23 İyul 2014 10:15
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç aydan sonra Rusiya birdəfəlik qış vaxtına keçir. Bu barədə Rusiyanın birinci kanalı ORT məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 26-da Kreml saatına sonuncu dəfə müdaxilə olunacaq. Həmin gün gecə saat 02:00-da ölkədə sonuncu dəfə saatları bir saat geri çəkiləcək və bununla da Rusiya birdəfəlik eyni saat rejiminə keçəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiyanın Dövlət Duması ölkənin “qış vaxtına” keçməsini təsdiqləyən qanun layihəsini yekdilliklə qəbul etdiyindən sonra qərar verib.

Buna səbəb kimi rusların saat dəyişərkən stress yaşadıqları göstərilir. Araşdırmalara görə, Rusiyada saat dəyişilən dövrlərdə intiharların sayı kəskin şəkildə artır.

Qeyd edək ki, Azərbaycanda da saatların qış və yay vaxtına keçilməsi illərdir müzakirə olunan məsələdir. Qonşu ölkədə verilən müvafiq qərarın bizə də təsiri olub-olmayacağını öyrənmək üçün Nazirlər Kabinetnin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət etdik. “Biz nəyə görə Putinin etdiklərini təkrar etməliyik? İllərdir bu saat məsələsi müzakirə olunur. Bu məsələni russevərlər, Rusiyapərəst qüvvələr, Azərbaycanın müstəqilliyini sevməyənlər atır ortalığa. Ümumiyyətlə, bu mövzunu gündəmə gətirənləri qınayıram, onlar müstəqilliyimizə hörmət etməyənlərdir” - deyə qurum sözçüsü sualımızı bu cür cavablandırdı.

Naibə QURBANOVA


Müəllif: