12 Avqust 2017 15:07
2 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 50 illik yubileyini qeyd edən BAXCP-nin sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli Teleqraf.com-un suallarını cavablandırıb.

- Elçin bəy, 50 yaşın əhval-ruhiyyəsi necədir?

- Əhval-ruhiyyəm əladır. Dostlarım, ətrafımda olan və mənim yanında olduğum insanların sevgisini görmək, qayğısını hiss etmək, yüksək dəyər almaq çox gözəl hisdir. Hər kəsə belə hislər arzulayıram.

50 yaş əslində insanın özü üçün sınaq müddətidir. Haqqımda yazılanlar, uzun illər boyu tanıdığım insanların öz fikirlərini ifadə eləməsi və şəxsiyyətim haqda söylədikləri əslində məni sevindirir. Deməli, gözəl həyat yaşamışam, xoşbəxt olmaq üçün bütün zəmin var. Bu ömür yolu ilə qürur duymaq olar.

Mən həm ömür yolumla, həm də bu ömür yolumda birlikdə addımladığım hər kəslə, bütün ləyaqətli insanlarla, dəyərli dostlarımla qürur duyuram, onların hər birinə sizin vasitənizlə ayrıca təşəkkür edirəm.

- Doğum gününüzü necə keçirəcəksiniz, ailənizlə xudmani məclisdə, ya təmtəraqlı?..

- Ad günü tədbirləri dünəndən başlayıb, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında qeyd eləmişik. Dostlarla, qonşularla keçirdik, ailə üzvlərimlə keçirəcəyik, yəqin sonradan bir neçə tədbir planlaşdırılır. Sürprizlər çox olub, hələ davam edir, sözün doğrusu, sürprizlərin hara gedəcəyini bilmirəm.

- Bəlli yaş periodunda müxtəlif ruh halı olur. Müsahibələrinizdə 39, 45 yaşlarda depressiyaya düşdüyünüzü demişiniz. 50 yaşdakı ovqat, deyəsən, fərqlidir...

- Düzü, depressiya çox ağır ifadədir, depressiya yaşamamışam. Sadəcə, bir az poetik ovqat ola bilər... 50 yaşın öz gözəlliyi var. Yaşı qəbul edirəm, eyni zamanda bu yaşın içində də özümü müdrik və gənc hiss edirəm.

- Deməli, yaş sizi qorxutmur...

- Qətiyyən qorxutmur. Niyə qorxutsun ki?!

- Doğum günündə bir çox insanlar özü üçün hesabat verir. Özünüzdən razı qalmısınızmı, bundan sonra üçün nələrdir arzularınız?

- Bütün keçilən yollarda yanlışlıqlar da, doğrular da olur. Mənim doğrularımın sayı dəfələrlə çoxdur. Yanlışları da görürəm və onlardan asılı qalmıram. Keçmişimlə həmişə qürur duymuşam, bu gün də qürur duyuram. İnsan keçmişi ilə barışmağı bacarmalıdır. Dünən nə olubsa, onu həqiqət olaraq qəbul etməli və sağlam düşüncə ilə gələcəyə irəliləməyi bacarmalıdır.

Keçmişimdə mənə, ailəmə, doğmalarıma, dostlarıma narahatlıq gətirəcək hər hansı bir hadisə yoxdur. Bu günə qədər prinsiplərimə, dostlarıma sadiq qalmışam, mənə arxa çevirməyən kimsəyə arxaya çevirməmişəm. Çalışmışam ki, gücüm çatdığı qədər dostlarımın yanında olum, Vətənimə xidmət edim.

Onu da qeyd edim ki, mənim öz qənaətlərim var. Heç bir ideya, ideologiya məni yönəldə bilməz. Öz qənaətlərimə uyğun olaraq millətimə, dövlətimə xidmət edirəm və bu qənaətlər mənim üçün doğrudur.

- BAXCP-nin təmsilçisiniz, tez-tez dünya və bölgədəki proseslərlə bağlı siyasi şərhlərinizi oxuyuruq. Siyasət, yoxsa ədəbiyyat Elçin Mirzəbəyliyə bir köynək daha yaxındır?

- Vallah, bir-birindən ayırmıram. Onlar ayrı-ayrı köynəklərdir. Günün böyük, bəzən də həftənin əhəmiyyətli hissəsində siyasi köynəkdəyəm, ədəbi köynəkdə isə poetik ovqata köklənəndə oluram. Ona görə də hər ikisi prinsip etibarilə doğmadır və dəyərlərini bilirəm.

- Olubmu ki, hansısa siyasətçiyə şeir həsr edəsiniz?

