27 İyul 2017 21:14
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Sülh Platformasının Azərbaycan üzrə koordinatoru Orxan Nəbiyev Teleqraf.com-un suallarını cavablandırıb:

- Bir müddət öncə Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulan Oksana Altunyanın Azərbaycana səfəri və Ermənistan silah qüvvələrinin Alxanlı kəndinə təxribatı zamanı həlak olan Zəhra Quliyeva və nənəsinin məzarını ziyarəti müzakirələrə səbəb oldu. Həmin səfər barədə məlumat verməyinizi xahiş edirik...

- Oksana Altunyan iyunun əvvəllərində Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmaq üçün müraciət etmişdi. O, uzun müddət fəaliyyətimizi internet vasitəsilə izləyib və belə bir qərar verib. Platformaya qoşulmaq üçün prosedur var, dəstək aktı imzalanıb bizə göndərilir. Aktda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həlli, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması, qaçqın və məcburi köçkünlərin öz vətənlərinə dönməsi prinsipi qeyd olunub. Onunla skayp vasitəsilə intervyu etdik və o bildirdi ki, doğulub böyüdüyü Bakını gəlib görmək istəyir. O dəfələrlə bildirirdi ki, televiziya və internet vasitəsilə Bakının nə qədər dəyişdiyini, gözəlləşdiyini görür və paytaxtı ziyarət etmək istəyir. Bilirsiniz ki, erməni əsilli şəxsin Azərbaycana gəlişi ilə bağlı proses başqa millətlərin nümayəndələrinin səfərindən fərqlənir. Biz bununla əlaqədar müvafiq qurumlara müraciətlər etdik və müsbət cavab aldıq. Beləliklə Oksana xanımın Bakı səfərini təşkil elədik. 3 günlük səfər boyunca ilk gün Bakını gəzdirdik. O, Bakıya gəlməzdən əvvəl, məlum faciə baş vermişdi. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və nənəsi həyatlarını itirmişdi. Oksana xanım belə təşəbbüslə çıxış elədi ki, Zəhranın və nənəsinin məzarını ziyarət etmək və ailəsinə başsağlığı vermək niyyətindədir. O söylədi ki, Sülh Platforması vasitəsilə Bakıya gəlib, ancaq eyni milli mənsubiyyətdən olduğu şəxslərin mənfur hərəkəti nəticəsində faciə baş verib və həlak olanların məzarını ziyarət etmək onun vicdan borcudur. Eyni zamanda bu, sülh üçün atılmış doğru addım idi. Neqativ hadisə baş verməsin deyə əvvəldən bu ziyarət haqda elan etmədik. Öz şəxsi təşəbbüsü idi və bunu reallaşdırmağı məqsədəuyğun hesab etdik. Alxanlıya getdik, Oksana xanım yas mərasimində də iştirak etdi və biz Bakıya döndük.

- Zəhranın valideynləri onun ziyarətini necə qarşıladı?

- Zəhranın valideynləri bu barədə xəbərsiz idilər. Bu, sadəcə Sülh Platforması olaraq bizim və Oksana xanımın vicdan borcundan irəli gələn təşəbbüs idi. Azərbaycan cəmiyyətinə də millətlərin deyil, işğalçı rejimin bu təxribatı etdiyini və heç də bütün ermənilərin bu işğalı, insan ölümünü dəstəkləmədiyini dünyaya nümayiş etdirmək üçün çəkiliş apardıq.

- Nə valideynlər, nə qonum-qonşu o xanımın erməni olduğunu bilmədi?

- Xeyr.

- Sülh Platforması həmin ziyarət barədə informasiya yaydı. Hansı reaksiyalar oldu?

- Sosial şəbəkələrdə ikiqütblü yanaşma var. Dəstəkləyənlərlə yanaşı neqativ mövqe sərgiləyənlər də oldu. Biz buna hazır idik.

- Ümumiyyətlə, Sülh Platformasına qoşulma proseduru necədir, bir çox ölkələrin nüfuzlu ictimai xadimləri də dəstəyini ifadə edir. Onlara müraciətlər göndərirsiniz, yoxsa?

- Birincisi, sosial şəbəkələrdə yayım və reklam aparırıq, bunun vasitəsilə müraciətlər gəlir. Eyni zamanda digər ölkələrin QHT-ləri olan partnyorlarımız var. Şəxsi əlaqələr hesabına münasibət qurduğumuz ayrı-ayrı təşkilatların nümayəndələrinə, beynəlxalq qurumların bizə təqdim etdiyi şəxslərə mövqeyimizi çatdırırıq və dəstək məqsədilə platformaya qoşulurlar.

- Sülh Platformasına qoşulanlara təzyiqlər olur?

