20 Avqust 2017 16:54
3 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Molla Əhməd, Nəbibəyli Bəhram, Cabbar bəyin mübarizəsi

1920-ci ildə Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal edildikdən sonra ölkə ərazisində soyğunçuluq, talançılıq, qətliam, güllələnmə kimi hadisələrə start verildi. Bolşeviklər bir tərəfdən millətin ziyalılarını, siyasətçilərini, hərbçilərini güllələyir, digər tərəfdən bölgələrə təyin etdiyi adamlar vasitəsilə xalqın milli müqavimət əzmini qırmağa çalışırdılar. Təbii ki, yenicə azadlığı dadmış xalq bu cür zülmə asanlıqla baş əyməyəcək, mübarizə aparacaqdı. Belə də oldu.

Azərbaycanda 1920-ci ildən 1937-ci ilə qədər kəndli üsyanları kimi də tarixə keçən milli müqavimət hərəkatı başladı.

Sovet dönəmində bu üsyanlar müxtəlif romanlarda, filmlərdə fərqli rakurslardan təqdim edilsə də, bu haqda demək olar ki, danışılmayıb. Müstəqillik illərində isə üsyanın aktiv olduğu bəzi bölgələrdəki hadisələr barədə kitablar, məqalələr yazılıb. Amma yenə də 17 il davam edən bu mübarizə barədə sistemli tədqiqatlara ehtiyac var.

Azərbaycandakı kəndli üsyanları mühacirət mətbuatında da önəmli yer tutub. Xüsusən, “Bildiriş” qəzetinin əksər sayında hərəkat və onun liderləri haqqında müntəzəm məlumat verilib, mühacir Mirzəbala Məhəmmədzadə “Azərbaycanda kəndli hərəkatı” adlı silsilə məqalələr yazıb.

“Bildiriş” M.Məhəmmədzadənin redaktorluğu ilə İstanbulda Azərbaycan mühacirlərinin çıxardıqları həftəlik siyasi qəzet olub. 1930-cu ilin 7 avqustunda nəşr olunmağa başlayan bu qəzetin ilk sayının imtiyaz sahibi Abbasqulu Kazımzadə, məsul müdiri Kamal olub. Qəzet həftədə bir dəfə cümə axşamı dörd səhifədən ibarət olaraq nəşr olunub. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixində çap edilib.

Əlimizdə bu qəzetin bütün sayları mövcuddur və bu gündən etibarən Azərbaycandakı kəndli hərəkatları ilə bağlı silsilə yazılar təqdim edəcəyik. Əlbəttə, “Bildiriş”dəki yazılarda subyektivlik, yanlışlıqlar mümkündür. Çünki hələ ilk gündən dəmir pərdəyə çevrilən Sovet imperiyasından məlumat almaq heç də asan deyildi. Ona görə də bizim məqsədimiz hərəkatın mahiyyətinə anlamaq üçün edilən cəhdlərdir.

***

Naxçıvan partizanları: “On ildir ki, bizi aldadırsınız!”

Qəzetin ilk sayında verilən kiçik xəbərdən öyrənirik: “Qarabağın Zəngəzur bölgəsində Hüseyn bəyin idarə etdiyi partizanlar qırmızı ordu hissələrini məğlub və pərişan edərək silahlarını alıblar. Naxçıvan yaxınlığında Tuxarekinin komandanlığında qırmızı rus əsgərləri üsyançılara hücum etsələr də, qırmızı əsgərlərin bir qismi üsyançıların tərəfinə keçdiyinə görə, qaçmağa məcbur olublar. Üsyançıların əlinə top, metralyoz, külli miqdarda silah keçib”.

Qəzetin 14 avqust 1930-cu il tarixli ikinci sayında verilən xəbərdə deyilir: “Azərbaycanın Şəki, Qarabağ və Gəncə vilayətlərində iyul ayı ərzində 700-ə qədər kəndli həbs edilib. Onlar kəndlərdə kollektivləşdirməyə mane olmaqda ittiham edilirlər”.

Yenə qəzetin bu sayından öyrənirik ki, Borçalı və Qazaxdan 150-yə qədər türk kəndlisi Qarsa mühacirət edib, bu zaman rus əsgərləri ilə qanlı qarşıdurma baş verib.

