14 Avqust 2017 15:06
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yolda tez-tez qəza baş verməsinə mühüm səbəb sürət həddinin yüksək olmasıdır.

Bunu Teleqraf.com-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, hava limanına gedən yolda və digər yerlərdə baş verən yol qəzalarını ümumi səbəblər birləşdirir: “Sürücü və piyadalar qaydalara riayət etmirlər. Həmin yol çoxzolaqlıdır. Eyni istiqamətdə hər iki tərəfə beş zolaq var. Ümumilikdə 10 hərəkət zolağı var ki, həmin yerdə avtomobillər üçün 100, 110 bəzi yerlərdə 120 km/s sürət verilir.

“Yol nəqliyyat haqqında” qanunun infrastruktura dair tələblərində belə bir müddəa yer alır ki, hərəkət təşkil olunarkən, yollar yenidən qurularkən hərəkətin bütün iştirakçıları nəzərdə alınmalıdır. Bu yolda isə piyadalar nəzərə alınmayıb”.

Ərşad Hüseynov bildirib ki, qəzaların qarşısını almaq üçün yol piyada keçidləri ilə təmin olunmalıdır:

“Yolda yerüstü və yeraltı piyada keçidləri tikilməlidir. Çünki zolaqlı yerdə piyada keçə bilməz. Onları maşın vuracaq. Adı çəkilən yolda yüksək sürət olduğu üçün qəzalar çox olur. Həmin sürət hava limanına gedən yola uyğun deyil“.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də hesab edir ki, hava limanına gedən yolda qəzalara səbəb sürücülərin hərəkət zolağına uyğun sürətləri tənzimləməməsidir:

“Qəzaların səbəbi piyadaların yerüstü piyada keçidlərinin yanından yolun hərəkət hissəsinə çıxmaqla keçməsi, sürücülərin hərəkət zolağına uyğun sürətlərini tənzimləməməsidir. Piyada keçidlərinin arasında məsafələrin uzaq olması Bakı Nəqliyyat Agentliyinə aid deyil. Keçidləri agentlik quraşdırmayıb”.

Mais Ağayev qeyd edib ki, agentlik ümumilikdə bütün yollarda, o cümlədən hava limanına gedən yolda da piyada keçidləri və dayanacaqlar ilə bağlı mütəmadi təhlillər aparır:

“Hər hansı bir uyğunsuzluq və çatışmazlığın aradan qaldırılması istiqamətində işlər görülür”.


Müəllif: İlhamə Əbülfət