13 Avqust 14:11
312

Moskvada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan “Dostluq Evi”nə gəliblər.

Burada onlar müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.

“Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.


Müəllif: Nərgiz