17 Avqust 2017 16:39
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniya və Monteneqro prezidentlərinin, həmçinin, Latviya, Ukrayna, Albaniya, Andorra, Bosniya və Herseqovina respublikalarının sabiq prezident və baş nazirlərinin övladları avqustun 21-24-də Bakıda keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur.

Foruma dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir. Bundan başqa, foruma bəzi ölkələrin sabiq hökümət rəhbərləri, nüfuzlu ictimai xadimlər, iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonağın da dəvət olunması planlaşdırılır.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin, liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək.


Müəllif: Səxavət