21 Avqust 21:18
1 967

Əvvəli burada

http://teleqraf.com/news/toplum/146243.html

Qəzetin 1930-cu ildə çap olunan 13-cü sayında üsyançıların Kür çayı üzərindəki körpünü partlatmalarından bəhs edilir:

“... Qarabağda bir həftə davam edən qarşıdurma nəticəsində qırmızılar çəkilməyə məcbur olublar. Bolşeviklərin verdikləri məlumata görə, Qarabağ qarşıdurmasında partizan rəislərindən Sultanov öldürülüb. Muğan çölündə partizan hərəkatı artmaqdadır... Üsyançılar Bakı-Culfa dəmir yolunu, Kür çayı üzərindən keçən körpünü partladıblar”.

Azərbaycan qadınlarının fədakarlığı

Yenə qəzetin bu sayından partizanlara dəstək olan azərbaycanlı qadınların fədakarlığı haqqında maraqlı bilgi oxuyuruq:

“Gəncə, Qarabağ, Şəki, Ağdaş, Göyçay və Muğan vilayətlərində hərəkət edən partizanlara ərzaq və cəbbəxana daşımaqda ittiham edilən 200-dən çox Azərbaycan qadını rus qırmızı ordu komandanlığı tərəfindən həbs edilərək Şimali Rusiyaya sürgün ediliblər. Sürgün edilən qadınlar arasında 16-17 yaşlı gənc qızlar, qoca və hamilə qadınlar da vardır”.

Qəzetin 14-cü sayında partizan hərəkatlarının Tovuz və Zaqatala dağlarında, həmçinin Samuxda şiddətləndiyi bildirilir:

“Ruslar qışa ümid edirlər. Bu məqsədlə dağ keçidlərinə ordu, silah, külli miqdarda cəbbəxana yığıb gözləyir, partizanların yolunu kəsməyə çalışırlar”.

İrəvan ÇEKA rəisinin öldürülməsi

Qəzetin 1930-cu ildə çap olunan 17-ci sayında Vedibasardakı partizanların başçısı Qənbərdən bəhs edilir:

“Tovuz dağlarında fəaliyyət göstərən partizan dəstəsinə qoşulanların sayı gündən-günə artmaqdadır. Vedibasarda Qənbər adlı biri tərəfindən idarə edilən partizan dəstəsi də müdhiş fəaliyyət göstərərək İrəvana gedən qatara hücum edib, qatarda olan bir neçə kommunisti, o cümlədən İrəvan ÇEKA rəisini öldürüblər”.

Qəzetin 19-cu sayında kəndlilərin kolxozlara hücum etmələri, kommunistləri və kollektivləşmə məmurlarını məhv etdikləri qeyd olunur: “Məhəmmədqasım bəyin başçılığı ilə 500, Əsəd Köhanın başçılığı ilə 300 nəfərdən ibarət Samux partizan dəstələri Sovetlərə qarşı mücadiləyə davam edirlər. Kür çayı sahilində Samux və Şəki partizanları Yevlax stansiyasına hücum edərək qırmızı ordu ilə qarşıdurmaya giriblər. Dəmiryoluna zərər dəydiyi üçün Bakı-Tiflis qatarı üç gün işləməyib”.

Sarı Qafarın cəsarəti

Qəzetin 20-ci sayında Təbriz müxbirinin verdiyi maraqlı məlumatla qarşılaşırıq:

“... Gəncə ətrafında fəaliyyət göstərən, hər kəs tərəfindən tanınan Sarı Qafarın dəstəsi açıq hücumlar etməkdədir. Sarı Qafarın dəstəsi Gəncənin Dağlıq Kabak kəndində cəsarəti ilə tanınan Pirverdinin və Göyçə qəzasının partizan rəislərindən Qurbanın dəstəsi ilə birləşdikdən sonra yüzdən çox üzvə malik olub. Gəncənin aran və dağ kəndlərində kommunistlərə, komsomollara və kolxoz təşkilatlarına hücum edən bu qrup Zağalıda kənd icraiyyəsi rəisi və iki kommunisti öldürüblər. Aran kəndlərində də Ziyadlı kolxoz rəisi onlar tərəfindən qətlə yetirilib. Sarı Qafarın qorxusundan kommunistlər, komsomollar, kolxoz məmurları və kolxoz təşkilatına mənsub olanlar kənddən kənara çıxa bilmirlər. Kəndlilər də Qafarın təhdidini bəhanə edərək kolxozlara getməkdən imtina edirlər. Aktiv fəaliyyətə davam edən partizan dəstələrindən biri də Molla Əhmədin (Hacı Axundun) dəstəsidir. Sovet hökuməti ona çox əhəmiyyət verdiyi üçün hərbi qüvvə göndərsə də, əsgərlər silahlarını buraxaraq qaçıblar. Hacı Axund hətta əsir aldığı rus əsgərlərini azad edib”.

