrsliyi "gözәl üslub ilә tәrtib edilmiş" kitab, Azәrbaycan mәktәblәri üçün faydalı vә lazımlı vәsait saymışdılar”.

Xatırladaq ki, Üzeyir Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Hadruta müəllim təyin edilir, lakin o buradakı təhlükəni görüb Bakıya gəlir, Bibiheybət neft rayonunda fəhlələrin uşaqlarına dərs deyir. Bu dövrdə Qoqolun “Şinel” əsərini türkcəyə tərcümə edir. “Həyat” qəzetində tərcüməçi işləyir, qəzetin 59-cu sayında “Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhü” adlı ilk yazısı dərc olunur. Bu ərəfədə isə Üzeyir bəyin iki mühüm kitabı çap olunur.

1907-ci ildə çap olunan "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti" əsərinin redaktoru Məhəmməd Əmin Rəsulzadə olur. Həmin kitabın orijinalı arxivimizdə olmasa da, Rusiya kitabxanalarının birindən elektron kitab şəklində əldə etmişik.

1907-ci ildə "İrşad" qəzetinin 25 noyabr 119-cu sayında bu lüğət haqqında yazılıb: "Qəzet oxucularına! Qəzet oxuyanda rast gəldiyiniz çətin sözləri bilmək üçün çarə tapılmışdır. Üzeyir Hacıbəyovun siyasi, iqtisadi, hüquqi, əsgəri və qeyri sözlərə dair mətbuatda istifadə olunan siyasi, iqtisadi, hüquqi və əsgəri sözlərin lüğəti bu yolda sizin köməyinizə çatar".

Göründüyü kimi, Üzeyir bəyin bu kitabı mətbuatın inkişafı üçün önəm daşıyıb.

Arxivimizə daxil olan “Hesab məsələləri” kitabına gəldiksə isə bu əsər Məhəmməd Əmin Rəsulzadənin diqqətini çəkmiş və 2 noyabr 1908-ci ildə “Tərəqqi” qəzetinin 91-ci sayında “Hesab məsələləri” haqqında məqalə yazıb.

Rəsulzadə məqaləsində mövcud durumdan bəhs edir, türk dilindəki kitabların azlığına toxunur və belə bir ortamda Üzeyir bəyin kitabının önəmindən bəhs edir.

Məqalədəki önəmli hissəni təqdim edirik:

“… 104 səhifədən ibarət təmiz və aydın surətdə asan Azərbaycan sadə türkcəsilə tərtib olunmuş “Hesab məsələləri” adında bir kitab nəşr olunmuşdur. Mühərrirlərimizdən müəllim Üzeyir Hacıbəyov cənablarının bu əsəri ibtidai məktəblərin birinci və ikinci şöbələri şagirdlərindən ötrü lüzumlu bir dərs kitabıdır. Bu əsərin nə üsul və nə qaidə ilə tərtib olunduğunu bildirmək üçün kitabın başında müəllif tərəfindən yazılmış olan müqəddəməni nəql eləməkdən yaxşı tərif ola bilməz. İştə müqəddəmə: “Bu kitabın tərtibində rus kitablarından istifadə edib cənab Komarovun hesab məsələləri kitabını özüm üçün ümdə rəhbər ittixaz etdim… Komarovun kitabçasın özüm üçün dəstürül-əməl yerinə qəbul elədimsə də, bəzi yerlərində öz təcrübəm ilə əxz etdiyim xüsusi qaidələrin tətbiqini də lazım gördüm. Böylə ki, təklik hesablara dair məsələləri bir neçə tip qismlərə böldüm ki, əvvəla şagirdlər və saniyən müəllim üçün anlamaq və anlatmaq işi asan olub az vaxt sərf olunsun. Bundan başqa mənim ümdə qəsdim şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdir: çünki çox vaxt müsəlman şagirdləri hesab məsələlərini “neçin” və “çünki”siz həll edib dəlil və sübutlar gətirməyə aciz olurlar… Məsələlər intixabında orasına dəxi səy etdim ki, öz məişətimizdən əxz edilmiş məsələlər ilə bərabər rus məişətinə dair məsələlərdən də məzmuni cəhətincə təqdir və təqlidə layiq məsələlər dəxi olsun. Dil cəhətinə gəlincə məsələlərin sırf türk dili ilə yazılıb dilimizin təbiətinə müğayir cümlə və ibarələrdən, baxüsus rus dilinə mənsub idareyi-kəlamdan azad olmasına artıq səy etdim. Hesab məsələləri kitabının hamısında kitabın içində həll olunmaq üçün təyin olunmuş məsələləri həll edəndən sonra, həllinin doğru olduğunu təhqiq edib xatircəmlik hasil etmək üçün hamı hesab məsələləri kitablarının axırında məsələlərin öz nömrələri ilə cavablarını yazmaq bir qaidədir”.

Göründüyü kimi, məqaləsində Üzeyir bəyin kitaba yazdığı ön sözdən sitatlar gətirən Rəsulzadə sonda kitabı məktəblər üçün tövsiyə edir: “Bəzi səbələrə görə kitab öz vaxtında meydana çıxa bilməyib, bir az gecikmişdir. Bütün Qafqaz məkatıb və müəllimlərinin diqqətlərini cəlb eləyib kitabın tətbiqini tövsiyə ediyoruz”.

Yazısının sonunda isə Rəsulzadə belə bir qeyd verir: “Nəfis bir surətdə çap edilmiş bu kitabın qiyməti 60 qəpikdir. Naşirləri Q.Şərifzadə və A.Kazımzadələrdir. İstəyənlər məzkurların Bakıda Nikolayevski küçədə müsəlman ünas məktəbinin qabağında olan mərkəzi mağazalarından və Parapetdə olan şöbələrindən ala bilərlər”.

Teleqraf.com Üzeyir bəyin nadir kitabının bəzi səhifələrini təqdim edir:


Müəllif: Dilqəm ƏHMƏD