Qəzetin 21 avqust 1930-cu il tarixli 3-cü sayında verilən məlumata görə, Muğan, Lənkəran və Quba vilayətlərində yenidən kəndli üsyanları baş verib: “Üsyana səbəb kommunist hökumətinin kəndlilərin ərzağını zorla əllərindən almaları və kəndliləri səfalətə məhkum etmələri olub”.

Bu sayda olan digər önəmli xəbər Naxçıvan partizanlarının əyalət komissarı Bahadır Vəlibəyova verdiyi cavabla bağlıdır. Belə ki, üsyanı yatırmaq istəyən komissar partizanların rəisi Xəlil bəy və nümayəndələrlə görüşür, onlardan soruşur: “Nə üçün dağlara çıxıbsınız. Nədən razı deyilsiniz? Qanunlarımızın hansı sizin xoşunuza gəlmir? Söyləyin, biz qanunu dəyişək, hökumətə təslim olun, istədiyinizi edək”. Partizanların nümayəndəsi buna cavab olaraq deyir: “Bu, imkansızdır, biz artıq Sovet hökumətinə etimad etmirik. On ildir ki, bizi aldadırsınız, artıq bəsdir. Sizin qanunlarınızı çox yaxşı bilirik. Qanunsuzluqdan başqa bir şey deyil. Müzakirə başlamaq istəyirsinizsə, hər şeydən əvvəl həbsxanalara doldurduğunuz kəndliləri azad etməlisiniz”.

İranın çirkin addımı

4 sentyabr 1930-cu ildə çap olunan 5-ci sayda verilən məlumata görə, Azərbaycan, Gürcüstan və Şimali Qafqaz partizanları Zaqatala dağlarında toplanaraq bolşevizmə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlib, bərabər hərəkət etməklə bağlı plan qəbul ediblər. Eyni xəbərdə deyilir ki, Kürdəmir stansiyası yaxınlığında partizanlar əsgər aparan qatarı saxlayaraq bir çox qırmızı ordu əsgərlərini və kommunistləri öldürüblər. Həmçinin bir qrup partizan həbsxanaya hücum edərək 300 məhbusu azad ediblər.

Qəzetin bu sayında bolşeviklərin zülmünə məruz qalan kəndlilərin İrana qaçmaları və orada yenidən zülmə məruz qalmalarından da bəhs edilir: “Aldığımız məlumata görə, Qafqaz Azərbaycanında davam edən hadisələr nəticəsində İrana qaçan Azərbaycan qaçqınları son dərəcə ağır və pərişan vəziyyətdədirlər. Əksəriyyəti kəndli olan minlərlə möhtac mühacir aclıqdan ölümə məhkum olublar. Onlara kömək edəcək heç bir təşkilat və qurum olmadığı üçün müxtəlif xəstəliklərdən qırılmaqdadırlar. Mahmud xan Əfşar və İran mətbuatı “ermənilərlə qan və irq qardaşlığından” hərarətlə bəhs etdikləri halda, Ərdəbil, Qaradağ, Maku və Təbrizdə aclığa məhkum olan azəri qaçqınlar həbs edilərək zindana atılırlar”.

Qəzetin 1930-cu il 11 sentyabr tarixli 6-cı sayı “Kəndlilər qalib gəldi” başlığı ilə çap olunub. Xəbərdə deyilir ki, ərzaq məsələsində Sovet hökuməti məğlub oldu: “Kəndlidən ərzaq toplanması üçün əvvəlcədən tərtib olunmuş plan puç oldu. Kəndli məhsulunu vermədi və kommunist diktaturasını bütün gücünü səfərbər edib kəndli üzərinə göndərsə də, silahsız kəndlilər bu açıq iqtisadi mücadilədən qalib çıxdı”.

Yenə bu sayda kəndli üsyanları haqqında belə məlumat verilir: “Şahtaxtı ilə Ordubad arasında üsyançılarla qırmızı ordu əsgərləri arasında qanlı mübarizə davam etdiyi üçün Culfa-Naxçıvan-İrəvan dəmir yolu xətti çox vaxt işləmir. Gəncə ilə Bakı arasındakı qatarları əsgərlər müşayiət edir. Kommunistlər qəzalara getməkdən imtina edirlər. Bir çox məmur qəzalarda işlərini buraxıb qaçıblar.