Qəzetin bu sayından onu da öyrənirik ki, bolşeviklər mallarını hökumətə vermək istəməyən kəndliləri güllələyir, ən yaxşı halda isə həbs edirlər. Məsələn, Gəncənin Alıncalı kənd sakini Balabəy Əsgəroğlu 4 ton buğdasını vermədiyi üçün məhkəmə güllələnməsinə hökm verib. Digər iki kəndli isə il yarım müddətinə həbs edilib.

Xədicə xanımın həbsi

Qəzetin 1931-ci ildə çap olunan 23-cü sayında Cümhuriyyət dönəmində Gəncənin qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin yoldaşı Xədicə xanımın da həbs edildiyi bildirilir:

“Qazax ilə Gəncə arasında fəaliyyət göstərən partizan dəstələri Şəmkir, Zəyəm, Tovuz dəmiryolu körpülərini və yeni inşa edilən Bakı-Batum neft borusuna ziyan vurublar. Yenə eyni dəstə Zəyəm kooperativinə hücum edərək oradan 300-400 ayaqqabı və paltar götürüb mücahidlər arasında bölüblər. Bundan başqa Şəmkir qəzası Seyfəli kənd kooperativ rəisini qətlə yetiriblər... Partizan dəstələrinin aktiv fəaliyyəti ilə əlaqədar olaraq Gəncədə kütləvi həbslər başlayıb. Tutulanlar arasında şəhid Xudadat bəy Rəfibəylinin zövcəsi Xədicə xanım da vardır”.

Yandırılan 42 kəndli

“Bildiriş”in 1931-ci ildə çap olunan 25-ci sayı “Azərbaycanda bolşevik vəhşəti. Bolşeviklər 42 kəndlini necə yandırdılar? Səbəbsiz güllələnən kəndlilərdən bir neçəsinin adı” başlığı və yarımbaşlığı ilə nəşr olunub. Təbriz müxbirinin verdiyi xəbərdə yazılır:

“Son günlərdə bolşeviklər Qarabağ yaylaqlarında 42 kəndlini həbs ediblər. Onlar qaçaqlara, üsyançı kəndlilərə kömək etməkdə ittiham edilirdilər. Onların əllərini və gözlərini bağladıqdan sonra Bakı-Culfa dəmiryolu üzərindəki Koraviz stansiyası yaxınlığında iki quyuya salıb, yuxarıdan bir neçə dəfə atəş etdikdən sonra qaz yağı səpərək od vurublar. Qarabağ vilayətinin Cəbrayıl qəzasına bağlı Hacıkənddən Müzəffər, Alış, Əliş, Bahadur bəylər, Qaraxanbəyli kəndindən Emin, Əli bəylər, Halfeşe kəndindən Sarı xan və digərləri bolşeviklər tərəfindən güllələniblər. Azərbaycan qəzalarında kəndlinin silahını toplamaq üçün kommunistlərdən ibarət “beşlər” və “üçlər” adlanan heyətlər təşkil edilib. Bu heyət 5-10 ağsaqqalı cəlb edərək Qurana and içdirdikdən sonra onların vasitəsilə silah toplamağa başlayıblar. Silah verməyənlər də mühakimə edilib güllələndiyi kimi, verənlər də üsyanla əlaqəli hesab edilərək öldürülüblər. Buna görə də hər kənd azı 5 nəfər qurban verib. Naxçıvanın Keçili kəndində 17-si qadın olmaqla 70 kəndli qətlə yetirilib. Onlar ərzaq verməməkdə ittiham olunublar”.

Qəzetin yenə bu sayından öyrənirik ki, iki ay ərzində məhsulunu hökumətə vermək istəməyən 256 kəndli, 12 möhtəkir, 53 sovet məmuru həbs edilib. Onların bir qismi güllələnib, bir qismi isə həbs edilib.