- Olur və bunu təbii qarşılamaq lazımdır. Əlimizdə bununla bağlı həddən artıq fakt var. Bu faktların yayılması ilə Ermənistan cəmiyyətində digər şəxslərin Platformaya qoşulmaqdan çəkinməsini istəmirik. Ona görə də onları açıqlamırıq. Sülh Platforması yaranandan Qarabağda yaşayan Lusine Nersisyan özü Sülh Platformansını dəstəklədiyini bəyan etmişdi. Qondarma “DQR”in xüsusi xidmət orqanları tərəfindən tutuldu və bir gün qapalı şəraitdə saxlandı. Təzyiqlə qarşılaşdığı üçün çıxandan sonra sözlərini danaraq geri çəkildi. İkinci faktlardan biri təsisçimiz Vahan Martirosyan idi ki, açıq-aşkar video yayımı da etmişdi. Bakıda, Ukraynada olanda çağırışları vardı, sülhün vacibliyi barədə dəfələrlə bəyanat vermişdi. Qəfildən mayın 27-də fikrini dəyişdi. Halbuki, biz bir neçə gün öncə onunla internet vasitəsilə danışarkən, yeni təşəbbülərlə çıxış edirdi. Təbii ki, onun şəxsən özünə və ailəsinə qarşı təhlükənin yarandığını hiss etdik. Bu səbəbdən biz onu anlayırıq. Başa düşürük ki, sülh istəməyən qüvvələr Ermənistan tərəfinə daha çox təzyiq edir. Onlar işğalçı siyasətə havadarlıq edən qüvvələrdir. Qonşu xalqlarn sülh içərisində birgə inkişaf etməsini, regionun sülh və təhlükəsizlik içərisində irəliləməsini istəmirlər. Onlar Cənubi Qafqaz regionunda hər zaman münaqişə olmasında maraqlıdırlar.

- Azərbaycanda Sülh Platformasına münasibət necədir?

- Aydın məsələdir ki, Azərbaycan cəmiyyəti 1992-94-cü illərdə torpaq itirmiş tərəfdir, ərazisinin 20- faizi işğal olunub, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Başadüşüləndir ki, Sülh Platforması haqda tanış olmayan insanlarda mənfi önyarğı olur. Biz prinsiplərimizi izah edəndə beynəlxalq hüququn təsdiq etdiyi normanı əsas götürdüyümüzü deyirik və münaqişənin çözüm variantını danışanda fikirləri dəyişir. Qonşu xalqlar heç yana köçəsi deyil. Əsrlər boyu münaqişlərəmiz də olub, amma sülh içində yaşamışıq. Bakıda və Azərbaycanın digər bölgələrində yaşaymış ermənilər də deyə bilər ki, bizdə millət fərqi olmayıb. İmperiyaların oyuncağı olan ermənilər Azərbaycan və digər qonşu xalqların torpaqlarında təxribatlar törədiblər. Amma bu hallar ümumi tarix kontekstində çox qısa zamanı əhatə edir. Buna görə də 70 illik Sovet və bundan əvvəlki birgə yaşayış dövründə biz daha çox sülh içərisində yaşamışıq. Bunu insanlara izah edəndə bizimlə razılaşırlar. Bu sadəcə zaman və səbr tələb edən məsələlərdir.

- Sülh Platformasına qoşulan nüfuzlu şəxslərdən biri xalq artisti, millət vəkili Zeynəb Xanlarovadır. Onun Platformaya qoşulması ajiotajla qarşılandı, ardınca Milli Məclisdə çıxışı ətrafında geniş müzakirələrə səbəb oldu. Sonradan Zeynəb xanımla təmaslar olubmu? Həmin situasiyaya, baş verənlərə aydınlıq gətirərdiniz...

- Zeynəb Xanlarova Ermənistanda sevilib-seçilən sənətkar olub. SSRİ, Ermənistan SSR və Azərbaycanın xalq artistləridir. Biz bu nöqteyi-nəzərdən Zeynəb xanımla təmas qurarkən buna işarə elədik ki, Zeynəb xanım Sülh Platformasına Ermənistan cəmiyyətindəki şəxsi nüfuzundan irəli gələrək dəstək olsun. O da dəstəyini ifadə elədi. Bir sıra KİV-lərdə, o cümlədən xaricdə yerləşən saytlarda “Ermənistan-Azərbaycan Sülh Platforması”nın prinsiplərini qeyd etmədən, ümumi kontekstdən çıxarılaraq Zeynəb Xanlarovanın Sülh Platformasına qoşulmasını qabartdılar. Bəzi sosial şəbəkə istifadəçiləri də bu informasiyanı araşdırmadan ona qarşı tənqidlər səsləndirdi. Anlaşılan məsələdir ki, bu təzyiqə, bu tənqidləri susdurmaq üçün Zeynəb xanım Milli Məclisdə məlum çıxışı etdi. Bu çıxışa rəğmən o, Sülh Platformasının üzvü olaraq qalır.


Müəllif: Nərgiz Ehlamqızı