Qəzetin 7-ci sayından isə öyrənirik ki, Muğan, Lənkəran, Şirvan, Gəncədə kəndlilərdən ərzaq toplanılmasına qarşı etiraz olub. Kəndlilər ərzaq arabalarına hücum edərək mallarını geri alıblar.

Müseyib bəyə qoşulan ermənilər

Qəzetin 9-cu sayında verilən xəbərdən aydın olur ki, kəndli üsyanları geniş vüsət alıb: “Qarabağ vilayətində üsyançıların üzərinə göndərilən 600 nəfərlik rus qoşunu Cəbrayıl qəzasının Serik məhəlləsində üsyançılar tərəfindən məhv ediliblər. Gəncə vilayətinin Samux meşələrində toplanan partizanların başına Ramazan oğlu Rüstəm bəy keçib... Sarı Yaylaq dağlarında olan partizanları Cabbar adlı sabiq milli ordunun zabitlərindən biri idarə edir... Ermənilərlə türklərin qarışıq olduğu yerlərdə ermənilər və türklər ruslara qarşı vahid cəbhə təşkil ediblər. Məsələn, Müseyib bəyin partizan dəstəsində 80 erməni var”.

Bəhram Nəbibəyli və İsa xanın şəhadəti

Qəzetin 1930-cu ildə çap olunan 12-ci sayında üsyanların liderlərindən də bəhs edilir: “Gəncəbasarda Molla Əhmədin partizan dəstəsi başda Gəncə siyasi bürosunun rəisi Əliyev olmaqla Gəncədən-Zəyəmə gedən 8 vəzifəli kommunisti öldürüblər. Cəbrayıl qəzasında sabiq milli ordu zabitlərindən Cabbar bəyin komandanlığında 70 partizan hərəkət edir. Ağdam qəzasında göytəpəli Ağa Mirfəttahın 400 nəfərlik dəstəsi var. Şəki partizanlarını idarə edən zabitlərimizdən Nəbibəyli Bəhram bəy şəhid olub. Hərəkatı zabit İsmayıl əfəndi və qəssab Hüseyn əfəndi idarə edir. Qazax-Borçalı partizanlarının rəisi İsa xan sentyabrın sonunda bir hiylə nəticəsində şəhid olub... Son hadisələr nəticəsində Azərbaycandan Türkiyəyə mühacirət edənlərin sayı çoxalıb. Sentyabrın 20-də İrana 200-dən çox azəri kəndlisi keçib. Onlar ailələri, uşaqları ilə birgə keçiblər. Arazın ətrafında 600-700 nəfərlik qafilə o tərəfə keçmək üçün fürsət gözləyirlər”.

Qəzetin bu sayında üsyanları yatırtmaq üçün Rusiyadan yeni qüvvələrin gətirildiyi xəbəri də var: “50 nəfərlik partizan dəstəsinin üstünə 2000 nəfərlik rus əsgəri göndərilir. Partizanların qadınlarını, qızlarını, uşaqlarını da ələ keçirir, namuslarına təcavüz edir, öldürürlər”.

İngilis qadının gördükləri

Qəzetin bu sayında bir ingilis qadının gördüklərinə də yer verilib: “Türküstan və İranı dolaşaraq İngiltərəyə dönən və “Deyli Teleqraf” qəzetinə səyahət müşahidələrini yazan bir ingilis xanım məqaləsində deyir: “Bu səyahətlərdə çox zəhmət çəkdim. Fəqət Rusiyadan qaçan mühacirlərin boğulmaq təhlükəsini nəzərə almadan yüzlərcəsinin özlərini Araz çayına ataraq İrana keçmələrinin qorxunc mənzərəsi məni ciddi şəkildə qorxutdu””. Xəbərin sonunda qəzet belə bir qeyd verib: “Araz İranla Qafqaz Azərbaycanı arasında yerləşdiyi üçün ingilis xanımın gördüyü zavallı mühacir qafiləsi Sovet cəhənnəmindən qaçan azəri türklərdir”.

Davamı var...


Müəllif: Dilqəm Əhməd