Partizanların birləşməsi

Qəzetin 26-cı sayında isə partizan dəstələrinin birləşərək Gəncəni bolşeviklərdən təmizləmək istəmələri haqqında məlumat verilir:

“Gəncə ətrafında olan üsyançı kəndlilərin Samux, Gədəbəy, Tovuz və s. dəstələri və onlara köməyə gələn Qazax, Borçalı, Şəki, Zaqatala partizan dəstələri birləşərək 5000 nəfərlik güc ilə Gəncəyə hücum etməyə qərar veriblər. Kommunistlər arasında təşviş hökm sürür. Şəhərə Bakıdan və Tiflisdən hissə-hissə rus əsgərləri gətirilməkdə və türk əsgərləri uzaqlaşdırılmaqdadır. Gəncə kommunist firqəsi rəyasətinə təyin edilən Əliheydər Qarayevin səlahiyyətləri artırılıb”.

70 yaşlı partizan

Qəzetin 29-cu sayında Şəmkir ilə Zəyəm arasındakı Qanlı Qobu dərəsində ruslarla partizanlar arasında baş verən qarşıdurmadan bəhs edilir:

“6 gün davam edən qarşıdurmada ruslar külli miqdarda tələfat veriblər. Partizanlardan 7 nəfər həlak olub. Onların arasında Koruluh kəndindən 70 yaşlı Əbdüləli adında bir mücahid də vardır. Qarşıdurmada Hacı Əhmədin dəstəsi ilə birgə samuxlu Məhəmmədqasım və Ramazan oğlu Rüstəmin dəstələri də iştirak ediblər. Partizanları silah və fişənglə təchiz etmək ittihamı ilə Gəncədə bir çox adam həbs edilib”.

Qəzetin 30-cu sayında isə bu hadisənin davamı haqqında məlumat verilir: “Son Qanlı Qobu müharibəsində şəhid olan koruluhlu Əbdüləlinin cənazə mərasimində iştirak etdiyi zaman Zəyəm-Şəmkir partizan rəislərindən Ramazan oğlu Rüstəm qırmızı əsgərlər tərəfindən mühasirəyə düşüb. Bir gün atışmadan sonra bir neçə yerindən yaralansa da, çənbəri yarıb qurtula bilib”.

Partizanlarla mübarizədə bolşeviklər ən çirkin addımlara əl atırdılar. Qaçaqları ələ keçirə bilməyən əsgərlər qisası onların ailələrindən alırdılar. Qəzetdə verilən xəbərdən öyrənirik ki, partizan ailələrindən ibarət 172 nəfərlik qafilə Quba qəzasına sürgün edilib, acı-səfil vəziyyətdə saxlanılıblar.

Qəzetin 26 mart 1931-ci il tarixli 34-cü sayında Gəncə ətrafında anarxiyanın hökm sürdüyü bildirilir:

“Gəncə qəzası anarxiya içindədir. Qoca oğlu Həsən, Cəmşid, Nadir, Saleh, Əli, İsfəndiyar, Abidin və digərlərinin rəhbərlik etdiyi partizan dəstələri Gəncə qəzasının Ortakənd nahiyəsində Ağcaqala, Qasımbəyli, Səfikürdlü, Goran, Qızılhacılı, Gülüstan, Molla Vəlili, Qaraqoyunlu kəndlərinə hücum edərək kolxozları, kooperativləri dağıdaraq bir çox vəzifəli kommunisti öldürüblər. Ağdam qəzasında borsunlu Məhəmmədlə nəzirli Əşrəfin partizan dəstələri Mehdixanlı, Cinli və s. kəndlərin kommunist və sovet təşkilatlarına ziyan vurublar. Qarşıdurmada kommunist qrupları idarə edən erməni Balayev öldürülüb. Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarındakı partizanlar serikli Nəzər, zəngəzurlu Mirhəsən başda olmaqla rus ordusu ilə qarşıdurmaya giriblər. Savaş əsnasında gənc Əli Məhərrəm oğlu və Xanlar adlı iki partizan şəhid olub. Ruslardan 25 nəfər ölüb, 11 nəfər isə yaralanıb”.

P.S. Yazıda adı keçən bəzi kənd adlarının hansı kəndlər olduğunu müəyyənləşdirə bilmədiyimiz üçün qəzetdə təqdim edildiyi şəkildə saxlamışıq.

Davamı var...


Müəllif: Dilqəm Əhməd