- Dostlarıma şeir həsr etmişəm, onların peşəsi mənim üçün vacib olmayıb.

- Vətən dərdi çəkən xoşbəxt adam kimi xarakterizə olunursunuz. Hərəkat dövründə Azadlıq marşı yazmısınız, bu gün üçün Qarabağ və ya Vətənlə bağlı marş yazmaq barədə düşünürsünüz?

- Bir neçə marş yazmışam. Təkcə Azadlıq marşı deyil, Azərbaycanda populyarı və ən ilkini odur. Azadlıq marşısa ölkənin müstəqilliyindən öncə yazılmış, Milli Azadlıq Hərəkatının marşıdır. Sonrakı proseslərdə daha iki marş yazmışam. “Kabus qatar” şeirim, məncə, Qarabağ mövzusunda bütün düşüncələrimi ifadə edir və daha artığını, ifratını xoşlamıram. Marşın da öz yeri var, ancaq mənə elə gəlir ki, Qarabağla bağlı hansı işləri görmək mümkündürsə, praktik mənada etmək lazımdır. Poetik nümunələrin bu məsələdə bir o qədər mühüm rol oynayacağını düşünmürəm.

- Şeirlərinizə mahnılar bəstələnir. Məşhur “Ürəyim yanar” mahnısının müəllifi olduğunuzu söyləyəndə feysbuk dostlarınızın bir çoxu təəccüblənmişdi. Yazdıqlarınız şeir, yoxsa mahnı formasında sizə daha doğma gəlir?

- Əgər şeirim “Ürəyim yanar” kimi gözəl mahnıya çevrilirsə, təbii ki, həm şeir, həm də mahnı formasında xoşuma gəlir.

Adətən, musiqi üzərinə mətn yazmıram. Düzdür, bununla bağlı müraciətlər olub, əvvəllər bir neçə dostuma dəstək verməyə çalışmışam. Əgər mətnə musiqi yazılırsa, şeirin poetikası orada yer alır. Yəni şeirin də özünün bir ahəngi var və ortalığa o ahəngin diqtə elədiyi musiqi çıxır, sənin üçün daha dolğun olur. Bəstəkarla şairin enerjisi, düşüncəsi birləşir və vahid əsərə çevrilir. Yaxşı mahnıları sevirəm, fərqi yoxdur, onun müəlliflərindən biri mənəm, yoxsa yox.

- Bəzən insanlar özünü hansısa titul və ya ada layiq bilirlər, müəyyən yaşdan sonra bununla bağlı gözləntiləri olur. Sizin xalq şairi adı almaq arzunuz olubmu?

- Yox, bununla bağlı heç bir arzum və gözləntim yoxdur. İnsanın adı, şəxsiyyəti, tutduğu mövqe, xalqına, dövlətinə verdikləri onun yerini müəyyənləşdirir. Əgər dövlət buna görə həmin şəxsə dəyər verirsə, qiymətləndirirsə, çox sağ olsun, mənə də yetərincə dəyər verilib, qiymətləndirilmişəm. Canımız qədər sevdiyim dövlət həmişə mənə diqqətlə yanaşıb və bundan sonra da diqqətlə yanaşacaq. Amma bu, mənim arzu və istəklərimə bağlı məsələ deyil. Digər tərəfdən, mən özümü xalq şairi statusunda görmürəm.

- Maraqlıdır, niyə?

- Fəaliyyətim bir az çoxşaxəlidir, təkcə ədəbiyyata bağlı adam deyiləm, o aspektdən bu cür düşünürəm. Yaxşı şair olmaq və ya sevilmək üçün xalq şairi adı almaq vacib deyil. Ad məsələlərinə spesifik münasibətim var, amma təbii ki, dövlətin qiymətləndirməsinə böyük sayğı ilə yanaşıram.

- Gənclərdən, cavanlardan kimləri oxuyursunuz?

- Sözün doğrusu, ad çəkmək istəmirəm. Sayları o qədər çoxdur ki, kimisə unutsam, inciyər və ya ədalətsiz ola bilərəm. Ola bilsin, daha üstün və sevdiyim gənc yazar yadımdan çıxsın, haqsızlıq edim. Ədəbiyyatda gənclərimizin imzalarını, yaradıcılıqlarını mətbuatdan, sosial şəbəkələrdən, internet resurslarından diqqətlə izləyirəm.

Azərbaycan ədəbiyyatının gənclərimizin timsalında böyük inkişaf mərhələsi keçdiyini düşünürəm. Gəncliyə böyük ümidim var və hesab edirəm ki, Azərbaycan gəncliyi ölkəmizə Nobel mükafatını gətirəcək.


Müəllif: Nərgiz